Hər dəfə iyunun 4-də (1993) Surət Hüseynovun Gəncə şəhərində yerləşən hərbi hissəsində başlanmış qiyamın ildönümü ərəfəsində eyni sual səslənir:“4 iyun həqiqətləri nə vaxt açıqlanacaq?”. Mübahisələr, qarşılıqlı ittihamlar qızışır: kim qətiyyətsizlik göstərdi, kim kimi satdı, kim qaçdı, kim qaldı, kim gəldi, kim gətirdi?.. Həqiqət axtarışı tədricən qeybət, didişmə səviyyəsinə keçir, sonda çənələr yorulur və növbəti ildönümünədək “dincə qoyulur”.
İlbəil təkrarlanan bütün bu xırda sualların cavabı iki böyük Həqiqətə bağlıdır. Birincisi ondan ibarətdir ki, 4 iyun hadisələri Elçibəy hökumətinin Rusiya qoşunlarını Azərbaycandan çıxarması və qərbyönümlü siyasətində, ilk növbədə iri neft kontraktlarının hazırlanmasında göstərdiyi inadkarlığa görə ödədiyi haqq idi. Bu iki faktor sonradan Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində olduqca mühüm rol oynadı və buna görə nəinki hakimiyyətdən, çox şeydən keçməyə dəyərdi. İkinci Həqiqət – Elçibəy hətta yıxılarkən də onu yıxan Rusiyanın planını pozdu: hakimiyyəti, faktiki olaraq, Heydər Əliyevə təhvil verdi. İstənilən digər variant – Surət Hüseynov ya ona dəstək verən bir başqası – Rusiyanın qələbə zəfəri ilə Azərbaycana geri dönməsi demək olardı. 4 iyunun nəticələri nə qədər ağır olsa da, 27 aprelin (1920) yeni ssenaridə təkrarlanmasına yol verilmədi. Heydər Əliyev AXC hakimiyyəti ilə uzlaşmasa da, “rus planı”na da daxil deyildi, bu planın məhdud çərçivələrinə sığmırdı.
Mən səkkiz ay mətbuat katibi kimi bir yerdə işlədiyim və əslində, yalnız bundan sonra – “Kələki mühacirəti” dövründə üç ay yaxın ünsiyyətdə olduğum Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin hakimiyyətinin ilk və son günləri barədə bloknotumda saxladığım bəzi qeydlərimi bölüşmək istəyirəm. On il əvvəl qismən çap olunmuş həmin qeydlərə əlavələr etmişəm. Onların bəzilərinin hətta Elçibəyi yaxşı tanıdıqlarını güman edənlər üçün də yeni olacağını, “4 iyun həqiqətlərini” axtaranların işinə yarayacağını düşünürəm.
25 mart 1992, Bakı, Ali Sovet
Onu heç vaxt belə əzəmətli görməmişdim. Hələlik cəmiyyətdə ölçüsüz nüfuza malik olan Elçibəy burada, Ali Sovetin yüksək tribunasında dayandığı andan qarşıda enişin başlandığını duyur. Və müqavimət göstərməyə çalışır: “Məni Prezident seçmək istəyirsiniz. Amma üç aydan sonra çəpik çala-çala seçəcəyiniz prezidenti bir ildən sonra fıtə basıb qovacaqsınız”. Zal onu eşitmir, eləcə alqışlayır. Bu selə qarşı dayanmaq mümkün deyil…
Deyəsən, Etibar Məmmədov elə o vaxtlar demişdi: “Elçibəyi prezidentlik səviyyəsinə endirməyin”.
12 dekabr 1992, Bakı, Prezident iqamətgahı
Axşam mən onun iqamətgahdakı otağına daxil olanda Prezident tək idi. Çox yorğun görünürdü. Ayın 10-da Ermənistan ordusu Zəngilan üzərinə hücuma keçib bir neçə kəndimizi almışdı. Həmin gündən fasiləsiz davam edən hərbi tədbirlər, müşavirələr, görüşlər, telefon danışıqları, bəyanatlar, hələ ki, nəticə vermirdi.
