Şənbə , 23 Noyabr 2024
Drone Cameras

“Dünya ictimaiyyətini, beynəlxalq təşkilatları 31 Mart soyqırımına lazımi siyasi-hüquqi qiymət verməyə çağırırıq” – BƏYANAT

“Gələcəkdə bu kimi halların təkrarlanmaması naminə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları Mart soyqırımına lazımi siyasi-hüquqi qiymət verməyə çağırırıq.

Boyukmillet.com xəbər verir ki, bu fikirlər Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qəbul etdiyi “31 Mart Soyqırımı bəyanatı”nda öz əksini tapıb.

Bildirilib ki, 31 mart, 1918-ci il ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür:

“105 il bundan öncə, 1918-ci ilin 30 mart – 3 aprel tarixində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb, xarabalığa çevrilib.

Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb. Mart hadisələri zamanı təkcə Şamaxının 75 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib. 1918-ci ilin mart qırğınları radikal millətçi ermənilərin azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasəti idi.
Mart soyqırımı aktının baş verdiyi tarixdən bir əsrdən artıq zaman keçməsinə baxmayaraq, o qanlı hadisələr unudulmayıb və xalqımızın qan yaddaşında silinməz izlər qoyub. 1998-ci il mart ayının 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman tarixi həqiqətlərin üzə çıxmasına təkan verən mühüm addım oldu, həmin dəhşətli hadisələrə siyasi qiymət verilərək, 31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Son dövrdə Qubada 1918-ci il hadisələri zamanı ermənilərin törətdikləri kütləvi insan qətllərini aşkarlayan faktlar üzə çıxarılıb. Tapılmış saysız-hesabsız insan sümükləri bu qırğınlar zamanı erməni vandalizmini təsdiqləyən əyani dəlillərdir. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” yaradılıb.

Hər il minlərlə insan bu məkanı ziyarət edərək qətlə yetirilmiş soydaşlarımızın əziz xatirəsini yad edir.

Beynəlxalq hüquqa əsasən, soyqırımı sülh və insanlıq əleyhinə yönəlmiş əməl olmaqla ən ağır cinayət hesab edilir. Təəssüflə bildiririk ki, ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da, bəşəriyyət əleyhinə olan bu cinayətlərə beynəlxalq təşkilatlar tərəfindən adekvat reaksiya verilməmiş və Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilib.

Biz Azərbaycan vətəndaş cəmiyyətinin üzvləri olaraq bir daha azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının əziz xatirəsini dərin hüznlə yad edir, insan hüquqlarının qorunması, qeyri-insani əməllərin törədilməməsi və gələcəkdə bu kimi halların təkrarlanmaması naminə dünya ictimaiyyətini, beynəlxalq təşkilatları bu soyqırımı aktına lazımi siyasi-hüquqi qiymət verməyə çağırırıq”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …