Cümə , 22 Noyabr 2024
Drone Cameras

Erməni cinayətləri barədə edilmiş 400 beynəlxalq müraciət böyük iş görə bilər, dünyada ədalət olsa…

Samir Adıgözəlli: “Beynəlxalq təşkilatların ədaləti olarsa, Ermənistanın müharibə cinayətlərinə beynəlxalq hüquq müstəvisində, BMT nizamnaməsi çərçivəsində baxarlarsa, onda biz istədiyimizə nail ola bilərik”

Ədliyyə Nazirliyi tərəfindən düşmənin işğalçılıq faktları və müharibə cinayətləri ilə bağlı xarici ölkələrin ədliyyə nazirliklərinə və nüfuzlu beynəlxalq təşkilatlara 400-ə yaxın müraciət ünvanlanıb. Bunu ədliyyə naziri Fikrət Məmmədov deyib.

Bu müraciətlər Ermənistanın cinayətlərinə beynəlxalq hüquqi qiymət verilməsinə necə təkan verə bilər?

  • “Bu müraciətlərin müsbət nəticəsi gözləniləndir”

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli qeyd etdi ki, dünya ədalətli olarsa, Ermənistan layiqincə cəzalandırıla bilər. “44 günlük müharibə dövründə və ondan sonrakı proseslərdə Azərbaycan dövləti müxtəlif beynəlxalq təşkilatlara, qurumlara müraciət edib. Bildiyimiz kimi, Ədliyyə Nazirliyi tərəfindən də çox geniş müraciətlər hazırlanıb. Ədliyyə Nazirliyi tərəfindən ciddi şəkildə təsbit olunmuş faktlar əsasında ermənilərin törətdikləri müharibə cinayətləri ilə bağlı beynəlxalq müstəvidə edilən müraciətlər çox əhəmiyyətlidir. Bu müraciətlərin müsbət nəticəsi gözləniləndir. Ümumiyyətlə, təkcə indi deyil, əvvəlki illərdə də Azərbaycan Ermənistanın işğalçılıq siyasəti, mülki əhaliyə qarşı törətdiyi cinayətlər və sair barədə beynəlxalq aləmə müraciətlər edib. Bütün bu məsələlərə münasibətdə beynəlxalq təşkilatlardan ancaq susqunluq görmüşük. Çox təəssüflər olsun ki, BMT-nin nizamnaməsi, hüquqi nizam kobud şəkildə pozulub, Ermənistan beynəlxalq hüququ ayaqları altına alıb. Təsəvvür edin ki, ermənilərin basdırdıqları minalar nəticəsində nə qədər mülki şəxs həlak olub, insanlar həyatlarını itiriblər. Vətəndaşlarımız Ermənistanın cinayətləri üzündən azad edilən ərazilərimizə gedə bilmirlər. Buna beynəlxalq təşkilatlar biganə yanaşırlar”.

S.Adıgözəlli qeyd etdi ki, Ermənistanın törətdiyi bütün cinayətlərə görə cavab verməsi üçün beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər laqeydliyə son qoyub bu ölkəyə qarşı hərəkətə keçməlidirlər. S.Adıgözəllinin sözlərinə görə, Ermənistanın törətdiyi bütün hərbi cinayətlər cavabsız qalmamalıdır: “Müharibə bölgəsindən kilometrlərlə uzaqda yerləşən Gəncənin, Bərdənin, Tərtərin Ermənistan tərəfindən raket atəşinə tutulması, qadağan olunmuş silahlarla hədəfə alınması, vurulması Ermənistanın necə cinayətkar ölkə olduğunu bir daha sübut edir. Mülki obyektlərin, şəhərlərin ballistik raketlərlə atəşə tutulması, yüzdən artıq mülki şəxsin həlak edilməsi faktdır, biz vətəndaşlarımızı erməni terroru nəticəsində itirdik. Bunlar ağır hərbi cinayətlərdir. Ümumiyyətlə, beynəlxalq təşkilatlara müraciətlər davamlı olmalı, mütəmadi xarakter daşımalıdır. Ədiyyə Nazirliyinin ayrı-ayrı təşkilatlar, dövlətlərə ünvanladığı 400-ə yaxın müraciət, şübhəsiz, nəticəsini verəcək. Əlbəttə, dünyada ədalət hissini itirməyən təşkilatların da olduğu şübhə doğurmur. Ermənistan layiqli cəzasını alana qədər, bütün hallarda,  müraciətlər davam etməlidir. Biz müraciətlər edərək Ermənistanın cinayətlərini ortaya qoyuruq. Bununla yanaşı, həm hökumət, həm parlament üzvləri, həm aidiyyəti təşkilatlar, səfirliklər, diaspor mütəmadi olaraq bu məsələləri qaldırmalıdır. Təbii ki, xaricdə fəaliyyət göstərən təşkilatlarımız da aktivliklərini gücləndirməlidirlər. Hesab edirəm ki, bu müraciətlər nəticəsində Ermənistana konkret olaraq sanksiyalar tətbiq edilməsinə nail olmalıyıq, dünya ədalətli olarsa, Ermənistan cinayətlərinin cəzasını daha tez şəkildə çəkəcək. Azərbaycanın əlində Ermənistanın müharibə cinayətləri ilə bağlı çox tutarlı dəlillər, faktlar var. Beynəlxalq təşkilatların ədaləti olarsa, Ermənistanın müharibə cinayətlərinə beynəlxalq hüquq müstəvisində, BMT nizamnaməsi çərçivəsində baxarlarsa, onda biz istədiyimizə nail ola bilərik. Amma çox təəssüf ki, indiyə qədər bu ədələti nüfuzlu beynəlxalq təşkilatlardan görməmişik. Azərbaycan öz torpaqlarını iradəsi hesabına geri qaytardı. ATƏT-in mövqeyini gördük və onu dünya Ermənistanın yanında gördü”.

S.Adıgözəlli hesab edir ki, Azərbaycan intensiv olaraq müraciətlərini davam etdirməlidir. Çünki beynəlxalq təşkilatların yerindən tərpənməsi üçün inadlı mübarizəmiz davamlı olmalıdır.

İradə SARIYEVA

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …