Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Ermənistan Qarabağa MAXE göndərəcəyini açıq bəyan etdi – rus hərbçilərdən səs çıxmadı…

Emin Həsənli: “Ermənistan ordusunu Qarabağdan tam çıxarmaq onların öhdəliyinə aiddir”

Ermənistan silahlı qüvvələri Baş Qərargah rəisinin müavini Saak Saakyanın çağırışçı valideynləri ilə görüşdə Azərbaycanın Qarabağ bölgəsində müddətli hərbi xidmətçilərin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçuları ilə əvəzlənəcəyini bildirib.

İstənilən halda, Qarabağ ərazisində yerləşən qeyri-qanuni hərbi birləşmələrin hamısı birbaşa olaraq Ermənistan Müdafiə Nazirliyinə tabedir. Saak Saakyanın bəyanatı 10 noyabr üçtərəfli bəyanatının pozulması və Azərbaycan üçün qırmızı xəttin keçilməsi deməkdir.

Ümumiyyətlə, Azərbaycan ərazisində, Qarabağda erməni hərbi birləşmələri olmamalıdır. Rusiyalı sülhməramlılarının Qarabağda əsas fəaliyyəti də məhz həmin qruplaşmaların bölgədən çıxarılmasından ibarətdir. Hazırda sülhməramlılarının nəzarətində olan bölgədə Ermənistanın atacağı hər hansısa bir addıma görə bütün məsuliyyət onların üzərinə düşür.

Rus sülhməramlılarının bu məsələ ilə bağlı niyə səsi çıxmır?

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan 44 günlük müharibədə çox ağır zərbə aldı: “1700-dən artıq hərbçisinin cəsədi Qarabağ ərazisində qaldı. Azərbaycan tərəfi çox böyük humanistlik göstərərək, onları Ermənistana təhvil verdi. Atəşkəsdən sonra 150 hərbçisi əsir düşdü. Bunlar Ermənistan üçün böyük rəqəmlərdi. Bunun üzərinə 4-5 min ölən hərbçi sayını da əlavə edəndə doğrudan da ciddi say alınır. Artıq Ermənistandakı valideynlər açıq çağırış edirlər ki, övladlarının Qarabağa aparılmasını istəmirlər. Ermənistan rəhbərliyi bu vəziyyəti gözəl  anlayır. Məcburdu ki, bu narazılığı anladığı üçün belə addım atsın. Heç MAXE kimi də onlar Qarabağda xidmət etmək istəməyəcək. Müxtəlif vədlərlə məcburi göndərəcəklər. Son iki ildə Ermənistanın hərbi məktəblərinə qəbul olmaq istəyən belə yoxdur. Çünki ordunun necə rəzil duruma düşdüyünü görüblər. Hətta ekspertlər deyir ki, onlara ordu lazım deyil. Bütün qonşuların güclü ordusu ilə öz vəziyyətlərini müqayisə edib, bu qənaətə gəlirlər. Bu psixoloji vəziyyət yaxın 30 ildə düzəlməyəcək.  Ermənistan rəhbərliyi yaxşı başa düşür ki, Qarabağda əsgər saxlaya bilməyəcək. Buna heç iqtisadi gücü də çatmayacaq. MAXE-ləri saxlamaq isə daha böyük vəsait tələb edir. Reallıqdan çox uzaqdır. İstənilən halda, rus sülhməramlıları buna etirazlarını bildirməlidir. Çünki Ermənistan ordusunu Qarabağdan tam çıxarmaq onların öhdəliyinə aiddir”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Azərbaycan hərbçisinin vəfat etdiyi bildirilir

Nazirlik ölüm səbəbi kimi səhhətinin qəfil pisləşməsini göstərir Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəhri Fərman oğlu …