Cümə , 22 Noyabr 2024
Drone Cameras

Erməni siyasətçilər Azərbaycan Prezidentinin müsahibəsini təhlil edib düzgün qərar verməlidirlər RƏY

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi Azərbaycan dövlətinin yaxın illər üzrə xarici siyasəti və xüsusən regiondakı hadisələr ilə bağlı strateji baxışlarını göstərdi. Dövlət başçılarının xüsusilə genişformatlı müsahibələri araşdırma mərkəzləri, eyni zamanda, xarici dövlət qurumlarının təhlilləri üçün mühüm mənbə rolunu oynayır. Prezident İlham Əliyevin müsahibəsində də təhlillər üçün kifayət qədər tezislər var idi. Hesab edirəm ki, qonşu dövlətlər, bəzi Avropa ölkələri, eyni zamanda, beynəlxalq təşkilatlar mövcud reallıqları nəzərə almaqla bu müsahibədəki fikirləri düzgün təhlil edə bilsələr, regionun inkişafı üçün yaxşı imkanlar yarana bilər.

Boyukmillet.com xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

Cəsarət Hüseynzadə Prezidentin müsahibədə bir neçə dəfə ciddiliklə bağlı gətirdiyi fikirlərə xüsusi diqqət çəkərək deyib: “Dövlətimizin başçısı sülh müqaviləsi müzakirələrinə həsr olunan görüşlərə toxunaraq bildirdi: “Çünki biz ciddi adamlarıq. Burada ciddi söhbətlər gedir. Biz nəyisə razılaşdırırıqsa, hətta şifahi olsa belə, buna əməl etməliyik”. Məncə, bu məqam, Prezidentin sərgilədiyi ciddi mövqe illərdir Azərbaycanın nüfuzunu artırır. Bəzi ermənipərəst qüvvələrin hətta BMT tribunasına qaldırdığı anti-Azərbaycan qətnamələr məhz ötən dövrlərdə yaranan bu münasibətlər nəticəsində fiaskoya uğrayır. Düzdür, hansısa görüşlərdə bəzi dövlət başçılarının, xüsusilə Ermənistan rəhbərinin verdiyi sözdən bu gün qaçması bizim planlarımızı bir qədər gecikdirir. Amma hesab edirəm ki, Azərbaycanın bu məqamlarla da bağlı alterativ variantları mövcuddur. Dövlətimizin başçısının 2022-ci il ərzində Azərbaycan-Ermənistan şərti sərhədində, eləcə də Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində silahlı insidentlərə, Fərrux, “Qisas” əməliyyatlarına, eləcə də sentyabrın ortalarındakı döyüşlərə diqqəti çəkməsi kifayət qədər həmin alterativ imkanların olduğuna bir işarədir”.

QHT sədrinin sözlərinə görə, qonşu dövlətlər, daha dəqiq desək, Ermənistan tərəfi təkcə Prezidentin siyasət və hərbi ilə bağlı fikirlərini deyil, eyni zamanda, sosial, iqtisadi və xüsusilə energetikaya dair baxışlarını diqqətlə təhlil etməlidir. Azərbaycan özünün iqtisadi və enerji təhlükəsizliyi təmin edib. Bu təhlükəsizliyi inkişaf etdirmək və region üçün sözügedən istiqamətdə yeni layihələrə imza atır. Hazırda Azərbaycan günəş və külək enerjisi də daxil olmaqla, yaşıl enerjinin istehsalını və ixracını hədəfləyib. Digər energetika layihələri də mövcuddur. Qərb və Rusiya qarşıdurması fonunda Azərbaycan Avropanın enerji təhlükəsizliyində vacib aktorlardan birinə çevrilir. Ermənistan özünün işğalçılıq siyasəti nəticəsində ötən 30 ildə regionun bütün iqtisadi layihələrdən kənarda qaldı. Növbəti illər üçün Ermənistanın özünün və regional inkişaf ilə bağlı siyasəti neçə olacaq? Zəngəzur dəhlizi, əslində, Ermənistanın özü üçün də bir şansıdır. Sadəcə, bu şansı müsbət qiymətləndirməklə və eyni zamanda, dürüst olmaqla Ermənistan da regionda özünü inkişaf etdirə bilər. Dövlətimizin başçısının da dediyi kimi, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq.

Prezident İlham Əliyevin müsahibəsində çox vacib məqamlara toxunduğunu qeyd edən C.Hüseynzadə bildirib ki, xüsusən erməni siyasətçilər dövlətimizin başçısının fikirlərini təhlil edərək düzgün qərar verməlidirlər. Müsahibədə hərbi məsələlərlə bağlı çox ciddi xəbərdarlıqlar var. Azərbaycan 44 gün ərzində Ermənistan ordusunu darmadağın edib. Ötən dövr ərzində ordunun inkişafı ilə bağlı, xüsusən müasir texnoloji inkişafla bağlı çox ciddi addımlar atılıb. Məqsəd həm də odur ki, Ermənistan hərbi qarşıdurmanın onların tamamilə məhvi demək olduğunu anlasın. Dövlətimizin başçısının müsahibəsində bu məqam kifayət qədər sərt formada dilə gətirildi: “Biz əgər görsək ki, bizim üçün hər hansı bir ciddi təhlükə varsa, bu təhlükəni dərhal dəf edəcəyik. Baxmayaraq ki, bu təhlükə harada yaranıb, bizim ərazimizdə, yaxud da ki, hüdudlarımızın kənarında. Bu, bizim legitim hüququmuzdur”.

C.Hüseynzadə bildirib ki, eyni zamanda, Azərbaycanın sülh müqaviləsi ilə bağlı fəal siyasət aparması bəzən müxtəlif dairələrdə yanlış anlaşılır. Müsahibədə Prezident bu məsələyə də vacib şərh verdi. Dövlətimizin başçısının “Biz uzun müddət belə yaşaya bilərik, sülh müqaviləsi olmasa heç lazım da deyil” deməsi sülh müqaviləsi ilə bağlı müzakirə aparan tərəfləri və Ermənistanı bir daha düşünməyə vadar etməlidir. Prosesin qalib və məğlub, haqlı və haqsız tərəfləri var. Tarixi ədalət və beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bu, illərlə belə olub. Sadəcə olaraq, İkinci Qarabağ müharibəsinə qədər təkcə mövcud reallıq Ermənistanın tərəfində olub. Hazırda bu komponent də Azərbaycanın xeyrindədir. Mövcud reallıq isə torpaqlarımızın işğaldan azad edilməsi, müharibədə qalib tərəfin Azərbaycan olması və Ermənistanın kapitulyasiyaya imza atmasıdır. Bütün siyasi, hərbi və hüquqi üstünlüklərin Azərbaycan tərəfində olması şəraitində bəzi qüvvələrin hələ də Ermənistanı müdafiə etməsi təkcə ölkəmizi deyil, dünyanın bütün mütərəqqi qüvvələrini narahat etməlidir.

Prezident müsahibəsində bu məqama da xüsusi toxunaraq, Ermənistanı açıq şəkildə müdafiə edən Fransanın vasitəçi olmaq mövqeyinin yolverilməzliyini diqqətə çatdırdı.

Check Also

QHT sədri deputatlığa namizədliyini irəli sürəcək

Bu il, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində vətəndaş cəmiyyətinin nümayəndələri də deputat mandatı uğrunda …