Cümə , 22 Noyabr 2024
Drone Cameras

Dərmanlar keyfiyyətsizdir, qiymətləri də od qiymətinə

Bexterev (tibbi adı -Ankilozlaşan Spondilit) xəstəliyindən əziyyət çəkənlər “Skafo” iynəsi baha olduğu üçün Türkiyədən sifariş verməli olur. Bunu boyukmillet.com-a açıqlamasında bu xəstəlikdən əziyyət çəkən Vüsal Əfəndi bildirib.

“2019-cu ildə Ankilozlaşan Spondilit xəstəliyi diaqnozu qoyuldu və bu günə kimi müalicə alıram. El arasında Bexterev kimi tanınan bu xəstəlik çox xərc tələb edən bir xəstəlikdir. Bu xəstəliyin müalicəsində mütəmadi olaraq, “sulfasalazin” dərmanı istifadə olunur ki, onun da bir qutusunun qiyməti 15 manatdır. Aya 3 qutu gedir. Ağrıkəsici dərmanlardan “arkoksi” var. Qiyməti 51 manatdır. Mədə qoruyucu kimi “lansil” qəbul edirsən onun da qiyməti təqribən 11 manatdır. Kəskin hallarda “qarmanalni” iynə və dərmanlar istifadə olunur. Ən bahalı iynə “Skafo”dur ki, onun qiyməti 600 manatdır.

Bu xəstəlikdən əziyyət çəkən insanlar ən yaxşı halda “Skafo” iynəsini 6 ay vurmalıdır. Ağır vəziyyətdə olan xəstələr var ki, bu iynəni illərlə vururlar. Ayda bir dəfə vurulan bir iynədir. Onu da qeyd edim ki, bu xəstəlik sağalmaz bir xəstəlik sayılır. Müalicələr sadəcə olaraq xəstəliyin irəliləməsinin qarşısını almaq üçün hər il mütəmadi olaraq edilməli olan profilaktik bir tədbirdir. Hələ bunun ildə azı iki dəfə müxtəlif tokları var. İki-üç aydan bir masajı var. Hər ay qaraciyərin, böyrəklərin və CRP-nin durumunu nəzarətdə saxlamaq üçün verilən qan analizləri var. İldə bir dəfə onurğa və çanağın MRT və rentgen müayinəsi tələb olunur”, – deyə o bildirib.

Vüsal Əfəndi xəstəliyin vurduğu əlavə zərərlər haqqında da danışıb.

“Bexterev” xəstəliyi çox ağır xroniki irəliləyən bir xəstəlikdir. Bexterev xəstəliyi zamanı onurğanın fəqərələri arasında olan oynaqları iltihablaşır və nəticədə fəqərələr biri-biri ilə bitişir. Bu zaman onurğanın hərəkətliliyini xeyli azalır. Ağır formalarda mütəmadi müalicə alınmadıqda onurğa praktik olaraq hərəkətsiz olur və xəstəni birinci qrup əlilliyə qədər gətirib çıxardır. Xəstəlik həmçinin daxili orqanlarda müxtəlif ağır pozulmalara səbəb olur – ürək-damar, böyrəklər, göz xəstəlikləri yaradır”, – deyə o əlavə edib.

Vüsal Əfəndi daha sonra bildirdi ki, dövlət xəstəxanası ilə müqayisədə özəl tibb müəssisələri xəstələrə daha həssas yanaşır. Onun sözlərinə görə, 2 il ərzində dövlət xəstəxanasında onu səhv müalicə etdiklərinə görə hazırda özəl xəstəxanalardan birində müalicə olunur.