İki amerikalı jurnalistin saat 8-ə təyin olunmuş görüşünü başqa günə keçirməyi Prezidentə təklif edirəm. “Lazım deyil, gəlsinlər”.
Jurnalistlər “Nyu-York Tayms” qəzetindəndirlər. Hər ikisi qışın oğlan çağında, görünür, hansısa cənub dənizinin sahilində günün altında möhkəmcə yanıb. Dərilərinin sağlam rəngi adamda həsəd oyadır. 1992-ci ilin sonlarında Bakıya axışan bütün əcnəbi jurnalistlər kimi, onları da iki mövzu maraqlandırır: müharibə və neft. Elçibəyə axırıncı sualları da ənənəvi olur: “Cənab prezident, bəlkə özünüzün amerikalılara çatdırmaq istədiyiniz sözünüz var?”
— Amerikalıları maraqlandıran sualları verdiniz. Mənim sizə sözüm var. Bizim jurnalistlərin səyahət imkanları çox məhduddur. Sizin, görürəm, belə probleminiz yoxdur. Keçmiş sovet respublikalarını dolaşın. Gürcüstana, Ermənistana, Ukraynaya, Moldovaya gedin. Silsilə portret-məqalələr hazırlayın: məndən, Şevardnadzedən, Ter-Petrosyandan, Kravçukdan, Snequrdan. O silsilənin də adını belə qoyun: “Bədbəxt prezidentlər”. Ya da yox, “Qurbanlıq prezidentlər”. İkincisi daha düz olar.
May, 1993, Bakı (bloknotda gün qeyd olunmayıb)
Prezident çox ümidli və fəaldır. Azərbaycanın və Ermənistanın müdafiə nazirlikləri, Dağlıq Qarabağ hərbi qüvvələrinin rəhbərliyi vasitəçilərin köməyi ilə razılığa gəliblər: mayın 17-də atəşkəs elan olunur. 24-də qoşunlar müvafiq məsafəyə geri çəkilir, buraya 1800 zirehli texnika da daxildir. Arada 5-10 km-lik (cəbhə xəttinin relyefindən asılı olaraq) silahsızlaşdırılmış zona yaradılır. İdarə məntəqəsi kimi Ağdam seçilir. İyunda bölgəyə fin generalının rəhbərliyi ilə sülhməramlı qüvvələrin gətirilməsi məsələsi də gündəmdədir. Amma Elçibəy tez-tez təkrar edir: “Bircə rus imkan versəydi…”
17 iyun, 1993, Bakı
Sübh tezdən Prezidentin Kələkiyə uçduğunu xəbər verdilər. Başqalarını bilmirəm, mənim üçün gözlənilməzdir. Mən aparata çatanda, artıq rəsmi məlumat hazır idi: “vətəndaş qarşıdurmasına yol verməmək və şəxsi təhlükəsizliyini təmin etmək üçün…”. Bəziləri bunu vəziyyəti tam dəyişən dahi gediş kimi qiymətləndirir, Məhəmməd peyğəmbərdən misal gətirirlər. Amma, məncə, hər şey bitib. Hərçənd, Prezident Elçibəyi də başa düşürəm.
İyul, 1993, Kələki (gün qeyd olunmayıb)
Əli Kərimli Türkiyədən zəng vurub. Süleyman Dəmirəllə görüşü barədə Elçibəyə məlumat verir:
“Vəziyyətdən çıxış yollarını araşdırdıq. Süleyman bəy dedi: “Biz elə siyasət apara bilmərik ki, Azərbaycanın başında kimin olmasından asılı olmayaraq, onunla əlaqəmiz kəsilsin. Qarabağdan narahat olmayın. Sizdə içdə vahid rəhbərlik olsa, nə kömək lazımsa, edərik. Bu gün Heydər Əliyevlə danışacağam, mənim sözümü yerə salmaz, sabah gedib onunla görüşərsiniz. Bircə xahişim var, Azərbaycanda böyük hörməti olan bu iki şəxsi – Elçibəylə Heydər Əliyevi üz-üzə yox, yan-yana gətirmək lazımdır”.
İyul, 1993, Kələki (gün qeyd olunmayıb)
Kələkiyə ən çox gələnlər Türkiyə rəsmiləri və jurnalistləridir. Elçibəy bütün günü onlarla, ətraf kəndlərdən yığışıb gələn camaatla görüşlər keçirir, Bakı ilə əlaqə saxlayır. Türklərin gətirdikləri peyk telefonu rabitə problemini həll edib. Bircə işıq kəsiləndə problem yaranır. Bu gün Türkiyə Xarici İşlər nazirinin müstəşarı Özdəm Sanberk gəlmişdi.
Sanberk: Azərbaycanda birliyin saxlanılması ola bilirsə, biz məmnun qalarıq. Heydər Əliyev Sizə qarşı açıq hücuma keçə bilməz. Dünyanın dəstəyini görür. Biz Heydər bəyə daim deyirik ki, demokratiya sizin zəifliyiniz deyil, gücünüzdür. Referendum yapılmasını biz də istərdik (Heydər Əliyevin keçirmək istədiyi Prezidentə etimad barədə ümumxalq referendumunu nəzərdə tutur. Əslində, bəzi məlumatlara görə, referendum ideyası məhz Süleyman Dəmirələ məxsus olub – A.Ə.). Çünki Sizin zorla istefaya göndəriləcəyinizdən, ya həyatınızdan qorxuruq. Amma biz bunu haman söyləmədik. Sizinlə müzakirə edilməli olduğunu dedik.
Əbülfəz Elçibəy: Mən referenduma parlament seçkilərindən sonra razı olaram.
Sanberk: Bizim istədiyimiz Əliyevlə Elçibəyin eyni istiqamətdə hərəkət etməsidir.
İyul, 1993, Kələki (tarix qeyd olunmayıb)
Elçibəy “Azərbaycan” qəzetinə müsahibə verir. Yəqin ki, dərc olunmayacaq. Ona görə də diqqətimi cəlb edən suala cavabdan qeydlər götürürəm:
Elçibəy: “Azərbaycanda stabilliyi saxlayan faktor parlament olmalıdır. Mən o vaxt da parlament respublikasına üstünlük verirdim. Təcili parlament seçkiləri keçirmək, keçid dövrünün parlamentini yaratmaq lazımdır. Ölkədə olan dəyərli şəxsiyyətləri özündə cəmləşdirən parlament. Bəziləri deyirdilər, elə belə parlament – nüfuzsuz, heç nəyə mane olmayan — hamısından yaxşıdır. Biz bunu yarada bilmədik və ən böyük səhvimiz, uğursuzluğumuz budur. Belə bir mexanizm olmadığı üçün cəmiyyət fərdlərdən ibarət olaraq qalır və siyasi mübarizə fərdlərin mübarizəsinə çevrilir. Ortaq məxrəc – Azərbaycanın seçəcəyi parlamentdir. Sadəcə fərdlərin namusuna və vicdanına arxalanan cəmiyyət dağılmaq təhlükəsindən xali deyil. Mütləq mexanizm lazımdır”.
24 iyul, 1993, Kələki
Axşam (əslində, gecə) yeməyinə toplaşanlar vəziyyəti müzakirə edirlər. Bakıdan müxtəlif xəbərlər gəlir:“Heydər Əliyev situasiyanı idarə edə bilmir, narazılıqlar artır, tezliklə özü məcbur olub Elçibəyi geri çağıracaq…”. Masa arxasında oturanlardan biri deyir, maksimum 15-20 günə Cəbhə hakimiyyətə qayıdacaq. O biri bir ay, başqası iki ay vaxt verir. Nəcəf Nəcəfov deyir, heç tələsib eləməyin, aşağısı 2-3 il Heydər Əliyev hakimiyyətdə olacaq, sonrasına da baxarıq. Elçibəy uzun müddət susur, mübahisələrə qulas asır. Yalnız Nəcəfin sözlərindən sonra dillənir:“Mənim üçün önəmli olan prezidentlik yox, hərəkatdır. Hamınız da etiraf edərsiniz ki, mən Azərbaycanın daxilində prezident olmamışam. Ancaq xaricdə olanda özümü prezident kimi hiss eləmişəm”.
