Mübariz Əhmədoğlu: “Ermənistan XİN-in yaydığı bəyanat təhrifedici xarakterlidir”
Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinin əli ilə Azərbaycana böhtan atır. Guya AİHM də təstiq edib ki, ermənilərlə azərbaycanlılar bir yerdə yaşaya bilməzlər.
Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, AİHM-in 30 yanvar tarixli qərarına görə, guya statusundan asılı olmayaraq, Azərbaycan hakimiyyəti nəzarətində olan hər bir erməni təhlükə altındadır: “Yanvarın 30-da AİHM Saribekyan və Balayan Azərbaycana qarşı işilə bağlı qərar qəbul etdi. Bu, Azərbaycan nəzarətində, Azərbaycan hərbi polis idarəsində olan Ermənistan vətəndaşı Manvel Saribekyanın ölüm hadisəsi barədə idi. M.Saribekyan 2010-cu il sentyabrın 11-də pis hava şəraiti ilə əlaqədar itkin düşdü və Tavuş bölgəsində sərhədi keçərək Azərbaycan tərəfinin hissəsinə girib. Bir ay sonra isə, 2010-cu il noyabrın 4-də Saribekyanın cəsədi erməni tərəfinə verildi. Azərbaycan versiyasına görə, erməni çoban Azərbaycan hərbi polis idarəsində intihar edib”.
Ermənistan XİN-i iddia edir ki, Saribekyan işgəncələrə məruz qalaraq ölüb. Guya AİHM-in məlum qərarı Ermənistan vətəndaşının həyatdan məhrum edilməsində Azərbaycanın məsuliyyətini təsdiqlədi. İddia olunur ki, guya statusundan asılı olmayaraq, Azərbaycan hakimiyyətinin nəzarətində olan hər bir erməni təhlükə altındadır.
Göründüyü kimi, erməni həyasızlığı o həddə gəlib çatıb ki, onlar nəinki öz adından, hətta beynəlxalq təşkilatların adından Azərbaycana böhtan atırlar. AİHM adından böhtanın atılması buna sübutdur. Digər tərəfdən, AİHM Ermənistan XİN-in bu yalanına reaksiya verməyib susqunluq nümayiş etdirəcəksə, bu əsl siyasi rüsvayçılıq olacaq.
- “Onların bu cür yalan təqdimatlarına dərhal reaksiya verilməlidir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlunun sözlərinə görə, ermənilər AİHM-in qərarını öz maraqlarına uyğun təhrif edirlər: “Mən özüm AİHM-in qərarını oxumuşam. Bu baxımdan Ermənistan XİN-in yaydığı bəyanat təhrifedici xarakterlidir. Yəni AİHM-in M.Saribekyan haqqında çıxardığı qərarı özlərinə xeyir edən formada təsvir ediblər. Sanki AİHM onların maraqları formada məsələyə yanaşıb. Hansı ki, bu heç də belə deyil. Bu o demək deyil ki, azərbaycanlılarla ermənilər bir yerdə yaşaya bilməzlər. Ona görə də onların bu cür yalan təqdimatlarına dərhal reaksiya verilməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etməlidir ki, M.Saribekyan dövlət sərhədini pozduğuna görə saxlanıb. Digər sərhədi pozanların da adı çəkilməlidir. Bir məqamı qeyd edim ki, Azərbaycan sərhədini pozan erməni vətəndaşlarını Ermənistan müdafiə naziri psix adlandırdı. Bəyan edirlər ki, guya ruhi xəstə olduqlarına görə sərhədi pozublar. Bir belə adam sərhədi pozduğuna görə xəstə ola bilər? M.Saribekyanla bağlı biz erməniləri küncə sıxa bilərik. Ermənilər həyasızcasına böhtan ataraq bəyan edirlər ki, guya Azərbaycanda Saribekyana salyarka vurublar. Belədirsə, o zaman cəsədini çıxarıb ekspertizadan keçirsinlər. Hesab edirəm ki, biz bunu tələb etməliyik. Ermənistan Müdafiə Nazirliyinin qospitalının rəyi var ki, guya Saribekyan Azərbaycan tərəfinə keçəndən sonra üzərində eksperiment keçirilib, bədəninə salyarka yeridilib. Həqiqətən belədirsə, o zaman bunu sübut etsinlər. O üzdən, biz bu məsələni AİHM-də qaldırmalıyıq”.