Tanınmış jurnalist Eynulla Fətullayev Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyanın Kürdəmirdə yaşayan bacısı Zoya Arutyunovanı taparaq ondan müsahibə alıb.
Qeyd edilib ki, inqilabın qələbəsindən sonra Paşinyan iki generala – Yuri Xaçaturova və M.Arutyunyana qarşı cinayət işi başlama əmri verib. Xaçaturov birbaşa həbsxanaya göndərildi. Mikael Arutyunyan isə Rusiyaya qaçmağı bacardı. Və Kremldə təqib olunan generalın Rusiya pasportunu tapdılar və dövləti cinayətkarın Rusiya ərazisində axtarışı qərarı ləğv edildi…
Boyukmillet.com virtualaz.org-a istinadən həmin müsahibəni təqdim edir:
Ofisdən çıxarkən erməni mediasının son məlumatını xatırladım! Sürgündə olan general-polkovnik Mikael Arutyunyan Qarabağda başlayan şiddətli döyüşlərdə iştirak etmək üçün Ermənistana qayıtmasına icazə verilməsini xahiş edərək Moskvadan Nikol Paşinyana müraciət etmişdi. Azərbaycana qarşı müharibəyə. Ermənistanın baş naziri isə sürgündəki generalın müraciətinə məhəl qoymadı.
Mikael Arutyunyan öz vətəninə qarşı silah çəkdi. Onun təmsil olunduğu hakimiyyət minlərlə azərbaycanlını qətl etdi…
Kəndə çatdıq. Köhnə tanışım bərbad palçıqlı yolların arasında evi səhv saldı. Zoya Arutyunovanın hündür hasarın arxasında gizlənmiş daxmasını axtarırıq. Beləliklə, qapını tapdıq. Qapını açıram. Səliqəli və təmiz həyətə girirəm. İndi mən özüm qəfil gəlmiş və dəvət edilməmiş qonağ kimiyəm. Uzaqdan qara yaylıqlı yaşlı bir qadın bizə yaxınlaşır.
-Olar sizə?!-təbəssümlə soruşuram.
-Siz hardan gəlmisiniz? – nəzərlərini mənim gözlərimə zilləyən qoca qadın soruşur.
-Mən polisdənəm!, – qadının reaksiyasını yoxlamaq üçün deyirəm.
– Mən belə də bilirdim ki, bütün bunlar nə ilə qurtaracaq. Qoy nə olacaqsa olsun,-Zoya Arutyunyan gərgin səsi ilə dodaqaltı deyir. Və əlinin hərəkəti ilə evin yolunu göstərir. Elə hiss yaranır ki, qoca qadın öz evinə deyil, edam kürsüsünə gedir.
Və ancaq evdə mən öz həmsöhbətimi sakitləşdirirəm, əslində kim olduğumu deyirəm. Onun yanına gələn sadəcə olaraq jurnalistdir, sualları ilə. Lakin söhbəti Mikael Arutyunyanla başlamaq istəmirəm. Əgər oğul ataya görə cavabdeh deyilsə o zaman nəyə görə bacı öz qardaşının cinayətinə görə cavab verməlidir? Və hakim kimdir?
Bu yaxınlarda Zoya Arutyunovna böyük oğlunu itirib. Postsovet məkanı üçün banal diaqnoz-miokard infarktı hələ də adamları öldürür. Deyir ki, bir neçə aydır yas saxladığı oğlu tez-tez anasını sakitləşdirirdi, tezliklə sülh olacağını deyirdi. Oğlu öldü. Və dəhşətli, qanlı müharibə başladı. Hər evin öz skelet gizlədilən şkafı var.
79 yaşlı Zoya Arutyunovna təmiz azərbaycanca danışır. Hərçənd erməni və rus dillərində də ayrı-ayrı frazaları xatırlayır. Axı burada, Kürdəmirin ucqarlarında o bütün həyatını azərbaycanlı ərinə həsr edib, onun naminə öz qohumlarından və yaxınlarından imtina edib. “Anam etiraz edirdi. Mən isə gənc, 19 yaşında qız idim. Və anam soruşdu-sən hansısa Kürdəmirin kəndinə hara gedirsən?”,-gənclik fotolarına utancaq nəzər salan qoca qadın deyir.
-Amma mən israr etdim. Bu mənim seçimim idi! Ərimin familiyasını qəbul etdim. Amma ata adımdan imtina etmədim,-gözlərində və səsində əminlik hiss olunur.
