“AVRO-2020 öz təbiətinə görə unikal turnir oldu. Bu, müasir tarixin ən uyğun olmayan anlarından birində keçirildi. “COVID-19″ səbəbindən azarkeş və səyahət məhdudiyyətləri Bakıda nümayiş etdirməyə hazır olduğumuz tamaşanın səhnələşdirilməsini çətinləşdirsə də, turnirin müsbət tərəflərinə nikbin baxmaq imkanımız var”.
Boyukmillet.com-un məlumatına görə, bu fikirləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov AVRO-2020-nin Bakıda keçirilən oyunlar barədə danışarkən deyib.
Milli assosiasiya rəsmisi bildirib ki, Azərbaycan 2019-cu il Avropa Liqasının finalından sonra növbəti dəfə qiə futbolunun diqqət mərkəzinə düşdü: “Elit səviyyədə yarışlara ev sahibliyi etməyin yerli azarkeşlər və Azərbaycan əhalisi üçün təsirini qiymətləndirməmək olmaz. Ölkəmizin futbolda layiqli yer tutduğunu nümayiş etdirdik və ümid edirik ki, bu, yerli idmançılarımızastimul verəcək”.
Məmmədov UEFA-nın ayrılmaz üzvü olduqları üçün fəxr etdiyini söyləyib: “Yaxın gələcəkdə azarkeşləri Azərbaycanda yenidən salamlamaq üçün beynəlxalq idman təşkilatları ilə əməkdaşlığı davam etdirəyimizə ümid edirik. AFFA Danimarka, Çexiya, Türkiyə, İsveçrə və Uels kimi yığmaların iştirakı ilə matçları Bakıda qəbul etməkdən tamamilə məmnundur. Beş ölkənin azarkeşləri öz komandalarını dəstəkləmək üçün Bakı küçələrinə çıxdılar. Bu, turnir ərzində əla futbol festivalı oldu”.
Vitse-prezidentin sözlərinə görə, Bakıda yüksək səviyyəli rəqabət üçün zəmin hazırlanmışdı: “Möhtəşəm anlar azarkeşlərin yaddaşında uzun müddət qalacaq. Məsələn, 1/4 finalda Danimarkanın parlaq hücum futbolu. Bu anlar ölkəmizdə futbola olan sevgini oyatdı və 2025-ci ilədək futbol layihəmizi tanıtmaqda mühüm rol oynayacaq”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupunun Uels – İsveçrə, Türkiyə – Uels və İsveçrə – Türkiyə oyunlarına, həmçinin 1/4 final mərhələsinin Çexiya – Danimarka matçına ev sahibliyi edib.