26 iyul, 1993, Kələki
Sanberk yenidən Kələkidədir.
Sanberk: Referendum keçirmək indiki şərtlər altında – işğal, gərgin durum – düz deyil. Biz Heydər bəyə deyirik ki, Elçibəylə yaxınlaşmaq lazımdır. Amma kəndisi belə razılaşmaya qapanmış vəziyyətdədir.
(Mənə elə gəlir ki, türk rəsmiləri Heydər Əliyevdən bir qədər incikdirlər. Görünür, onlar hansı məsələdəsə Əliyevə təzyiq etməyə çalışırlar, o isə özü türkləri “sıxır” — A.Ə.)
Sanberk davam edir:
— Sizi Bakını tərk etməyə məcbur edən şərtlər eynilə fazla bulunmaqdadır. Bakıda böyük siyasi gərginlik var. Toqquşma havası var. Xalq sizin nədən getdiyinizi və geri dönmədiyinizi anlayır. Dönəcəksinizsə, provokasiya olacağı aşkar.
(Heydər Əliyevdən fərqli olaraq, Sanberk bu məqamda Elçibəyin Bakıya dönməsini istəmir. Yəqin, hələ yarımçıq planlar var – A.Ə.).
Yenə də Sanberk:
— Heydər Əliyev deyir ki, mənim referendum yapmamağa imkanım yox, referendumun demokratiyaya nə qədər uyğun olub-olmamasını isə dünya görəcək. Saxlamaq olmayacaq referendumun qarşısını. Biz isə yalnız bundan sonra da demokratik şərtlərlə siyasət yapılmasının təminatçısı ola bilərik. Batı ilə bərabər.
Əbülfəz Elçibəy: Bəs torpaqların işğalını durdurmaq problemi?
Sanberk: Kazimirov deyir, Rusiyanın xəbəri olmayıb erməni saldırısından.
Əbülfəz Elçibəy: Xəbəri var, bizi ələ salır. Hərbi zəifliyimizdən istifadə edirlər. İki xətt vardı: Rusiya – İran və ABŞ – Türkiyə. İkinci bu gün uduzdu. Amma bu xətti davam etdirmək gərəkdir. Rusiya qoşunlarının Azərbaycana gətirilməsi məsələsi necə?
Sanberk: Heydər Əliyev dedi ki, rus qoşunlarını Azərbaycana qoymayacağıq.
Əbülfəz Elçibəy: Bunların hamısını Rusiya edir. Başqa dövlətlər də onun qabağından çəkildilər. ABŞ da, İngiltərə də, Türkiyə də. Və biz diz çökməli olduq.
Sanberk: Ermənini durdurmaq üçün Azərbaycanın öz ordusunu qurmaq lazımdır.
Əbülfəz Elçibəy: Qururduq da. Türk zabitləri 15 batalyonun təlimini avqustun axırı qurtarırdı. Sentyabr-noyabrda daha 11 batalyon təlimdən çıxacaqdı. Cəmisi 15 min kişilik yeni bir ordu.
Sanberk: İndi əsas içdəki gərginliyi azaltmaqdır. Heç olmasa demokratiyanı, demokratik təsisatları qorumaq lazımdır.
Əbülfəz Elçibəy: AXC-nin strukturu, kadrları dağınıq vəziyyətdədir. Yenidən təşkilatlanma lazımdır. Mənimki onsuz da prezidentlik yox, hərəkatdır. Əvvəl Quzeydə, sonra Güneydə. Biri farsın təpiyi altında, o biri rusun təpiyi altında.
