Samir Adıgözəlli: “Yəqin ki, yaxın vaxtlarda biz bu narazılıqdan doğan daha ciddi hadisələrin şahidi olacağıq”
Aprelin 2-də Ermənistanda keçirilməsi nəzərdə tutulan seçkilərlə bağlı narazılıq və narahatlıq artmaqdadır. Əksəriyyət artıq indidən seçkilərin saxtalaşdırılacağını bəyan edir. Onların sırasına diaspor da qoşulub.
Bəlli olduğu kimi, “Ermənistanda ədalət” adlı Təşəbbüs Qrupu hələ ötən ilin sonlarında 2017-ci ilin aprelində Ermənistanda keçiriləcək parlament seçkisini müşahidə edəcəyini bəyan edib. Erməni diasporunun tanınmış üzvlərinin yaratdıqları Təşəbbüs Qrupunun üzvü, tanınmış kanadalı rejissor A.Eqoyan Los-Ancelesdə keçirilən forumda aprel seçkisinin nəticələrinin onlar üçün qabaqcadan bəlli olduğunu deyib.
“Real böhran budur ki, biz seçkidə nə olacağını bilirik və nəticələrlə barışmamalıyıq. Biz siyasi motivli həbslərə etiraz etməliyik. Seçkinin nəticələrini bilirik, amma indi seçkidən sonra nə olacağını düşünməli və erməni diasporu kimi bu ölkədəki proseslərdə biz də iştirak etməliyik. Gəlin lazım olsa ora gedək, küçələrdə oturaq”, – deyə Eqoyan bildirib. Eqoyanın həyat yoldaşı, kanadalı aktrisa Arsin Xancyansa deyib ki, təkcə seçkiləri müşahidə etməklə iş bitmir, xaricdə yaşayan Ermənistan vətəndaşları ölkəyə gedib səs verməlidir. “Nəyinsə dəyişməsinə hələ ki, azacıq da olsa ümid var. Amma bu dəyişiklik yalnız bizim iştirakımızla mümkündür. Biz diaspor kimi status-kvonun (Dağlıq Qarabağ münaqişəsində) saxlanmasının yeganə yol olduğunu düşünməməliyik”, – deyə Xancyan bildirib. Forumda iştirak edənlərdən biri, yumorist Baqe Berberyan deyib ki, onların işi təkcə Ermənistandakı hakimiyyətə təsir etmək yox, həm də ölkə sakinlərinə dəyişikliyin yolunu göstərməkdir. “İnsanlar həqiqətən də öz səslərini 5 min drama satır. Biz təkcə bu səsləri alan məmurlara yox, həm də onu satan insanlara təzyiq edirik ki, səslərini satmasınlar” – deyə Berberyan vurğulayıb.
Yeri gəlmişkən, erməni mətbuatı artıq indidən yazır ki, Ermənistanda qarşıdan gələn parlament seçkilərində hər bir seçicinin ələ alınması üçün verilən rüşvət 100 dollara çatacaq. Bunu Ermənistanda çıxan “Joqovurd” (“Xalq”) qəzeti yazıb. Artıq bütün hallara görə erməni diasporunun Ermənistan hökumətinə maliyyə yardımını birdəfəlik kəsdiyi bildirilir.
Bu halın yaranmasına başlıca səbəb nə ola bilər?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, belə halın yaranmasına başlıca səbəb Ermənistan rəhbərliyinin yarıtmaz siyasətidir: “Dünyada formalaşan erməni diasporundan güclü ianələr alan Ermənistan hökuməti artıq çıxılmaz durumla üzləşib. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni diasporunun fəalları Sarkisyanı, açıq-aşkar, oğru və quldur adlandırır. Onlar görürlər ki, Ermənistan uçuruma gedir. Heç bir sahədə irəliləyiş yoxdur. Sarkisyan və onun komandası xirtdəyə qədər korrupsiyaya bulaşıb. Bütün bu halların mövcudluğu belə halın yaranmasına səbəb olub. Artıq erməni diasporu Sarkisyan hakimiyyətini devirəcəyilə bağlı açıq fikirlər səsləndirir. Yəqin ki, yaxın vaxtlarda biz bu narazılıqdan doğan daha ciddi hadisələrin şahidi olacağıq”.