Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyinin və baş konsulluğunun birgə təşkilatçılığı ilə səfirliyin inzibati binasında Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bayram tədbiri keçirilib.
Azərbaycan icmasının çoxsaylı üzvlərinin iştirak etdiyi tədbirdə əvvəlcə Prezident İlham Əliyevin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar dünya azərbaycanlılarına müraciətinin mətni oxunub.
Sonra çıxış edən səfir Daşqın Şikarov icma üzvlərinin bayram tədbirinə böyük həvəslə qatılmasının həmrəylik və birliyin təcəssümü olduğunu vurğulayıb. Həmrəylik Gününün dünyanın 70-dən çox ölkəsində yaşayan soydaşlarımız tərəfindən qeyd olunduğunu diqqətə çatdıran səfir bu günün Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrildiyini deyib. O, Həmrəylik Gününü hətta milliyyətcə azərbaycanlı olmayan, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələrinin də qeyd etdiklərini vurğulayıb. Eyni zamanda, azərbaycanlıların minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr verdikləri qeyd olunub.
Diplomat keçmiş Sovet İttifaqı illərində milli vəhdət, həmrəylik ideyalarının vahid ideologiya fonunda demək olar ki, yox səviyyəsində olduğunu bildirib, müstəqilliyimizi bərpa etməklə milli kimlik və şüur kimi önəmli dəyərləri qaytarmağı və möhkəmləndirməyi bacardığımızı qeyd edib və bu işdə ulu öndər Heydər Əliyevin böyük xidmətlər göstərdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Ümummilli Lider xaricdə yaşayan soydaşlarımızın maraqlarının müdafiəsinə, onların birliyinə böyük önəm verirdi. Bunun nəticəsidir ki, Ulu Öndər Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik etdiyi vaxtda dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edib, dünya azərbaycanlılarını qurultay şəklində vahid platformada birləşdirməyə nail olub.
Səfir Ümummilli Liderin siyasətini davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dünya azərbaycanlılarının birliyinə böyük əhəmiyyət verdiyini vurğulayıb. O, Prezidentin Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında 2008-ci ildə imzaladığı Fərmanı xatırladıb, bunun nəticəsi olaraq dövlət-dünya azərbaycanlıları bağlılığının gücləndiyini və bu mühüm əməkdaşlıq formatının Azərbaycanla bağlı fəaliyyət istiqamətlərində bu gün öz səmərəsini bariz şəkildə ortaya qoyduğunu bildirib.
Diplomat 1993-cü ildə Azərbaycan xalqının vahid səsi ilə dahi liderin hakimiyyətə qayıdışının və bu qayıdışının nəticəsi olaraq bu gün sabit, əmin-aman, müasir, dinamik inkişafda olan Azərbaycanda yaşamağımızın məhz sarsılmaz milli həmrəylik və birlik sayəsində mümkün olduğunu vurğulayıb. O, Ulu Öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kimi təsirli kəlamının dərin mənasının olduğunu deyib.
Baş konsul Pərviz İsmayılzadə müasir tariximizə milli-mənəvi bütövlük arzusunun təcəssümü kimi daxil olmuş 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün bəzən tarixin gedişi, bəzən də taleyin hökmü ilə dünyanın müxtəlif ölkələrində qərarlaşan soydaşlarımızın dil, əqidə və əməl birliyinin yaradılmasını ümummilli vəzifə kimi irəli sürdüyünü vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış gününün ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyduğunu qeyd edib.
Baş konsul məhz ulu öndər Heydər Əliyevin müdrik təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Qurultayının timsalında ümummilli məramları rəhbər tutan birgə əməkdaşlıq platformasının milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri olduğunu söyləyib.
Diplomat dövlət müstəqilliyimizlə yaşıd olan bu prosesin xalqımızın tarixi müqəddəratında köklü dəyişikliklərin baş verdiyi bir dövrdə vüsət aldığını deyib, Heydər Əliyev yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının bu gün Cənubi Qafqaz regionunda lider dövlətə və bütün dünya azərbaycanlılarının qürur yerinə çevrildiyini qeyd edib.
Baş konsul deyib ki, azərbaycançılıq amalının şüurlara və qəlblərə hakim kəsilməsinə yönəlmiş uzaqgörən dövlət siyasəti həyata keçirilir, xarici ölkələrdəki Azərbaycan icmaları ilə əlaqələr gücləndirilir. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi, xaricdə yaşayan həmvətənlərimizlə iş üzrə ayrıca dövlət qurumunun fəaliyyət göstərməsi diaspor təşkilatları ilə münasibətlərin dərinləşməsinə kömək göstərir. Bütün bunlar həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın mütəşəkkil qüvvə kimi formalaşmasına yol açır.
Çıxışların ardınca səfirliyin nəzdində fəaliyyət göstərən bazar günü məktəbinin şagirdləri və “Qarabağ inciləri” adlı rəqs dərnəyinin balaca üzvləri vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. Balaca rəqqaslar “Uzundərə” və “Sarı gəlin” rəqslərini ifa ediblər. Həmçinin ərəb dünyasında, xüsusən də Körfəz ölkələrində məşhur olan BƏƏ müğənnisi Hüseyn ƏI-Casminin repertuarından mahnının müşayiəti ilə rəqs ifa olunub.
Bayram tədbiri milli mətbəximizə aid nümunələrdən ibarət süfrə arxasında davam etdirilib.