Çərşənbə axşamı , 10 Dekabr 2024
Drone Cameras

Elman Rüstəmovun manatla bağlı nikbin açıqlamasına inanaqmı…

Vahid Əhmədov: “Manatı bu şəkildə saxlamaq ilin axırına qədər mümkündür”; Natiq Cəfərli: “Elman üstəmov yarı həqiqətlərlə danışıb”

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun manatla bağlı son açıqlaması müzakirələrə səbəb olub. AMB rəhbəri manatın sabitliyindən, milli valyutamıza heç bir təhlükənin olmadığından danışıb.

E.Rüstəmovun fikirlərinin gündəm yaratmasına səbəb olan amil onun son illərdə manatla bağlı verdiyi ümid dolu açıqlamalardan dərhal sonra ölkədə devalvasiyanın baş verməsi, manatın sürətlə dəyərdən düşməsidir. Məhz bu səbəbdən də o son illərdə sosial şəbəkələr və mətbuatın ciddi qınaq və gülüş obyektinə çevrilib. Son manat açıqlamasından sonra eyni mənzərə yaransa da, onun fikirlərində həqiqət payı olduğunu bildirənlər də çoxdur. Buna səbəb də bir ildən çoxdur manatın məzənnəsinin sabit qalmasıdır. Baş bankirin açıqlamalarının bizneslə məşğul olan şəxslərdə ümid oyadacağı, onların fəaliyyətlərini genişləndirəcəkləri, ən əsası, ölkəyə investisiya yatırmaqda tərəddüd edənləri hərəkətə gətirəcəyi qeyd olunur.

Image result for Vahid Əhmədov

İqtisadçı deputat Vahid Əhmədov hesab edir ki, Elman Rüstəmovun açıqlaması müəyyən qədər həqiqətləri əks etdirir:  “Deyirlər ki, Elman Rüstəmov əvvəllər belə açıqlamalar verəndən sonra Azərbaycanda iki devalvasiya baş verdi, indi də belə şey gözlənilə bilər. Amma mən belə fikirləşirəm ki, Elman müəllimin verdiyi son açıqlama müəyyən qədər həqiqəti əks etdirir. Çünki son ilin 8 ayının analizinə, aparılan islahatlar sisteminə baxanda görürəm ki, Mərkəzi Bank manatı qoruyub saxlamaqda maraqlıdır. Bunun  üçün də manatın məzənnəsini sabit şəkildə saxlaya bilir. Deyə bilmərəm ki, bunu bazar tənzimləyir. Burada əsas olan bir neçə səbəblər var ki, Mərkəzi Bank bunu nəzarətdə saxlayır. Birincisi, pul kütləsinə nəzarət mexanizmi Mərkəzi Bank tərəfindən həyata keçirilir. Artıq pul vəsaiti buraxılmır. Təcili olan layihələrə pullar buraxılır. Bu da müəyyən qədər manatın qorunmasına şərait yaradır. İkincisi, Azərbaycanda ticarətdə müsbət hal da yaranıb. Yəni ixrac idxalı üstələyib, təxminən bir milyarda yaxın müsbət hal var. Bu müsbət hal da manata təzyiqi azaldır. Digər tərəfdən də neftin qiymətində ciddi geriləmə yoxdur. Neftin qiyməti 55, hətta 58 dollara yaxınlaşır. Bu da manata təsir edən amillərdən biridir. Əgər proseslər bu şəkildə davam edəcəksə, yəni Mərkəzi Bank Elman Rüstəmovun dediyi kimi bu siyasətini davam etdirəcəksə, pul kütləsinə nəzarəti artıracaqsa, neftin qiyməti 50 dollardan aşağı düşməyəcəksə, manatın məzənnəsini bu şəkildə qoruyub saxlamaq mümkün olacaq. Burada bizim üçün əsas məsələ real sektorun inkişafıdır. Bu sektor inkişaf etməlidir ki, biz ilin axırında ümumdaxili məhsulda artım hiss edək. Nəticədə gələn il üçün də baza yaradaq ki, bu sahələrdə inkişaf olsun. Əsas olan odur ki, real sektorun inkişafında problem yaranmasın. İlin sonunda biləcəyik ki, real sektorda ümumdaxili məhsulda nə qədər artım olub. Manatı bu şəkildə saxlamaq ilin axırına qədər mümkündür. Amma bir şeyi nəzərə almaq lazımdır ki, hər zaman ilin sonunda xərclər müəyyən qədər artır. Həm xarici borcları ödəmək lazım gəlir, həm də daxildə müəyyən problemləri həll etmək vacib olur. Bunlar nəzarətdə saxlanılsa, hesab edirəm ki, elə bir ciddi problem olmaz”.