-Siz Saqiyan kəndində doğulmusunuz?
-Hə, o Şamaxıda erməni kəndi idi.
-Bəs məktəbdə hansı dildə təhsil almısınız?
-Mən erməni məktəbində oxuyurdum.
Bu qadın Ermənistanın keçmiş müdafiə naziri, general-polkovnik Mikael Arutyunyanın bacısıdır…
-Necə, Şamaxıda erməni məktəbi də vardı?
-Bəli, amma həftədə üç dəfə biz Azərbaycan dili dərsi də keçirdik.
-Bəs nəyə görə öz doğma dilinizi unutmusunuz? Bu ki sizin doğma dilinizdir, elə deyilmi?
-Hə, erməni dili doğma dilimdir. Amma yaddan çıxarmışam. 60 ildir bu dildə danışmıram. Kürdəmirdə ermənicə kimlə danışım axı?
-Valideyinləriniz də Şamaxıda anadan olub? Ermənilər Şamaxıya necə gəlib çıxıblar? Onlar sizə bu haqda danışırdılarmı?
-Yox. Amma nənəmlə babam da o kənddə doğulublar. Və ulu babam da Şamaxıda anadan olub.
-Erməni kilsəsinə gedirdiniz?
-Yox, o vaxtlar ateizm dövrü idi. Kənddə erməni kilsəsi vardı, amma məscid kimi onu da anbara çevirmişdilər. Mən heç vaxt erməni keşişi görməmişəm. Və ailəmizdə hamı kommunist idi. Atam tanınmış adam olub, rayonda vəzifə tuturdu.
-Bəs qardaşlarınız və ya bacılarını?
– 5 bacı, 2 qardaş olmuşuq. Və hamımız ali təhsil almışıq. Böyük bacım Asya Arutyunyan rayon komsomolunun katibi vəzifəsini tuturdu. Sonra univermaq direktoru, xalça toxuma fabrikinin direktoru oldu. Yeri gəlmişkən, Asya da azərbaycanlıya ərə getmişdi, Bağırova. Qarabağ hadisələri başlayandan sonra ailəmizin bütü üzvləri buradan köçüb getdilər. Asya isə 1988-ci ildə vəfat etdi.
Qoca qadına ağrılı suallar vermək necə də çətindir…
-Bəs qardaşlarınızın aqibəti necə oldu?
-Böyük qardaşım Vladimir Arutyunyan hərbçi olub. Müharibə başlayandan sonra o, Azərbaycandan köçüb gedib.
-Bəs kiçik qardaşınız?
-O da hərbçidir.
Hiss edirəm ki, həmsöhbətim kiçik qardaşı haqda söhbətdən yayınmağa çalışır. Gözünü kənara çevirir, utanır, əsəbləşir. Onun adını da demir. Qoca qadını ağrıtmaq istəmirəm, amma həvəs də üstün gəlir.
-Bəs kiçik qardaşınızın adı nədir?
-Mixail Arutyunyan.
-Yox, Mikael Arutyunyan. Bu, onun rəsmi bioqrafiyasında belə göstərilib.
-Doğru deyil. Onun adı Mixail idi.
-Bilirsinizmi ki, qardaşınız Ermənistanda məşhur hərbi rəis olub və müdafiə naziri postunu tutub?
-Bilirəm. Onun haqqında çox eşitmişəm. Televizordan. Amma o ki indi Yerevanda deyil.
-İndi onu axtarırlar. Moskvada gizlənir.
-Qoy axtarsınlar. Bilirəm. Paşinyan onu həbs etmək istəyirdi. Lakin o qorxmur. Bizim nəsildə qorxaq olmayıb.
-Qardaşınızı televizorda görəndə nə hiss edirdiniz?
-Ağlayırdım, çox ağlayırdım…
-Onun üçün darıxırdınız?
-Hə. 30 ildir onu görmürəm. Qardaşını 30 ildir görməyən bacı nə hiss edər?
-Doğrudanmı son 30 ildə bir dəfə də olsun qardaşınıza zəng etməmisiniz və ya görüşməmisiniz? O ki sizin qardaşınızdır…
-Əlbətdə, istəmişəm. Lakin mən öz taleyimlə barışmışam. Nə edə bilərdim. Başa düşürdüm ki, bu mümkün deyil. Mən özümə qapandım…
-Bəs qardaşınız sizinlə görüşməyə can atıb?
