Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ekspert Qüdrət Həsənquliyevdən gələn “kazinolar açılsın ” təklifini yersiz saydı

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev son müsahibələrindən birində deyib ki, Azərbaycanı ofşor zonaya çevirmək lazımdır.

Onun sözlərinə görə, regionlara turistlərin cəlbi üçün kazinoların açılmasına icazə verilməlidir:“Çox şükürlər olsun ki, hökumətin vaxtında qəbul etdiyi qərarlar nəticəsində biz bu bəladan az itkilərlə qurtulmaq üzrəyik. Vəziyyətin bizdən çox-çox pis olduğu ölkələrdə artıq karantin rejimi aradan qaldırılır. İqtisadiyyatımız karantin rejiminin davam etməsindən və neftin qiymətinin kəskin aşağı düşməsindən ciddi ziyan görür. Ona görə də düşünürəm ki, bu həftə də virusa yoluxanların sayında ciddi artım olmazsa, mayın 11-dən karantin rejimini aradan qaldırmaq lazımdır. Sadəcə ictimai yerlərdə və nəqliyyatda tibbi maskalardan istifadənin məcburi olması barədə qərar qəbul etmək olar. Dərslər isə iyulun sonuna qədər davam etməli və sentyabrın 1-i yeni dərs ili başlamalıdır. Bunun üçün məktəblərin kondisionerlərlə təchiz olunmasına indidən başlamaq lazımdır. Dərslər iyun, iyul aylarında davam etməsə belə, uşaqlar hər il may, sentyabr, oktyabr aylarında isti sinif otaqlarında əziyyət çəkirlər. Karantin rejimi həm də ona görə aradan qaldırılmalıdır ki, xüsusilə iqtisadi islahatlar geniş vüsət alsın. Saakaşvili bəyan edib ki, Ukrayna Avropanın ofşor ölkəsinə çevrilməlidir. Mən isə deyirəm ki, Azərbaycan dünyanın ofşor ölkəsi olmalıdır. Xarici investorlar üçün ölkəmizdə vergi cənnəti yaradılmalıdır. Turizmin inkişafı üçün təcili olaraq regionlarda kazinoların yaradılmasına icazə verilməlidir. Ən başlıcası isə, yubanmadan böyük özəlləşməyə və mülkiyyətin toxunulmazlığına təminat verən müstəqil məhkəmə hakimiyyətinin formalaşdırılmasına başlamaq lazımdır. Vaxt gedir”.

Qudrət Həsənquliyevin regionlarda kazinoların açılması ilə bağlı irəli sürdüyü təklifə mütəxəssislərin münasibəti necədir? Beynəlxalq idarəetmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu təklifi o qədər də uğurlu saymır:“Yaxşı olar ki, millət vəkilləri öz üzərlərinə düşən işlərlə ciddi məşğul olsunlar. Bilirsiniz qanunvericiliyin təkmilləşdirilməsi və yeni qanunların qəbulu ilə bağlı nə qədər iş görülməlidir? Mən də Qüdrət Həsənquliyevə demək istəyirəm ki, ölkədə iqtisadiyyatın inkişafına mane olan amillərdən biri məhz qanunvericilik bazasının lazımi şəkildə olmamasıdır. İqtisadiyyatın daha ciddi sahələrinin inkişafına ehtiyac var. Qumarxanaların açılması çıxış yolu ola bilməz. Tikinti sektorunun dirçəldilməsi lazımdır. Bu sektorun inkişafı ona yardımçı olan bir çox sahələrin də dirçəlişinə səbəb ola bilər. Tikinti materialları, aksesuarlar, mebel satışı artar. İşçi qüvvəsinə böyük ehtiyac yaranar. Eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı və satış bazarları genişləndirilməlidir. Dünyada ən böyük satış bazarı Avropa İttifaqının bazarıdır. Azərbaycan fermeri ora məhsul satmaqda çətinlik çəkir. Çünki beynəlxalq standarlarla bağlı direktivlərin tətbiqinə mövcud qanunvericilik imkan vermir. Deputatın qeyd etdiyi məsələ yalnız təklifdi. Bunun iqtidai əsaslandırılması yoxdur. Kazinoların inkişafı ilə bağlı daha çox Gürcüstan modelini təklif edirlər. Onlar ölkəyə gələn turist axınını stimullaşdırmaq üçün bu yolu seçdilər. Bu da otelçilik biznesini inkişaf etdirdi. Azərbaycanın buna ehtiyacı yoxdur. Biz aqrar və neft ölkəsiyik. Biz lazım olan sahələri inkişaf etdirsək, kazinoların açılışına ehtiyacımız qalmaz. Cəmi 5 ay ərzində tikinti sektorunu daha da genişləndirmək olar. Məsələn, tikintiyə qoyulan qadağaları, ekspertiza qaydalarını asanlaşdırmaq lazımdır. Ölkədə istehsal olunmayan inşaat materiallarının istehsalına təkan verilməlidir. Bu istiqamətdə mütləq vergi güzəştləri tətbiq olunmalıdır. Onda Əhmədli qəsəbəsində mənzilin bir kvadratı 1200 manata deyil, 500 manata başa gələcək. İpoteka, kredit şərtlərinin yüngülləşməsi həmin mənzillərin satışını da tezləşdirəcək. Diqqəti bu sahələrə ayırmaq vacibdir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …