Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ermənistan Azərbaycanın sərhəd qüvvələrindən sonra Əlahiddə Ümumqoşunu hədəfə alır – taktika dəyişikliyi, ya sadəcə təxribat…

Martın 12-si səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordusunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordusunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb.

Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti tərəfindən qətiyyətli cavab tədbirləri görülür və atəşkəs rejiminin pozulmasının fəsadları araşdırılır. Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Qeyd edək ki, son vaxtlar Ermənistan silahlı qüvvələri işğal altındakı ərazilərdə deyil, məhz Azərbaycan-Ermənistan sərhədində atəşkəsi pozmaqda davam edir. Bundan bir neçə gün əvvəl biz belə fəallığı Qazax istiqamətində gördük və bunun nəticəsində 3 hərbçimizi itirdik. Müdafiə Nazirliyinin yaydığı son bəyanatdan da görünür ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 27 dəfə pozublar.

Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan kəndində, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Qızılhacılı, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Ermənilərin Sərhəd Qoşunlarımızdan sonra Əlahiddə Ümumqoşun Ordusunu hədəfə alması nəyin əlaməti sayıla bilər?

  • İbrahim Rüstəmli: “İstər Dağlıq Qarabağda, istərsə də sərhəddə baş verən hadisələr eyni mərkəzdən idarə olunur və məsuliyyəti də Paşinyanın siyasi komandası daşıyır”

Hərbi-siyasi icmalçı İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, baş verən bütün hadisələrin məsuliyyəti Ermənistan siyasi rəhbərliyinin üzərinə düşür: “Bütün beynəlxalq hüquqi sənədlər Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Ermənilər bunu tam anladıqları üçün münaqişənin ömrünü uzatmaq məqsədilə müxtəlif təxribatlara əl atırlar. Bu proses heç vaxt dayanmayıb. Onların bütün hakimiyyətləri Qarabağ kartından öz siyasi məqsədləri üçün istifadə ediblər. Paşinyan nümayişkaranə şəkildə Ermənistan vətəndaşı olan oğlunu işğal altında olan ərazilərdə hərbi xidmətə göndərirsə, deməli, burada bütün məsuliyyət Ermənistan siyasi rəhbərliyinin üzərindədir. Digər tərəfdən isə Paşinyan deyir ki, Qarabağda qarabağlılar döyüşür, bizim ora aidiyyətimiz yoxdur. Təzadı görürsünüz. Onlar özləri-özlərini idarə etmir. Bütün bu proseslərin ssenarisini yazan adamlar var. Onlar hansı düyməni basırlarsa, həmin hadisə də yaşanır. Bununla demək istəyirəm ki, istər Dağlıq Qarabağda, istərsə də sərhəddə baş verən hadisələr eyni mərkəzdən idarə olunur və məsuliyyəti də Paşinyanın siyasi komandası daşıyır. Son hadisələr də Azərbaycanın ərazi bütövlüyünə qarşı növbəti təxribat cəhdidir. Məqsəd diqqəti yenidən bu prosesə yönəltməkdir. Onlar informasiya savaşında çox mobil şəkildə təşkilatlanıblar. Biz də bu istiqamətdə səylərimizi birləşdirməliyik ki, Ermənistanın niyyətləri baş tutmasın. Təbii ki, Azərbaycanla sərhəddə onların təxribatları baş tutan deyil. Ordumuz çox güclüdür, layiqli cavablarını verəcəyik. Hadisələri dünya ictimaiyyətinə elə çatdırmalıyıq ki, Ermənistanın bütün niyyətləri ifşa edilsin”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …