“Azərbaycan Fransaya düşmənçilik hərəkətlərinə son qoymalıdır”
Noyabrın 19-da Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Fransa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Azərbaycan səfiri Azərbaycan Prezidenti İlham Əliyevin COP29-un açılışındakı çıxışı zamanı Fransanın ünvanına səsləndirdiyi fikirlərdən sonra dəvət olunub.
Əliyevin bu çıxışından sonra Fransanın energetika, iqlim və risklərin qarşısının alınması naziri Anyes Pannye-Runaşe BMT-nin iqlim konfransında iştirak etmək üçün nəzərdə tutuduğu Bakı səfərini ləğv etmişdi.
Fransa XİN-in bəyanatında həmçinin COP29 kontekstində Azərbaycan rəhbərliyinin Fransa və avropalılara qarşı söylədiyi fikirlər “qəbuledilməz” adlandırılıb.
Qeyd olunub ki, Azərbaycan Fransaya düşmənçilik hərəkətlərinə son qoymalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də COP29-dakı çıxışında Fransanı keçmiş müstəmləkələrinin təbii sərvətlərini və əhalisini məhv etməkdə ittiham edib.
O həmçinin Fransa Prezidenti Makronu hazırda bu siyasəti davam etdirməkdə ittiham edib.