Bazar ertəsi , 1 İyul 2024
Drone Cameras

“Ermənicə” düşünmək

Fevralın 27-də Niderland Krallığında Avropa Azərbaycanlıları Konqresinin növbədənkənar qurultayı keçirilən gündən həm qurum, həm də qurultayda səslənən çıxışlarla bağlı müzakirələr davam edir. Əslində polemika açaraq konkret məsələlərlə bağlı ortaya mövqe qoymaq, üzərinə Avropa kimi nəhəng və Azərbaycanın xarici siyasəti üçün hər açıdan böyük önəm daşıyan məkanda diaspor fəaliyyəti ilə məşğul olmaq kimi ciddi missiya götürən qurumun işini müzakirəyə çıxarmaq faydalıdır. Bir şərtlə ki, müzakirə də, tənqid də sağlam ola, qrup maraqlarından uzaq, Azərbaycanı Avropa məkanında təbliğ etmək üçün ciddi əmək sərf edənlərə çamur atmadan aparıla.

Çox təəssüf ki, reallıq heç də arzu edilən kimi deyil. Qəzetçilik iddiasında olsalar da, nə intellekt göstəricilərinə, nə təhlil qabiliyyətlərinə görə jurnalistikaya yaxın gələ bilməyənlər Avropa Azərbaycanlıları Konqresi, xüsusən qurumun birinci vitse-prezidenti, iş adamı Fizuli Məmmədovla bağlı dezinformasiya yarışına giriblər.

Təəssüf hissi doğuran həm də odur ki, bu “yazarların” dünyaya baxdıqları dar pəncərədən yalnız yarınmaq istədikləri qrupların merkantil maraqları görünür. “Klaviatura qəhrəman”ları diaspor fəaliyyətinin necə həssas məsələ olduğunu dərk etmədən üzdə gülünc görünməyinə baxmayaraq dərində çox zərərli bir tendensiya yaradırlar.

Əslində məsələ Fizuli Məmmədovun üzərində fokuslaşsa da hədəf Azərbaycan dövlətinin diaspor siyasətidir. Bəlli olduğu kimi, Amsterdamda keçirilən toplantıya Azərbaycan Respublikası Prezidentinin köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov da qatılıb. Azərbaycan dövləti adından edilən çıxışlarda Əli Həsənov da, Nazim İbrahimov da Avropa Azərbaycanlıları Konqresinin fəaliyyətini çox faydalı saydıqlarını bildiriblər. Belə mötəbər tərkibin iştirak etdiyi toplantıda Fizuli Məmmədov növbəti dəfə quruma birinci vitse-prezident seçilib. Yəni Azərbaycan dövləti ən yüksək səviyyədə quruma dəstək ifadə edib. Belə olan halda Fizuli Məmmədovun fəaliyyətinin guya təftiş edilərək ona qarşı kompramatların tirajlanması dövlət siyasətinə meydan oxumaqdır. Təbii, düşüncə imkanları geniş olmayanlar bunu anlamaqda çətinlik çəkirlər.

Füzuli Məmmədovun fəaliyyətini araşdırmağa çalışanların menyüsünə bəzi “xırda”, “önəmsiz” bilgilər verək. İtaliya vətəndaşı olan Fizuli Məmmədovun Rusiyada da biznesi var və o, Moskvada azərbaycanları himayə edən azsaylı iş adamlarımızdandır. Biləcərini Kamçatka sayanların diqqətinə bir məqamı da çatdıraq – Rusiyada yaşayan Azərbaycan əsilli iş adamlarının heç də hamısı soydaşlarına sahib çıxmır. Əksinə, onların ciddi bir hissəsi Azərbaycana hər hansı bağlılığı olanları çevrəsində görmək istəmir. Hərənin öz həqiqəti var. Bizim həqiqət deyir ki, belələri Vətən, millət, dövlət hissini tamamilə itirib, böyük sərvəti zənginlik sayanlardır. Varlı və zəngin olmaq fərqli anlayışlardır.

Davam edək… Fizuli Məmmədovun Azərbaycanda evi yoxdur. Bakıya gələndə hoteldə yaşayır. İş adamının Azərbaycanda biznesi də yoxdur. Buna baxmayaraq, xaricdə yaşayan iş adamları arasında Azərbaycanla bağlı ən böyük xeyriyyə aksiyalarından bir neçəsinin müəllifi Fizuli Məmmədov. Özü də bu layihələrin heç biri qısamüddətli, kampaniya xarakterli sayıla bilməz. Çünki söhbət Qarabağ savaşında şəhid və qazi olanların ailələrinə mənzillər alınmasından, onların ən çağdaş tələblərlə təmirindən, avadanlıqla təmin edilməsindən, qazilərə illərdir PULSUZ xidmət edən apteklərdən, yanacaqdoldurma məntəqələrindən gedir. Bu tədbirlərin hər biri Azərbaycanın çağdaş tarixinin ən uzunmüddətli xeyriyyə aksiyaları sayılar bilər.

Fizuli Məmmədov Avropada diaspor fəaliyyəti ilə bağlı çıxışlarında dəfələrlə bildirib ki, qurumun əsas hədəfi ən müxtəlif səbəblər üzündən Azərbaycandan gedən soydaşlarımızın gücündən milli məsələlərin dünya birliyinə çatdırılması üçün yararlanmaqdır. Qurumun fəaliyyətini diqqətlə izləmək bu yöndə ciddi işlərin görüldüyünü sübut edir. İstər rəsmi səviyyələrdə görüşlər, istər Avropa vətəndaş cəmiyyəti institutları ilə davamlı təmaslar, müxtəlif Avropa ölkələrinin nüfuzlu media qurumlarında çıxışlar qurumun iş prinsipidir. Bu gün Avropadakı erməni təşkilatlarının ən ciddi rəqib hesab etdikləri qurumlardan biri Avropa Azərbaycanlıları Konqresidir. Bəzi “özümüzünkülər” etiraf etməsə də, ermənilər Avropa Azərbaycanlıları Konqresinin fəaliyyət imkanını və miqyasını dəqiq qiymətləndirə bilir.

Qarabağ savaşının bitməməsi, dövlətimizin zaman-zaman yaşadığı geosiyasi gərginliklər Azərbaycanı özünə əziz bilən, Vətən sayan hər kəsdən, xüsusən nüfuzu və imkanları geniş olan soydaşlarımzdan qarşılaşdığımız problemlərin çözümü üçün səfərbərlik tələb edir. Bu məsuliyyəti dərk edib gənc Azərbaycan dövlətinin güclənməsi üçün çalışanlara rəğbət və hörmət edilməliykən, onların qaralanmağa çalışılması böyük təəssüf doğurur.

Bu kampaniyaya qoşulanlardan soruşmaq istərdim – nəyə çalışırsız? Qarabaq qazilərinə, ehtiyacı olan şəhid ailələrinə mənzil verilməməsinə, onların dərmanla, yanacaqla təmin edilməməsinə, həyatını Azərbaycan torpaqlarının bütövlüyü uğrunda xərcləyən insanların ailə üzvlərinin saysız sosial problemlərinin çözülməməsinə, təhsil, səhiyyə xərclərinin qarşılanmamasına? Azərbaycana təmənnasız xidmət edən bir iş adamından istədiyiniz nədir?

Çətin sual deyil. Cavabı dürüstlük, bir də vicdan istəyir. 
Əgər varsa…

 

(Aygün Muradxanlı, Musavat.com)

Check Also

O’Brayen insan hüquqları ilə bağlı Azərbaycana çağırış edib

“Biz bütün dünyada müstəqil jurnalistikanı dəstəkləyirik” O’Brayen Bakını insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə riayət etməyə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir