Çərşənbə , 3 İyul 2024
Drone Cameras

Erməni mənşəli Paylyan Türkiyədə cəzasızlıq üzündən daha bir antitürk aksiyasına hazırlaşır

“Hansısa partiyanın xətti ilə Türkiyə parlamentində təmsil olunmaq heç də o anlama gəlmir ki…”

Samir Adıgözəlli: “Biz Türkiyə hakimiyyətindən Paşinyandan heç də geri qalmayan, həm qardaş ölkə, həm də bizim üçün təhlükə mənbəyi olan Paylyanın qanun çərçivəsində yerinə oturdulmasını tələb edirik”

Türkiyə parlamentində Xalqların Demokratik Partiyasını təmsil edən erməni əsilli deputat Karo Paylyan Ermənistana səfər etmək niyyətindədir. Erməni mətbuatının verdiyi məlumata görə,  Paylyan belə niyyətdə olduğunu öz müsahibəsində bildirib: “Türkiyədəki seçkilərdən dərhal sonra mən Ermənistana səfər edib Nikol Paşinyanla üz-üzə görüşməyi planlaşdırıram”.

Göründüyü kimi, deputat səfər zamanı hazırkı baş nazir Nikol Paşinyanla görüşmək niyyətindədir. O bundan əvvəl də Ermənistana səfər edib, eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ermənilərin mövqeyindən çıxış edib. Əvvəlki səfərləri zamanı Ermənistan parlamentinin “Çıxış” bloku ilə görüşlər keçirib. Paylyan həmin vaxt hazırkı baş nazir Nikol Paşinyanla da görüşüb.

Belə qatı erməni millətçisi olan və daim Türkiyə ilə münasibətləri gərgin olan Ermənistan kimi ölkənin haqsız mövqeyini dəstəkləyən deputatla bağlı Türkiyədə niyə ölçü götürülmür?

img

Dünya Azərbaycanlıları Konqresinin funksioneri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, bu tip adamlar Türkiyədə olan demokratik mühitdən istifadə edirlər: “Bilirsiniz ki, həmin adam HDP adlanan partiyadan deputat seçilib. Əvvəlcə onun təmsil olunduğu partiyanın mövqeyinə diqqət edək. Həmin partiya, faktiki olaraq, separatizmə dəstək verir və PKK şüarlarını parlamentdə səsləndirir. Təbii ki, ermənilərə açıq dəstək verən Paylyanı ilk növbədə öz təmsil olunduğu partiya cəzalandırmalıdır. Onun doğma partiyası özündən geri qalmayan bir zərərli fəaliyyətlə məşğuldursa, ondan başqa nə gözləmək olar? Ancaq bu heç də o anlama gəlmir ki, Paylyan cəzasız qalıb, meydan sulamalıdır. Hesab edirəm ki, Türkiyə qanunları onun cəzalandırılmasını mümkün edir. Dünyadakı bütün erməni diasporu Türkiyə əleyhinə çalışdığı bir zamanda, daxildəki erməni deputatın da həmin mövqeyə dəstək ifadə etməsi rəzalətdir. Türkiyə ilə Ermənistan arasında heç bir münasibət yoxdursa, Paylyan hansı məqsədlə Ermənistana səfər edir? Bir mühüm məsələyə də diqqət edək ki, onun fəaliyyəti yalnız səfərlə yekunlaşmır. Həmin adam gedib Ermənistanda Türkiyə və Azərbaycan əleyhinə də fikirlər səsləndirir. Hesab edirəm ki, bu mövqe həm də ölkəmizdə ciddi narazılıq doğurur. Hansısa partiyanın xətti ilə Türkiyə parlamentində təmsil olunmaq heç də o anlama gəlmir ki, həmin adam ürəyi nə istəyirsə, onu da edə bilər. Biz Türkiyə hakimiyyətindən Paşinyandan heç də geri qalmayan, həm qardaş ölkə, həm də bizim üçün təhlükə mənbəyi olan Paylyanın qanun çərçivəsində yerinə oturdulmasını tələb edirik”.

Məhəmmədəli QƏRİBLİ

Check Also

Qardaşı: “Ələsgər Məmmədlinin səhhəti daha da pisləşib”

Nəsimi Məmmədli deyir ki, vəkil pis rəftarla bağlı Avropa Məhkəməsinə müraciət edib 1 saylı Bakı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir