Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ekspert: “Aİ ilə yeni memorandum Bakının artan əhəmiyyətindən xəbər verir”

“Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması Bakının beynəlxalq aləmdə, xüsusilə enerji təhlükəsizliyi məsələlərində artan əhəmiyyətindən xəbər verir”.

Bunu “Report”a müsahibəsində amerikalı jurnalist, hüquqşünas, milli təhlükəsizlik üzrə ekspert İrina Zukerman iyunun 18-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında sənədin imzalanmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə Azərbaycan kimi enerji tədarükçüləri daha mühüm rol oynamağa başlayır:

“Çünki onlar nəinki enerji mənbələrinə çıxışa zəmanət verir, həm də həddindən artıq yüksək qiymət artımlarını tarazlaşdırmağa və bazarın çöküşünə mane olmağa kömək edir”.

İ.Zukerman vurğulayıb ki, Aİ ilə imzalanmış memorandum göstərir ki, Bakı hazırda dünya bazarlarında iri enerji təchizatçılarının artan nəzarəti zamanı sui-istifadə hallarının qarşısını almaq məsələsində Avropanın güclü müttəfiqidir.

O bildirib ki, bugünkü enerji böhranı bir neçə amil nəticəsində yaranıb:

“Son iki ildə qış mövsümünün qeyri-adi soyuq keçməsi bu amillərdən biridir. Bu da təkcə Avropada deyil, həm də Asiyada təbii qaz istehlakının 25%-ə qədər artmasına səbəb olub. Bundan başqa, hər iki qitədə son illərdə quraqlıq və istilər əlavə enerji istehlakı ilə nəticələnib. Avropanın “yaşıl” proqramlarının bu məsələnin həllinə kifayət etməməsi və Ukraynadakı hərbi əməliyyatlar da enerji böhranının yaranmasının amillərindən biridir”.

Amerikalı ekspertin sözlərinə görə, Aİ-nin daxili və xarici siyasətinin kombinasiyası qitəni böhran vəziyyətinə gətirib çıxarıb:

“Xarici enerji mənbələrindən asılı vəziyyətə düşən Avropa İttifaqı dövlətləri indi digər neft-qaz mənbələrinə sərbəst çıxışı təmin edə bilmir. Eyni zamanda, onlar bu asılılıqdan qurtulmağa və iqtisadiyyatlarının çökməsinə imkan verməməyə çalışırlar”.

İ.Zukerman xatırladıb ki, Rusiyadan Aİ-yə təbii qaz nəqli dayandırılacağı təqdirdə, məsələn, 6 milyona qədər Almaniya vətəndaşı işsiz qala bilər:

“Odur ki, avropalılar alternativ həll yolları tapmağa tələsir. Lakin bu, asan deyil, çünki neft və qaz tədarükü üçün uzunmüddətli müqavilələr illər öncə bağlanır. İstehlakın gözlənilməz artımı o deməkdir ki, bazarın ehtiyaclarını qarşılamağa çalışan təchizatçılar isə fəaliyyətini yenidən təşkil etməli, yeni əməkdaşlar işə götürməlidir”.

O vurğulayıb ki, vəziyyət Aİ-nin Rusiya, Qətər və digər ölkələrin təbii qaz monopoliyasından asılı olması ilə çətinləşib:

“Qətərdən “mavi yanacağ”ın tədarükünə başlamaq heç də böhranın həlli və enerji təhlükəsizliyinin təmin edilməsi demək deyil. Birincisi, Qətər dərhal bu enerji resursunun ehtiyac duyulan qədər tədarükünə başlaya bilmir. İkincisi, o, qiymətləri Moskvadakı tərəfdaşları ilə razılaşdırır”.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …