Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Fransada rəsmi səfərdədir.
Nazir səfər çərçivəsində Strasburq Universitetinin rektoru Mişel Denekenlə görüşüb. Tərəflər elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, elmi-tədqiqat və tələbə mübadiləsi sahəsində əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.
Görüşdə həmçinin Azərbaycan-Fransız Universitetinin (UFAZ) 2024-2030-cu illər üzrə inkişaf perspektivləri barədə təqdimat keçirilib.
İkigünlük səfər çərçivəsində nümayəndə heyəti Strasburq Universitetinin müxtəlif elmi laboratoriyaları və tədqiqat mərkəzlərinə baş çəkib, eləcə də universitetdə hazırda təcrübə keçən UFAZ tələbələri ilə görüşüb.
Qeyd edək ki, UFAZ 2014-cü ildə Azərbaycan və Fransa prezidentlərinin təşəbbüsü ilə yaradılıb. UFAZ Azərbaycan tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Fransa tərəfindən isə Strasburq Universitetinin idarə etdiyi konsorsium çərçivəsində məzunlara iki diplom təqdim edir.