Ermənistan məhkəməsi əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən yolu azaraq Ermənistan tərəfə keçən və orada əsir saxlanılan Azərbaycan hərbçisi Aqşin Bəbirovu 11,5 il müddətinə azadlıqdan məhrum edib.
Boyukmillet.com xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.
A.Bəbirov “sərhədi qanunsuz keçmək, silah və sursat daşımaqda” ittiham olunub.
Məlumata görə, Ermənistanda əsir saxlanılan digər azərbaycanlı əsgər Hüseyn Axundovun “cinayət işi üzrə istintaq” davam edir.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər.
Ermənistan Müdafiə Nazirliyi aprelin 13-də Azərbaycan əsgərlərinin Ermənistanda saxlandığını etiraf edib.
Sosial şəbəkələrdə və Ermənistan mediasında ermənilərin əsir götürdükləri Azərbaycan hərbçisini döymələri, ona ağır işgəncə vermələri ilə bağlı görüntülər yayılıb.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycan Ordusunun itkin düşən iki əsgəri ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib