Balakəndə dekabrın 2-dən yanvar ayının 10-dək olan müddət ərzində şəhər ərazisində yerləşən ümumilikdə 13 obyektdən oğurluq və ya oğurluğa cəhdin olunması barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, daxil olmuş müraciətlər əsasında əməliyyat-istintaq qrupu tərəfindən dərhal hadisə yerlərinə baxış keçirilib. Polislər tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərinin rayonun Qazma kənd sakini, əvvəllər məhkum olunmuş Mehdi Xəlilov tərəfindən törədilməsi müəyyən edilib. Telefon, ərzaq, elektronika, cehizlik əşyalar satılan mağazalara və kafelərə üzündə maska, əllərində əlcəklə daxil olan M.Xəlilov kassada olan pulları, eləcə də müxtəlif əşyaları götürərək oradan uzaqlaşıb. Özünə lazım olan heç nə əldə edə bilmədikdə isə obyektlərdəki əşyaları yararsız hala salıb.
Həmçinin, M.Xəlilov oğurluq məqsədilə daxil olduğu iki mağazada “E-manat” və “MilliÖn” ödəmə aparatlarını sındıraraq içərisində olan 9 000 manata yaxın pulu götürüb və müşahidə kamerasının yaddaş qurğusunu da özü ilə aparıb. Polis əməkdaşlarının çevikliyi və peşəkarlığı nəticəsində ələ keçən M.Xəlilov istintaqa təhvil verilib, oğurladığı əşyalar və pulların bir qismi ondan maddi sübut kimi götürülüb.
Faktla bağlı Balakən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.