Səhər tezdən Ermənistan Müdafiə Nazirliyinin Üçkilsədə (Eçmiədzin) yerləşən “Ximiki” hərbi hissəsinin itkin düşmüş hərbçilərinin valideynləri İrəvana gəlib və Ermənistan hökumət binası qarşısında etiraz aksiyası keçirirlər. Onlar Nikol Paşinyanla görüş tələb edirlər.
Boyukmillet.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Üç ilə yaxındır ki, oğlanlarımızla bağlı heç bir xəbər eşitmirik, MTN normal işləmir, bütün strukturlar uşaqlarımızı unudub. Paşinyan, de görüm, uşaqlarımız haradadır?” – erməni əsgərlərin valideynləri bildiriblər.
Paşinyanın Azərbaycan prezidenti ilə görüşündən gözləntilərinin olub-olmaması ilə bağlı suala valideynlərdən biri belə cavab verib:
“Nə gözləyə bilərik? Bu üç il ərzində hansı birimizin gözlədiyimiz şeylər oldu ki, bu gün də olsun. Fakt budur ki, onlar (Ermənistan hakimiyyəti – red.) heç bir ümidi doğrultmadı”.
O, həmçinin əlavə edib ki, Ermənistan hakimiyyəti 3 ildir “yatıb”:
“Məhkəmə işləmir, hər dəfə 100 km irəli-geri gedirik. Nəticədə hakim 5 dəqiqə aşağı düşür, bir-iki yalan söz deyir, bizi geri göndərir və deyir: iki aya qayıdarsınız, beş aya qayıdarsınız”.
Digər erməni valideyn isə qeyd edib ki, Paşinyan boş vədlər verir:
“Deyir, əsirlər təhvil veriləndə oğlunu qaytararıq. Mənə deyə bilərsinizmi, yaralılar, ölənlər və ya itkin düşənlər arasında hansısa kəndin ən əhəmiyyətsiz başçısının uşaqları var, ya yox? Bir yerdə göstərə bilərsiniz? Yaralı, ölən və itkin düşənlər arasında bir məmur övladı yoxdur. Yalnız kasıbların övladlarını götürüb cəhənnəmə göndərdilər, indi də bizi göndərmək istəyirlər. İnsanları gərəksiz addımlar atmağa məcbur etməsinlər, amma bəlkə buna qərar verərəm. Ola bilər ki, maşına bayraq taxıb Azərbaycana gedim. Deyəcəm ki, mən Azərbaycan vətəndaşı olmaq istəyirəm, Ermənistan vətəndaşı olmaq istəmirəm. Oğlumu mənə qaytarın, gedib Azərbaycan pasportu alım”.