Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ekspert: “İtaliya və Azərbaycan əlaqələri elektrik enerjisinə də ciddi sirayət edir”

İtaliya və Azərbaycan arasında olan əlaqələr təkcə neft-qaz sahəsi üzrə deyil, eyni zamanda elektrik enerjisinə də artıq ciddi şəkildə sirayət edir.

Bunu “Report”a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda “Gülüstan” sarayında keçirilən müstəqillik dövrünün 1 280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi zamanı çıxışına münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, İtaliya Azərbaycanın sözün həqiqi mənasında böyük iqtisadi tərəfdaşıdır: “Ələlxüsus da bu tərəfdaşlıq özünü enerji əlaqələrində, daha dəqiq desək, enerji sahəsində daha çox göstərir. Belə ki, Azərbaycan qazı artıq iki ildən artıq müddətdir ki, İtaliyaya birbaşa ixrac olunur”.

Ekspert qeyd edib ki, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə əvvəlki bir ildə 8,6 milyard kubmetr qaz nəql edilsə də, ötən 2022-ci ildə 11,3 milyard kubmetr qaz ixrac olunub. Onun da böyük hissəsi İtaliyaya nəql edilib”.

E.Əmirov deyib ki, 2023-cü ildə də bu həcm daha da artırılaraq 11,6 milyard kubmetrə çatdırılması planlaşdırılır: “Qarşıdakı illərdə də hər il 1,2 milyard kubmetrlik artım nəzərdə tutulur ki, 2027-ci ildə 20 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bunun da böyük hissəsi məhz İtaliyaya fokuslanıb”.

Mütəxəssisin fikrincə, bu baxımdan İtaliyanın özünün qaz təchizatında Rusiyadan asılılığının tamamilə aradan qaldırılmasında Azərbaycanın rolu sözsüz böyük olacaq: “Bu qaz ixracı ilə, ümumiyyətlə ənənəvi enerji resurslarının ixracı ilə iki ölkə arasında olan iqtisadi münasibətlər özünü elektrik enerjisi sahəsində də göstərdi. Çünki Prezidentin də qeyd etdiyi kimi, hazırda Azərbaycanın ən böyük istilik elektrik stansiyasının əsası qoyulan bir məqamda məhz İtaliya şirkəti də “Azərenerji” ilə birlikdə işləyəcək. Bu da İtaliyanın “Ansaldo” şirkətidir ki, bu şirkət “Azərenerji” ilə birlikdə məhz bu işlərin əsas lokomotivlərindən biridir”.

Xatırladaq ki, bu gün Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Prezident çıxışında qeyd edib ki, “Azərenerji” ilə İtaliyanın “Ansaldo” şirkəti arasındakı əlaqələr həlledici rol oynayır. O bildirib ki, “Azərenerji” ilə “Ansaldo” arasında müqavilələr İkinci Qarabağ müharibəsi başa çatandan dərhal sonra imzalanıb: “Azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda bu gün böyük quruculuq-bərpa işləri getdiyi bir dövrdə, ilk növbədə, o bölgənin enerji potensialı araşdırılır və bu istiqamətdə də “Ansaldo” və “Azərenerji” tərəfdaşlıq çərçivəsində fəaliyyət göstərirlər”.

Prezident İlham Əliyev vurğulayıb ki, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil: “İtaliya bizim strateji tərəfdaşımızdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilib”.

Check Also

Azərbaycanın “Qaz qambiti” ilə bağlı məqalə skandal yaratdı: Bakı təkzib istəyir

Azərbaycanın Rusiyadan qaz idxalı siyasi açıqlama və rəsmi rəqəmlərdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının …