Ermənistan niyə yenidən səfərbərlik etmək istəyib və sonradan ləğv olunub? Bu sualın cavabı nə erməni rəsmiləri tərəfindən, nə də erməni mediasında verilir. Lakin bir neçə gün öncə erməni mediası yazırdı ki, hakimiyyət etirazçıların sayını azaltmaq üçün yenidən səfərbərlik etmək və etirazçılara hərbi xidmətin nə olduğunu göstərmək istəyir. Digər versiya isə müharibədə Ermənistan ordusunun canlı qüvvəsinin sıradan çıxmasıdır. 10 minə qədər ölü, bunun iki qatı qədər yaralı, 3 minə qədər itkin var. Xarici ekspertlərsə Ermənistanın itkilərinin 25-30 min arası olduğunu qeyd edirlər. Görünür, Ermənistanda sərhədlərin qorunması və digər qoşun növlərində xidmət aparacaq əsgər yoxdur. Yeni səfərbərliyin səbəblərindən biri bu ola bilər.
“Biz Ermənistan əhalisi arasında bu qərara kütləvi etiraz və tabesizlik görəcəyik”
İctimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzinin (İSBAM) rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunlar Ermənistanda ordu adında nəyinsə qalmadığını bir daha sübut edir: “Hətta onların verdiyi rəsmi statistika belə Ermənistan ordusu üçün böyük fəlakətdir. Ancaq hamıya bəllidir ki, rəsmi statistika ilə real itki sayı arasında bir neçə dəfə fərq var. Təkrar səfərbərliyin edilməsi bu baxımdan inandırıcı görünür. Ancaq bunu heç də Ermənistanın yenidən müharibə etmək istəyi kimi qəbul etmək düzgün olmaz. Çünki onlar son müharibədən elə dərs aldılar ki, bir daha çətin belə fikrə düşələr. Hakimiyyət, eyni zamanda, bütün itkiləri ordu rəhbərliyinin üstünə yığmaq üçün orduda ciddi repressiyalara start verməyə hazırlaşır. Təxminən 10 minə yaxın cinayət işinin açılması bunun anonsu sayıla bilər. Bununla Paşinyan həm də ordunu Köçəryan-Sarkisyan qalıqlarından təmizləməyi planlaşdırır. Bu sayın özü də orduda şəxsi heyət çatışmazlığı yarada bilər. Bütün bu amillər Ermənistanda səfərbərliyi labüd edir. Ola bilər ki, proses gizlin həyata keçirilsin. Ancaq biz Ermənistan əhalisi arasında bu qərara kütləvi etiraz və tabesizlik görəcəyik. Fərarilik halları daha da artacaq. Çünki son müharibə onların gözünü elə qorxudub ki, orduya çağırılanlar yenidən ölümə gedəcəklərini zənn edəcəklər. İstənilən halda, Ermənistan üçün yenidən nizami ordu yaratmaq çox çətin bir proses olacaq”.
Ekspertin sözlərinə görə, Ermənistan əhalisinin bütün olanlardan yaxşı nəticələr çıxarması lazımdır: “Bilməlidirlər ki, başqasının torpağına göz dikənin son aqibəti belə olur”.
Məhəmmədəli QƏRİBLİ