Image result for Natiq Cəfərli musavat.com

İqtisadçı ekspert Natiq Cəfərli baş bankirin açıqlamasına bu cür şərh verdi: “Əvvəlki devalvasiyaları nəzərə alsaq, belə bir fikir formalaşmışdı ki, hər devalvasiyada ondan öncə Elman Rüstəmovun dediklərinin əksi olur. Bu da Mərkəzi Bank kimi vacib bir dövlət qurumuna güvəni xeyli dərəcədə zəiflədib. Son açıqlamalarında Elman Rüstəmov yarı həqiqətlərlə danışıb. Yəni məsələlərə birtərəfli münasibət bildirib. Hələ də israr edir ki, dollar və manat məzənnələri bazar qaydalarına uyğun müəyyən olunur. Amma halbuki ölkədə əhali və biznes çevrələrində heç bir başqa fikir qalmayıb ki, bu məzənnə ancaq inzibati qaydada tənzimlənir. Normal hərraclar olsaydı, bazar qaydalarına uyğun olaraq, məzənnələrin müəyyən edilməsi prosesi baş versəydi, məzənnədə oynamalar az və ya çox dərəcədə olardı. Amma artıq neçə aydır ki, məzənnədə dəyişiklik müşahidə olunmur. Son aylarda 25-ə yaxın hərracda ümumiyyətlə, məzənnə dəyişməyib. Necə başlayıbsa, elə də bitib. Belə hərrac, üzən məzənnə olmur. Elman müəllim yenə deyir ki, məzənnə üzən məzənnə rejimidir, ancaq bazar qaydalarına uyğun müəyyənləşdirilir.  Manat sabit deyil, amma Elman müəllim manatın sabitliyindən danışıb. Manat məzənnəsi təkcə dollar-manat münasibətlərindən ibarət deyil. Dünyanın aparıcı beş valyutasından dolları çıxsaq, dördünə qarşı manatda son aylarda dəyərdən düşmələr var. Avro qarşısında təxminən 15%-ə yaxın manat dəyərdən düşüb. Burada da Elman müəllim yarı həqiqətləri deyib. O başqa bir maraqlı fikir də söylədi ki, bununla razılaşmaq olar. O manatın aşırı möhkəmlənməsinin Azərbaycan iqtisadiyyatına ziyan vura biləcəyini söylədi. Doğrudan da Azərbaycan hökumətinin məqsədi odur ki, xarici ticarəti, ixracatı genişləndirsin, kənd təsərrüfatı və qeyri-neft sektorunun  ixracatının artmasına nail olsun, amma manat bahalaşdıqca bu hədəflərə çatmaq mümkün olmaz. Ona görə manatın aşağıdakı qırmızı xətti uzun aylardır 1.70 səviyyəsində müəyyən edilib. Manatın bundan artıq möhkəmlənməsinə Mərkəzi Bank imkan vermir. Elman müəllim sabitliyin səbəbləri barədə də doğru-dürüst məlumat vermir. Dollar manat münasibətlərinin sabitliyinin iki mühüm səbəbi oldu. Birincisi neftin qiymətləri qalxdı, ikincisi Neft Fondundan Mərkəzi Banka 7.5 milyard manat maliyyə sabitliyinin təşkili və təmin olunması adı altında vəsait ayrılıb. Bu vəsaitlərin artıq yarıdan çoxu Mərkəzi Banka daxil olub. Elman müəllim əgər bu məsələləri cəmiyyətlə bölüşsəydi, daha tam açıqlama olardı. Amma o səbəblər haqqında danışmadan ancaq nəticəni göstərir. Çox təəssüflər olsun ki, yarımçıq, yarı həqiqətlərlə dolu bir açıqlamanın yenidən şahidi olduq”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir