İyunun 24-ü Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı ziyarət olunacaq
“Elçibəy 80″ İctimai Təşkilat Komitəsinin təşəbbüsü ilə Elçibəy həftəsinə start verilib. Bu barədə komitənin sədr müavini, zamanında Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov məlumat verib.
Onun sözlərinə görə, Təşkilat Komitəsinin planladığı əsas tədbir 22 iyun saat 10:30-da Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında keçiriləcək: “Təntənəli yığıncağa dəvətlilərdən başqa, hər kəsə giriş sərbəst olacaq. Tədbirin vaxtı 3 saat nəzərdə tutulub. Bundan əlavə, iyunun 24-ü saat 10:30-da Təşkilat Komitəsinin təklifi ilə Əbülfəz Elçibəyin Fəxri Xiyabandakı məzarı ziyarət olunacaq.
Təşkilat komitəsinin sədr müavini onu da qeyd edib ki, iyunun 15-də “Elçibəy-80″ yazı müsabiqəsi yekunlaşıb:”Müsabiqəyə 44 yazı təqdim olunub. Yazılar münsiflər heyəti tərəfindən yoxlanılır. Əsas müəlliflər Azərbaycandandır, amma Türkiyədən də yazanlar var. Elçibəy həftəsində yazı müsabiqəsinin qalibləri də elan olunacaq. Həmçinin Əbülfəz Elçibəyin əsərlərinin yenidən çap olunmuş kitabının təqdimatı da keçiriləcək”.
O.Qasımov bildirib ki, bundan başqa, bəzi təşkilatların tədbirləri də nəzərdə tutulub: “İyunun 17-də Klassik Xalq Cəbhəsi Partiyası Əbülfəz Elçibəyin 80 illiyi ilə bağlı tədbir keçirdi. İyunun 20-də Müsavat Partiyasının, Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının tədbirləri keçiriləcək. Habelə rayonlarda da Əbülfəz Elçibəyin 80 illik yubileyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub”.