Cümə axşamı , 23 Yanvar 2025
Drone Cameras

Estoniya parlamenti Gürcüstan hökumətini və parlamentini tanımaqdan imtina edib

59 deputat bəyanatın lehinə, 9 deputat əleyhinə səs verib

Estoniya parlamentinin Gürcüstan hökumətini və parlamentini tanımaqdan imtina etdiyi bildirilir.

Bu barədə Estoniya ali qanunverici orqanının rəsmi saytında bəyanat dərc edilib.

Bəyanatda gürcü xalqına dəstək ifadə olunub:

“Son on ildə Estoniya Rusiyanın gürcü cəmiyyətini qütbləşdirmək və Gürcüstandakı demokratik seçkilərə müdaxilə etmək fəaliyyətini böyük narahatlıqla izləyib. Ötən ilin oktyabrında Gürcüstanda zorakılıq və hədə-qorxu mühitində keçirilən parlament seçkilərinin nəticələri gürcü xalqının azad iradəsini əks etdirmir. Rusiyanın dəstəklədiyi hakim “Gürcü arzusu” Partiyası saxtalaşdırılmış seçkilərin nəticələrindən dövlət institutlarına tam nəzarət etmək, müxalifəti və vətəndaş cəmiyyətini sıxışdırmaq üçün istifadə edir”.

Estoniya parlamenti insan haqlarını müdafiə edən gürcü xalqı ilə həmrəy olduğunu bildirir.

Estoniya parlamenti həmçinin “saxtalaşdırma və vətəndaşların qorxudulması şəraitində keçirilən” seçkilər nəticəsində formalaşmış Gürcüstan parlamentinin və hökumətinin legitimliyini, habelə təyin olunmuş prezidentin legitimliyini tanımaqdan imtina edir.

Bu arada Estoniya parlamenti Salome Zurabişvilini Gürcüstanın qanuni prezidenti kimi tanıyır və onun ölkədəki konstitusiya böhranına son qoymaq səylərini dəstəkləyir.

Bəyanatda həmçinin Avropa Komissiyası və Aİ-yə üzv dövlətləri dinc nümayişçilərin zorakılıqla yatırılmasında və Gürcüstan vətəndaş cəmiyyəti nümayəndələrinin təqibində iştirak edən gürcü siyasətçi və rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə çağırılır.

Estoniya parlamenti həmçinin “azad və ədalətli seçkilər keçirilənə qədər qeyri-legitim Gürcüstan hökumətinin” institutları ilə əlaqəni kəskin məhdudlaşdırmağa çağırır.

Bəyanatı Estoniya parlamentinin 49 deputatı təqdim edib, 59 deputat onu dəstəkləyib, 9 deputat əleyhinə səs verib.

Check Also

Tramp qanunsuz miqrantların ABŞ – Meksika sərhədini keçməsini qadağan edib

ABŞ Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkənin cənub sərhədini keçməsini dayandırmaq haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər …