Cümə , 22 Noyabr 2024
Drone Cameras

Dünya Səhiyyə Təşkilatı rəhbərinin Azərbaycan Prezidentinə xüsusi məktubundan çıxan əsas nəticə – Azərbaycan ilk gündən koronavirusla mübarizədə düz yoldadır…

Xəbər verildiyi kimi, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Prezident İlham Əliyevə və digər ölkələrin liderlərinə səmimi məktub ünvanlayıb. ÜST Baş katibi məktubunda COVID-19 pandemiyasının təsirinin və miqyasının məhdudlaşdırılması istiqamətində Azərbaycan Prezidentinin yürütdüyü siyasəti və atılan addımları təqdir edir.

T.Qebreyesus beynəlxalq ictimaiyyətə müraciət edərək, bir sıra fundamental addımların həyata keçirilməsini xahiş edir. Bu addımlar sırasında dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi; ictimai toplantıların dayandırılması; test, izolyasiya və karantinin həyata keçirilməsi üçün dövlət qurumlarının yeni şəraitə uyğunlaşdırılması; səhiyyə qurumlarının və ön sırada olan işçilərin müvafiq resurslarla təmin edilməsi; əhaliyə bu xəstəliyin ciddiliyinin izah olunması; əl gigiyenası, öskürək etiketi və sosial məsafənin vacibliyinin izah edilməsi; bütün şübhəlilərin təcrid edilməsi; pandemiyadan ən çox zərər çəkmiş insanlara iqtisadi yardımın göstərilməsi; dövlətlər arasında həmrəyliyin gücləndirilməsi; yoluxma halları və nəzarət tədbirləri barədə ÜST ilə operativ şəkildə informasiyanın paylaşılması və digərləri yer alıb. ÜST Baş direktorunun tövsiyyələrinə diqqətlə nəzər saldıqda məlum olur ki, əslində bütün bunlar Azərbaycan Prezidentinin pandemiya ilə bağlı həyata keçirdiyi işlərdir. Azərbaycanın virus əleyhinə fəaliyyəti niyə bu qədər diqqət çəkicidir?

Samir Adıgözəlli: “Azərbaycanın bu sahədə gördüyü işlər digər ölkələr üçün örnək sayılmalıdır”

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Azərbaycan COVID-19-a qarşı mübarizədə ilk günlərdən ÜST ilə əməkdaşlıq edir: “Mən deyərdim ki, Azərbaycanın bu sahədə gördüyü işlər digər ölkələr üçün örnək sayılmalıdır. Məktubda öz əksini tapmış tövsiyələr aidiyyəti dövlət qurumları tərəfindən nəzərə alınır. Azərbaycan eyni zamanda qlobal həmrəylik nümayiş etdirərək, koronavirusa qarşı qlobal mübarizədə ÜST-ə könüllü maliyyə yardımı ayırıb. Məktubda təklif edilən addımların artıq uzun müddətdir Azərbaycanda tətbiq olunması bir daha koronavirusa qarşı ölkəmizdə aparılan mübarizənin düzgünlüyünü təsdiq edir. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Ölkədə məktəblər, uşaq bağçaları, ali məktəblər bağlanıb, məhdudlaşdırıcı qaydalar qüvvəyə minib, karantin rejimi tətbiq olunub. Xaricdən qayıdan çoxlu sayda insan karantinə alınıb. Pandemiyanın fəsadlarının aradan qaldırılması üçün Azərbaycan hökuməti çox sanballı sosial yardım paketləri təqdim edib. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycan dövlətinin siyasətinin kökündə əhaliyə göstərilən xidmət, onların sosial qayğıları və sağlamlığı ilə dərindən maraqlanmaq dayanır”. İSBAM sədrinin sözlərinə görə, ÜST bəzi məqamları da ciddi nəzərə almalıdır: “Bütün ölkələr bilməlidirlər ki, tövsiyələrə əməl etməməklə onlar yalnız özlərinə deyil, həm də bütün bəşəriyyətə ziyan vurmuş olurlar. Təəssüflə qeyd etməliyəm ki, pandemiyanın belə qaynar vaxtında Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikasında” saxta “seçkilər” keçirdi və ora hətta xaricdən müşahidəçilər də dəvət etdi. İstərdik ki, bəşəriyyəti təhdid altına alan Ermənistanın bu əməli ÜST tərəfindən kəskin tənqid olunsun. Bu detal mütləq mənada bundan sonrakı bənzər hesabatlara salınsın”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …