Cümə , 5 Dekabr 2025
Drone Cameras

Əli Kərimli saxlanılıb, evində axtarış aparılıb

AXCP Əli Kərimlinin DTX  əməkdaşları tərəfindən saxlanılması barədə bəyanat yayıb.

Partiyanın məlumatında bildirilir ki, Kərimlinin saxlanılması üçün heç bir rəsmi əsas açıqlanmayıb. Həmçinin, onun evində axtarış aparılıb.

“Eyni zamanda, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, özü isə saxlanılıb. Partiyanın başqa bir neçə nəfər fəalının da saxlanıldığı haqda məlumatlar var. Bəyan edirik ki, Əli Kərimlinin saxlanılması sırf siyasi motivlidir. Son illərdə hakimiyyət ona faktiki blokada tətbiq edib. Buna baxmayaraq, Əli Kərimli Azərbaycanda əsas demokratik fiqurlardan biri olaraq qalır: onun aparıcı beynəlxalq mediaya verdiyi müsahibələr və qlobal siyasi forumlara dəvət alması İlham Əliyev rejimini narahat edib”, – bəyanatda deyilir.

Bəyanatda qeyd olunur ki, həbslər ölkədə siyasi fəaliyyət və vətəndaş azadlıqlarını məhdudlaşdırmaq məqsədilə aparılır:

“Bugünkü saxlanılma hakimiyyətin Azərbaycanda son müstəqil siyasi qüvvəni aradan qaldırmaq və xalqın demokratiya və azadlıq uğrunda mübarizəsini tamamilə boğmaq cəhdi olaraq qiymətləndirilməlidir. AXCP Əli Kərimlinin, Məmməd İbrahimin və partiyanın başa saxlanılan üzvlərinin dərhal azad olunmasını, müxalifət üzvlərinə və tərəfdarlarına qarşı təqiblərə son qoyulmasını, saxlanılanlara hüquqi müdafiəyə çıxışın təmin edilməsini və onların təhlükəsizliyinə zəmanət verilməsini tələb edir”.

Partiya beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını və demokratik hökumətləri Azərbaycan hakimiyyətindən insan hüquqlarına əməl etməsini tələb etməyə çağırır.

Hazırda AXCP-nin 20-dən çox üzvü müxtəlif ittihamlarla həbsdədir.


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Meydan TV-yə bildirib ki, hazırda Əli Kərimlinin evinin yaxınlığındadır, lakin onları əraziyə buraxmırlar:
“Əli Kərimlinin evinə yaxınlaşmaq mümkün deyil. Ərazidə çox sayda mülki geyimli şəxslər var və yaxınlaşanları içəri buraxmırlar. Əli bəylə və ailə üzvləri ilə əlaqə saxlamaq, eləcə də hər hansı məlumat əldə etmək mümkün deyil.”


Hökumət mediasında Əli Kərimlinin evində axtarışın Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparıldığı bildirilir.

Seymur Həzi
AXCP sədr müavini Seymur Həzi

Ramiz Mehdiyev barəsində oktyabrın 14-də “dövlətə xəyanət” və “hakimiyyəti zorla ələ keçirmə” ittihamları ilə 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçilib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Meydan TV-yə bildirib ki, Əli Kərimlinin könüllü sürücüsü Ruslan Əmirli, həmçinin də partiyanın Sabunçu rayon təşkilatının sədri Fariz Əlizadə də saxlanılıb.

Əli Kərimlinin köməkçisi Faiq Əmirlinin də saxlanıldığı bildirilir. Bu barədə onun həyat yoldaşı məlumat yayıb.


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin saxlanıldığı və evində Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən axtarış aparıldığı bildirilir.

Bu barədə partiyanın üzvləri tərəfindən sosial şəbəkələrdə məlumatlar yayılıb.

Əli Kərimlinin saxlanılma səbəbi barədə məlumat verilməyib.


AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim – Foto: Şəxsi arxivi

AXCP-dən isə Meydan TV-yə məsələnin araşdırıldığı bildirilib.

Digər məlumata görə, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim də polislər tərəfindən saxlanılıb və onun da evində axtarış aparılır.

Bu barədə onun oğlu Turan İbrahim məlumat verib.

Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyindən məsələ ilə bağlı hər hansı rəsmi məlumat yayılmayıb.

Check Also

Lökbatandakı yanğınla bağlı cinayət işi başlandı

Ötən gecə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış massivində baş verən güclü …