Bu yerdə Sanberkin telefonu zəng çalır. Qısa söhbətdən sonra o, “Heydər Əliyevdir”, deyib, telefonu Elçibəyə verir:
Heydər Əliyev: (onun telefonda söylədikləri eşidilmir – A.Ə.)…….
Əbülfəz Elçibəy: Heydər bəy, o məsələ həll olundu.
Heydər Əliyev:…….
Əbülfəz Elçibəy: Çalışaq, Naxçıvanda qarışıqlıq olmasın. Görürsünüz ki, mən həmişə barışığa gedirəm.
Heydər Əliyev:…….
Əbülfəz Elçibəy: İbrahim uşaq deyil (İbrahim İbrahimovu nəzərdə tutur—A.Ə.). Surət, Əlikram, Rəhim — qiyamçıdırlar. AXC heç vaxt onları dəstəkləməz. Onlar dövlətin əleyhinə qalxıb, onlara qarşı birgə mübarizə aparmalıyıq.
Heydər Əliyev:…….
Əbülfəz Elçibəy: Ona görə də birgə əlaqə saxlamalıyıq ki, gərginliyə yol verməyək, problemləri həll edək. İftiralara inanmayın. Nə məsələ var, birbaşa həll edək.
Sonra telefonu Özdəm Sanberk götürür:
— Elçibəylə danışıqlardan məmnun oldum. Onunla əlaqə saxlayın. Birgə işləyin. Türkiyə yalnız bunun marağındadır.
1 avqust, 1993, Kələki
Xəbər gəldi ki, ehtiyatlı olmaq lazımdır. Təxribat olacağı barədə məlumat var. Hətta sui-qəsdə də cəhd göstərilə bilər. Elçibəy məsələyə soyuq yanaşır. “Heç nə olası deyil”. Soruşuram: “İndiyə qədər neçə sui-qəsd olub Sizə?”
— O qədər söz-söhbət olub ki. Lap əvvəllər də. Amma bir dəfə dedilər, dedilər, az qala inandırdılar. Guya sürücüm Xəlil məni aradan götürmək üçün xüsusi tapşırıq alıb. 1991-ci il idi. QKÇP-dən sonrakı dövr. 23 avqust mitinqində başımdan yaralanmışdım. Ara qarışıq idi. Məni dostlarım İsmayıllıya, Basqala gətirdilər ki, bir müddət burada qalım. Öz-özümə fikirləşdim ki, bu şübhələrdən birdəfəlik qurtarmaq lazımdır. Bir dəfə gözlərindən oğurlanıb Xəlili çağırdım, dedim, maşınla bir az gəzək. İstədi mühafizəçiləri çağıra, qoymadım. Oturduq maşına. Aşırıma çatanda, göstəriş verdim ki, artır sürəti. Bir az artırdı. Dedim, yenə. Gördüm üzümə baxır. Qışqırdım: “yenə!”. Artırdı. “Yenə!” – artırdı. Yüksək sürətlə bir neçə döngəni keçəndən sonra, baxdım ki, əsəbləri dözmür, həyacandan əlləri titrəyir. Maşını saxlatdım. Xəlili tər basmışdı. Üzünə baxdım və tam sakitləşdim. Dedim, indi sür, qayıdaq uşaqların yanına.
Bir dəfə də rayona gedəndə oldu. Prezident kortejinin qabağına qəflətən yan yoldan yük maşını çıxdı. (Bu barədə qəzetlərdə də yazmışdılar – A.Ə.). Sağ olsun, mühafizə və sürücülər, maşınlar zədələnsə də məni çıxardılar vəziyyətdən. Avtomibilimin pəncərəsindən gördüm ki, yük maşınının sürücüsü kabinədən düşüb qaçır, mühafizəçilər də arxasınca. Dedim, saxlayın maşını. Dedilər, olmaz. Nə isə, məcbur etdim, dayandılar. Qışqırdım ki, döyüb eləməyin, yazıqdır, bəlkə heç bir məqsədi yoxuymuş. Sonradan bəlli oldu ki, sui-qəsd deyilmiş bu, buraxdırdıq.
