Ermənistanda mövcud hakimiyyət müxalif qüvvələri güc yolu ilə sıradan çıxarmaqda maraqlı görünür. Tsarukyanın deputat toxunulmazlığının ləğv edilməsi və onun tərəfdarlarının polis gücü ilə təzyiqə məruz qalmaları Nikol Paşinyanın Ermənistanda diktatura rejimini tətbiq etdiyinin açıq göstəricisidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında İctimai Siyasi Proseslər Beynəlxalq Araşdirmalar Mərkəzinin sədri Samir Adıgözəlli bildirib.
Mərkəz sədri qeyd edib ki, siyasi təqiblər, həbslər, Paşinyanı tənqid edənlərin təzyiqlərə məruz qalması birbaşa Paşinyanın göstərişi ilə həyata keçirilir. Tanınmış ictimai-siyasi xadimlərə qarşı repressiyanın aparılması Paşinyanın demokrat donunun tamamilə düşməsinin isbatıdır. Hakimiyyətə gələndən ancaq populist çıxışlar edərək keçmiş rəqiblərinə qarşı silsilə cinayət işləri açmaqla dünya ictimaiyyətinin gözündə özünün demokrat imicini formalaşdırmağa daim cəhd göstərirdi. Lakin yalan və şou siyasəti üzərində hakimiyyətə gələn Paşinyanın iflas siyasəti bütün Ermənistanı ona qarşı hərəkətə gətirib. Onun sözlərinə görə, Tsarukyanla bağlı baş vermiş son hadisələr nədənsə beynəlxalq təşkilatların, ümumən Qərbin səssizliyi ilə müşahidə olunmaqdadır. Bu vəziyyətdə Paşinyan siyasi rəqiblərini güc yolu ilə sıradan çıxarmaqda davam etməkdədir. “Tsarukyanın tərəfdarlarının Ermənistan parlamentinin qarşısındakı aksiyası güc strukturları tərəfindən dağıdılmış və yüzlərlə adam saxlanılmışdır. Aksiya dağıdılan zaman orada aksiyanı işıqlandıran media nümayəndələrinə qarşı güc tətbiq edilmişdir” , – deyə S. Adıgözəlli bildirib.
Vurğulayıb ki, son günlər baş vermiş hadisələr zamanı Paşinyan təkcə siyasi rəqiblərinə qarşı deyil, həm də Kütləvi İnformasiya Vasitələrinə qarşı güc tətbiq etmişdir. Bu günə qədər təəssüf olsun ki, nə beynəlxalq təşkilatlar, nə də Qərb ölkələrinin Ermənistandakı səfirlikləri demokratik dəyərlərin ayaq altına alınmış Yerevandakı hadisələrə heç bir münasibət bildirməmişlər. Görünən odur ki, işğalçı Ermənistanın hökumətinin başına gətirdikləri və ona demokrat obrazı yaratdıqları Paşinyanı Qərb ölkələri himayə etməkdədir. Partiya sədri diqqətə çatdırıb ki, işğalçı ölkədə baş verənlər siyasi böhranın dərinləşməsinə gətirib çıxaracaq. Müxalifət deputatlarının yaxın perspektivdə parlamentin işində iştirakdan imtina etməsi qanunverici orqanın işini iflic edəcək. Bu isə növbəti seçkilərin keçirilməsini gündəmə gətirəcək. Nəticə olaraq Ermənistan yenidən küçə inqilabına yaxınlaşmaqdadır. Bu inqilabda isə növbə Paşinyanın devrilməsidir. Azərbaycana qarşı ikili standartlıq göstərib kiçik bir hadisəni qloballaşdırmağa cəhd
göstərən Qərb təşkilatları insan hüquq və azadlıqlarını və söz azadlığını üstün dəyər bilirlərsə mütləq Ermənistanda baş verənlərə münasibət bildirərək işğalçı ölkənin anti-demokratik hakimiyyətini ifşa etməlidirlər.