“Dövlətdən bu xəstəlikdən əziyyət çəkən xəstələrə heç bir yardım edilmir. Dünyanın demək olar ki, hər bir yerində “Skafo” iynəsin bu xəstəlikdən əziyyət çəkən xəstələrə tam pulsuz verilir. Ən acınacaqlı olanı isə bizdə dərmanların od qiymətinə olmasıdır. Bu iynə ağrıları azaldan, ən vacib iynədir. Təsəvvür edə bilirsiz bizdə 600 manata olan “Skafo” iynəsi Türkiyədə 340 manatadır. Və ya bu ilə qədər “Enbrel” iynəsi vururdum. Bu iynə də 45 gündən bir mütəmadi vurulmalıdır. Onun bizdə qiyməti 150 manatdır. İranda isə 70 manatdır. “Sulfasalaz”in bizdə 15 manatdır. Bir aya 45 manat bu dərmana veririk. Bu dərman Moskvada 5 manatdır. Türkiyədə isə 4 manatdır. “Arkoks”i bizdə 51 manatdır. Moskvada isə 28 manatdır. Qiymətlər arasındakı fərq göz qabağındadır. Dövlət bu xəstəlikdən əziyyət çəkən xəstələrə köməklik edəcəksə birinci bu məsələyə baxmalıdır. Hələ bu qiymətə satılan dərmanların keyfiyyəti də o qədər ürək açan deyil. Mən bütün dərmanlarımı xaricdən gətirirəm. Gətirə bilmədiyim vaxtlarda buradan aldığım dərmanların xaricdən aldıqlarımdan nə qədər keyfiyyətsiz olduğunun dəfələrlə özüm şəxsən şahidi olmuşam. Dərmanlar keyfiyyətsizdir, qiymətləri də od qiymətinə. Dövlətin xəstəliklərdən əziyyət çəkən insanlara edəcəyi ən böyük yardım birinci növbədə dərmanların qiymət və keyfiyyətinə qonşu dövlətlərdəki qədər diqqət etməsi olacaq”, deyə o vurğuladı.

Mövzu ilə bağlı Elmi Tədqiqat Tibbi Bərpa İnstitunun revmatoloq-reablitoloqu, Gülzar Sadıqova boyukmillet.com-a açıqlamasında bildirdi ki, ölkədə bu xəstəlikdən əziyyət çəkən çox sayda şəxs var. Onun sözlərinə görə ötən illərə nisbətən xəstəliklə bağlı müraciətlərdə artım müşahidə edilib, xəstəliyin azalması üçün hər hansı bir səbəb isə yoxdur.

“Revmatik xəstəliklər qrupuna aid olub “Ankilozan spondilit” digər adı ilə “Bexterev” xəstəliyi kimi tanınır. Xəstəliyin aşkarlanması üçün pasientlər bir neçə müayinələrdən keçirlər. Əsasən, rentgen, MRT, qan təhlillərin müayinəsindən keçdikdən sonra diaqnoz qoyulur. 4 mərhələdən ibarət olan bir xəstəlikdir. Rentgen nəticələrinə uyğun olaraq xəstəliyin neçənci mərhələdə olduğu müəyyən olunur. Xəstəliyin yaranma səbəbləri elmə dəqiq məlum deyil. Müalicə metodlarında əsasən miorelaksantlar, vitamino-terapiyalar, “sulfasalazin” və “skafo” tətbiq olunur. “Skafo” tətbiqi çox uğurlu nəticələr verdi. Azərbaycana firma vasitəsilə, “Skafo” adı ilə gəlir, Türkiyədə fərqli adla satılır. “Skafo” iynəsi ölkədə baha qiymətə satıldığı üçün fərqli yollarla əldə edənlər də var. Xəstəlik aktiv olmadığı halda xəstəliyi fizioterapiya və masajlarla müalicə etmək də mümkündür”, – deyə o bildirdi.

Həkim Gülzar Sadıqovanın sözlərinə görə, effektsiz müalicə metodları sadəcə vaxt itkisidir.

“Təcrübəsiz nevropatoloq və terapevtlər tərəfindən müayinə, müalicə olunan bir çox “Bexterev” daşıyıcıları səhv yönləndirilir. Hicama, zəli kimi bəzi qeyri-doğru metodlarla müalicə əsassız və nəticəsizdir. Bu müalicə üsulları ilə pasientlər zaman itirir, bizə isə xəstəliyin ciddi, yəni son mərhələlərində müraciət edirlər. Buna görə də müalicələrin effektsiz olma ehtimalı çoxalır. 200 mindən çox revmatik xəstəlikdən əziyyət çəkən şəxs var. Pandemiya dövrü revmatik xəstəliklərə mənfi təsir göstərib, artımına səbəb olub. Həkim olaraq deyə bilərəm ki bu xəstələrə daimi nəzarət və yardım edilməlidir” deyə o, sözlərinə əlavə etdi.

Redaksiyamızın İcbari tibbi sığortaya “skafo” iynəsinin dövlət tərəfindən təmin edilib, edilməməsi ilə bağlı göndərdiyi sorğuya, qurumdan “edilmir” cavabı verildi.

Xəlili Xəlil

Check Also

Alimlər qanı sümüklərin və digər bədən toxumalarının bərpası üçün maddəyə çeviriblər

Nottingem Universitetinin Əczaçılıq və Kimya Mühəndisliyi Məktəbinin britaniyalı alimləri qan əsasında bədən toxumasının bərpası üçün …