Ən ciddi narahatlıq isə Gəncə səfərində oldu. Nəcəf də getmişdi. Geriyə təyyarə ilə uçmalıydıq. Dedilər, kəşfiyyat məlumatı var ki, Surət təyyarəni göydə vurmaq göstərişi verib. Götür-qoy etdik. Hamı maşınla qayıtmağı məsləhət gördü. Bircə Nəcəf dedi ki, alnımıza yazılıbsa, maşında da qəzaya düşmək olar, təyyarədə də. Heç kim cəsarət etməz. Təyyarə ilə uçmalıyıq, elə də edək. Zəiflik göstərməyək. Nəcəfə qulaq asdım.
3 avqust, 1993, Kələki
Elçibəy Bakıdan göndərilmiş qəzetləri oxuyur. Birdən başını qaldırır:“Bu təlatümlər ona görə baş verir ki, bizdə millətə çevriliş prosesi gedir. Bir dəfə Polyaniçkoya demişdim: “Siz Rusiyanın Azərbaycanda axırıncı canişini olacaqsınız”. Bu, rus imperiyasının sonuncu güclü zərbəsidir. Odur ki, millət gərək özünü itirməsin. Diktatura gələcəyindən isə qorxmaq lazım deyil. Ən azı mətbuatın gücü hesabına Azərbaycanda diktatura ola bilməz və olmayacaq. Müstəqil mətbuat da maliyyə, hərb sistemi kimi dövlətçiliyin əsas dayaqlarından biridir”.
18 avqust, 1993, Kələki
Referendumun vaxtı yaxınlaşdıqca, Kələkiyə gələn jurnalistlərin sayı da çoxalır.
“Türkiyə” qəzetinin sualı:
— Cümhurbaşqanı Süleyman Dəmirəlin Azərbaycan siyasətində son zamanlar dəyişikliklər hiss olunur…
Əbülfəz Elçibəy: Dəmirəl belə düşünürsə, demək, Türkiyənin siyasəti bunu tələb edir. Azərbaycan özü müstəqil olacaq. Türkiyə nə yapa bilir, yapsın. Amma özünü zora salmasın. Çünki düşməni çox. 200 milyon türkün bir böyük özgür dövləti var: Anadolu. Onu da qeyb edə bilmərik. Çırağı söndürə bilmərik.
20 avqust, 1993, Kələki
“Qardian” qəzetinin sualı:
— İstefa vermək barədə düşünürsünüzmü?
Əbülfəz Elçibəy: Kimin qarşısında istefa verməliyəm? Parlament seçkiləri keçirilsin, gəlim yeni parlamentin qarşısında istefamı verim. Deyim, buyurun, indi gəlin, təzə prezident seçək. Amma qiyamçıların, onu dəstəkləyənlərin qarşısında istefa verə bilmərəm.
“Cümhurriyyət” qəzetinin sualı:
— Əliyevlə iş birliyi hansı şərtlər daxilində mümkündür?
Əbülfəz Elçibəy: Həmin şərtlər bunlardır: ölkədə insan haqlarını qorumaq; demokratiya və fikir azadlığına əməl etmək; indiyədək bağlanmış dövlətlərarası müqavilələrə xüsusilə Qərblə, qeyd-şərtsiz əməl etmək; yeni parlament seçkiləri keçirmək; Surət Hüseynovu baş nazirlikdən götürmək; ümumi səylərlə dövlət və millətə qarşı qiyamları yatırmaq; bütün qüvvələri toplamaq və erməni təcavüzünü dayandırmaq.
27 avqust, 1993, Kələki
Ertəsi gün referendum olacaq. Prezident Elçibəyə etimad məsələsi barədə. Naxçıvanda vəziyyət sadə deyil. Bülletenlərin gətirilməsinə, məntəqələrə yayılmasına maneçilik törədilir. Əvvəl Rəsul Quliyev telefon açır. Söhbət çox əsəbi alınır.
Dəstəyi yerə qoyandan sonra Elçibəy fikrə dalır. Hiss edirəm ki, nəsə demək istəyir. Ona görə otaqdan çıxmıram, gözləyirəm. Nəhayət, yanıldığımı düşünüb ayağa dururam. Elçibəy başını qaldırır və sakit tərzdə söyləyir:
— Mənim ömrüm çatmasa, … bəyə deyin ki,… (Bilmirəm, Elçibəy özü sonradan bu sözləri həmin şəxsə deyib, ya yox, amma Azərbaycanın ikinci prezidentinin ölüm xəbəri Türkiyədən Bakıya gələn gün mən onun tapşırığını yerinə yetirdim. – A.Ə.)
Saat 00.44-də daha bir zəng gəlir. Telefonda Heydər Əliyevdir.
Heydər Əliyev: (onun telefonda söylədikləri eşidilmir – A.Ə.) …
Əbülfəz Elçibəy: Hansı mənada deyirsiniz?
Heydər Əliyev:…
Əbülfəz Elçibəy: Heydər bəy, Əli Kərimovun o işə qarışacağı yoxdur. Əvəz Şükürovu Siz yaxşı tanıyırsınız. O da haqqımda hədyanlar danışır. Başqaları da elə. Kim Sizə nə deyirsə, yalan deyir. Mən demişəm, alsınlar bülletenləri, hara lazımdır, qanun nə tələb edir, o da olsun. Problem varsa, məşğul olub yoluna qoyaram. Amma bizim birinci telefon danışığını Sizin təhrif etməyiniz nə deməkdir? Bu təhqirlər nə qədər olar? Böhtanlar baş alıb gedir.
Heydər Əliyev:…
Əbülfəz Elçibəy: Elə olsun, arada üz qalsın. Tarixdir, yaşayırıq, camaat arasına çıxacağıq. Mən istəyirəm dinclik olsun, barışıq olsun.
Heydər Əliyev:…
Əbülfəz Elçibəy: Mən Rəhimin kim olduğunu Sizə demişdim. Siz isə parlamentdə onu üstümə qaldırırdınız. Axırını gördünüzmü? İndi də Surət. Mən Sizə deyirəm ki, ondan da Sizə arxa, kömək olmayacaq.
Heydər Əliyev:…
Əbülfəz Elçibəy: Düz edirsiniz. Dövlətçiliyimizin xatirinə bunu etmək lazımdır. O zaman bunu Surətə qarşı da etmək lazım idi.
Heydər Əliyev:…
Əbülfəz Elçibəy: Mən o zaman hamısı haqqında cinayət işi qaldırmışdım. Rəhim Qazıyev, Baba Nəzərli haqda da. Kimlərdir, hamısı oradadır.
Heydər Əliyev:…
Əbülfəz Elçibəy: Amma Siz bu təhqirlərə son qoyun. Birini Siz deyəndə, onunu da başqaları üstünə qoyur. Elə eləməyin. Bütün körpülər yandırılmasın. Gücləri bir yerə toplamaq əvəzinə… Düşmənlər də bundan güc alır.
Söhbət bitir. Elçibəy telefonun dəstəyini yerə qoyandan sonra eyvana çıxıb, dərindən nəfəs alır. Elə bil hansısa ağır bir yükü üzərindən götürür. O, həmişə (hər halda mənim onu yaxından müşahidə etmək imkanım olduğu dövrdə) sevdiyi əsərlərdən sitat gətiməyi xoşlayar. Bu dəfə də dönüb otaqdakılara baxır.
Deyir: “Millət işıq olsun, məni udsun bu siyah xak” (Məhəmməd Hadi). (Ayna.az)
Arif Əliyev,
AXC iqtidarı dönəmində Əbülfəz Elçibəyin mətbuat katibi olmuş tanınmış media eksperti