-Necə? O mənimlə necə görüşə bilərdi? Axı bizim xalqlarımız arasında belə düşmənçilik var. Lakin etiraf edirəm ki, mən uşaqlıqdan ona çox bağlı idim.
-Qarabağda olmusunuz?
-Yox, heç vaxt.
-Bəs Azərbaycan-Ermənistan münaqişəsi haqda nə düşünürsünüz? Onu necə həll etmək olar?
-Bütün bunları Ermənistanda və Qarabağda hakimiyyətdə oturanlar törətdi. Mən televizorda işğaldan azad olunmuş rayonları görmüşəm-Cəbrayılı, Füzulini və digərlərini. Nəyə görə onlar həmin şəhərləri tamamilə dağıdıblar? Əgər orada yaşamaq istəmirdilərsə niyə dağıdırdılar? Həmin şəhərləri və kəndləri yer üzündən siliblər. Hakimiyyətlər hər şeydə günahkardır.
-Budur, siz ermənisiniz. Azərbaycandakı erməni kəndində doğulub böyümüsünüz. Həmin illərdə azərbaycanlılar ermənilərə necə yanaşırdı?
-Biz həmişə xoşbəxt və mehriban yaşamışıq. Kimin azərbaycanlı, kimin erməni olmasına fərq qoymamışıq. Bu illər ərzində Kürdəmirdə yaşamışam, amma heç kim məndən milliyətimi soruşmayıb. Qarabağdakı və Ermənistandakı terrorçular, quldurlar günahkardır. Mən düşünürəm ki, onlar düzələn deyil. Qoy onlar öz Ermənistanlarına geri qayıtsınar. Nəyə görə onlar Gəncəni bombaladılar? O qədər adam həlak oldu!
Amma əvvəllər, sovet dövründə belə qarşılıqlı nifrət yox idi.
-Sizə sərt sual verməli olacam. Bağışlayın məni, amma bu haqda soruşmalıyam. Bilirsinizmi ki, dinc azərbaycanlıların güllələnməsinə əmr verənlərdən biri də qardaşınız idi?!
-Belə olan halda qoy mənim qardaşım da elədiklərinə görə cavab versin. Mənə azərbaycanlılara qarşı bu nifrətin səbəbi məlum deyil.
-Nəyə görə qardaşınız azərbaycanlılara belə nifrət elədi? Bu etnik nifrət haradan qaynaqlandı?
-Mənə bu aydın deyil. Sovet ordusuda xidmət edəndə o, məzuniyyətə Azərbaycana gələrdi. Həmişə burada, Kürdəmirdə mənə baş çəkərdi. Ona stol açırdım, azərbaycanlılarla yeyib-içirdi, onlar dostcasına ünsiyyətdə olurdular. Mixail həmişə bizdə qonaq qalırdı. Bütün qonşularım onu tanıyır. Onu Yerevandan televizorda göstərəndə qonşularım məni çağırırdı ki, bax, qardaşını göstərirlər…
Dayı və bacıoğlu. Onları iki xalqın müharibəsi ayırırdı…
Söhbətimiz isə deyəsən çox uzandı. Bəs günün alanı? Hansı gələcəkdən danışmaq olar ki, bax elə bu dəqiqələrdə Qarabağda qan axır, amansız döyüşlər gedir. Gələcək yoxdur! Ən azından bu dəqiqələrdə. Mən Zoya Arutyunovnadan onun ikinci oğlu haqda soruşuram. Və o mənə insan talelərinin necə kəsişdiyinə dair öz realizmi və dramatizmi ilə sarsıdıcı əhvalatı danışır. Zoyanın kiçik oğlu da peşəkar hərbçi olmaq istəyib. Və o, Naxçıvanda, ön xətdə xidmət edib. Heç ağlına da gətirmədən ki, əks tərəfdə, düşmən cəbhəsində dayanan orduya onun doğma dayısı komandanlıq edir. Hansı ki, öz qohumunun öldürülməsinə əmr verə bilərdi. Bu dəhşətli əhvalat məndə elə ağrı hissi, elə qüssə, uzun-uzadı əzab hisslərinin əks-sədasını yaradır ki…Vidalaşmadan göz yaşları, acı və çarəsizliklə dolu bu qapalı müharibə çevrəsindən çıxmaq istəyirəm…Doğrudanmı Vətən hissi qanı və ölümü üstələyir?!