Cümə , 26 Aprel 2024
Drone Cameras

“Ü.Hacıbəyli-130” musiqi albomunun təqdimatı olub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə görkəmli bəstəkarımız Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Üzeyir Hacıbəyli-130” musiqi albomunun təqdimatı keçirilib.

Akademiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq Artisti, professor Yeganə Axundova açaraq layihənin əhəmiyyətindən danışıb.

Bildirilib ki, diskdə ümumilikdə, 14 ifa yer alıb. Onlardan Üzeyir bəyin “Sevgili canan”, “Sənsiz”, “Cəngi”, “Çırpınırdın Qara dəniz” və “Arşın mal alan” operettasından seçmə əsərləri, bundan əlavə xalq mahnıları “Sarı gəlin”, “Evləri var xana-xana”, “Ay laçın”, “Qubanın ağ alması” və s. musiqilərimiz məharətlə səsləndirilib. Diskdə yer alan musiqilər Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbə və məzunlarının ifasında səsyazma studiyasında lentə alınıb. Diskin əsas özəlliklərindən biri də bəzi ifaların məhz milli musiqi alətlərimizdə (tar, kamança, balaban) lentə alınmasıdır ki, bu da diskin bir təbliğat vasitəsi kimi xüsusi əhəmiyyətinə diqqət çəkir. Diskin hazırlanmasında məqsəd Azərbaycan professional musiqisinin banisi Üzeyir Hacıbəylini dünya ictimaiyyətinə daha yaxından tanıtmaq, onun əsərləri və bəstəkarlıq məktəbini təbliğ etmək, xalq musiqimizi dünya səhnəsinə çıxarmaq, həmçinin milli musiqi alətlərimizin tanıdılması və diskdə yer alacaq istedadlı gənc musiqiçilərin stimullaşdırılmasıdır.

Musiqi albomunun giriş hissəsində Üzeyir bəy haqqında Azərbaycan və ingilis dillərində qısa informasiya verilir. Digər səhifələrdə isə dünya şöhrətli insanların Üzeyir Hacıbəyli haqqında söylədikləri dəyərli kəlamlar yer alıb. Albomun son səhifəsində isə Azərbaycan Respublikasının Dövlət Himninin sözləri və bir səsli not nümunəsi təqdim edilib. Layihənin rəhbəri Nicat Həsənzadə, musiqi rəhbəri Vüqar Hümbətovdur.

Daha sonra layihənin rəhbəri və layihənin musiqi rəhbəri çıxış edərək albom haqqında ətraflı məlumat veriblər.

Tədbir diskdə ifası yer alan gənclərin kiçik konsert proqramı ilə davam edib.

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir