Cümə , 19 Aprel 2024
Drone Cameras

Rusiya hakimiyyətindəki “erməni barmağı” Azərbaycan diasporunu ciddi alternativlər axtarışında qoydu…

“Hələ ki, Rusiyanın daxilindəki bütün məhkəmə instansiyaları bitməyib”

İsmayıl Ağayev:  “Bu səbəbdən də məhkəmələr vasitəsilə təşkilatın bərpasına nail olmalıyıq. Alınmasa, yeni  təşkilatın qurulması nəzərdən keçirilə bilər”

 

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarından verdiyi apelyasiya şikayətinə baxılıb. Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası ÜAK-ın apelyasiya şikayətini təmin etməyərək, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb. ÜAK prezidenti Fazil Qurbanov bildirib ki, Apelyasiya Kollegiyasının qərarından Ali Məhkəmənin Rəyasət Heyətinə müraciət olunacaq.

Qeyd edək ki, bu il mayın 15-də Rusiya Ali Məhkəməsi Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatının ləğvi barədə qərar çıxarıb.

Məhkəmədən əvvəl Ədliyyə Nazirliyindən APA-ya verilən açıqlamada ÜAK-ın fəaliyyətində Rusiya Federasiyasının qanunvericiliyinin pozulduğu bildirilib. Rusiya Ədliyyə Nazirliyindən “İctimai təşkilatlar haqqında” Qanun əsas götürülərək, ÜAK-ın Mərkəzi Şurasının Rəyasət Heyətinə aşkar olunan pozuntuların aradan qaldırılması ilə bağlı dəfələrlə xəbərdarlıq edildiyi qeyd olunub.

Təşkilat pozuntuları aradan qaldırmadığına görə Rusiya Ədliyyə Nazirliyi təşkilatın ləğvinə dair inzibati iddia qaldırılması üçün bu il martın 9-da Ali Məhkəməyə müraciət edib.

ÜAK prezidenti Fazil Qurbanov isə Rusiya Ali Məhkəməsinin qərarını ədalətsiz adlandırıb. O, Rusiya Ədliyyə Nazirliyinin məqsədinin təşkilatın qeydiyyatını ləğv etdirmək olduğunu söyləyib.

ÜAK prezidenti və təşkilatın Rəyasət Heyəti Ali Məhkəmənin təşkilat barədə çıxardığı qərarla bağlı Rusiya prezidenti Vladimir Putinə və baş naziri Dmitri Medvedyevə müraciət edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, Rusiyanın müxtəlif dövlət orqanlarının nümayəndələri ilə ən müxtəlif səviyyələrdə danışıqlar aparılıb, ayrı-ayrı görüşlər zamanı mövzu dəfələrlə müzakirə olunub, Azərbaycan dövlətinin və ictimaiyyətinin məsələyə son dərəcə həssas yanaşması diqqətə çatdırılıb: “Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyasının birinci instansiya məhkəməsinin Ümumrusiya Azərbaycan Konqresinin ləğvi barədə qərarını qüvvədə saxlaması böyük təəssüf hissi doğurur.

Ümumrusiya Azərbaycan Konqresi rəhbərliyinin öz hüquqlarını sonadək müdafiə edəcəyinə əminliyimizi bildirməklə yanaşı, xüsusi olaraq vurğulamağı vacib hesab edirik ki, beynəlxalq münasibətlərin son dərəcə həssas və mürəkkəb bir dövründə qəbul olunan bu qərar iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin ruhuna qətiyyən uyğun deyil”.

Bundan sonra Azərbaycan hansı addımları atmalıdır? Çünki, faktiki olaraq, Azərbaycanın ən böyük diasporunun cəmləşdiyi Rusiyadakı ən böyük qurumumuz bağlanıb. Qanuni üsullarla mübarizə davam etməlidir, yoxsa yeni diaspor təşkilatı yaradılmalıdır?

Beynəlxalq Diaspor Təşkilatının sədri İsmayıl Ağayev Bakı Xeber qəzetinə bildirdi ki, ÜAK-ın ləğvi ilə bağlı prosesdə Rusiya düzgün davranış nümayiş etdirmir: “Nəzərə almaq lazımdır ki, azərbaycanlıların daha çox yaşadığı əcnəbi ölkə Rusiyadır. Rusiyada yaşayan azərbaycanlıların isə ən böyük qurumu məhz ÜAK olub. Həmin qurumun ciddi əsas olmadan ləğvi ölkələrimiz arasındakı münasibətlərə də təsir edir. ÜAK-ın bağlanması səbəbilə bağlı Rusiyanın göstərdiyi dəlil ciddi deyil. Hətta həmin irad doğru olsa belə, onu bir neçə günün içində düzəltmək mümkün idi. Moskvanın belə israrlı davranışından görünür ki, ortada başqa nüans var. Hazırda Rusiyanın ən böyük şəhərlərində azərbaycanlıların başqa təşkilatları, diasporları fəaliyyət göstərir. Bu qurumlar yüksək səviyyədə çalışır. Müvafiq bölgələrdə fəaliyyəti hiss olunan səviyyədə onlar mövcuddur. Rusiyaya elə təşkilat lazımdır ki, Kremldən idarə olunsun. Kremlin tapşırıqlarını yerinə yetirən, yeri gələndə öz ölkəsinə – Azərbaycana qarşı çıxışlar edə bilən təşkilat istəyirdilər. ÜAK isə həmin ampluaya sığmırdı.

Əsas məsələ budur ki, azərbaycanlıların Rusiyada güclü mövqeyi, təsirləri var.  Buna görə də biz orada təşkilatsız qalmayacağıq. İşimizi yenidən elə istiqamətdə qurmalıyıq ki, Konqresin bərpasına da nail olaq, qonşu ölkə ilə münasibətlərimizi də gündən-günə inkişaf etdirək. Hələ ki, Rusiyanın daxilindəki bütün məhkəmə instansiyaları bitməyib. Bu səbəbdən də məhkəmələr vasitəsilə təşkilatın bərpasına nail olmalıyıq. Alınmasa, yeni təşkilatın qurulması nəzərdən keçirilə bilər”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir