Oktyabrın 13-də “Ambassador” hoteldə AMİP Mərkəzi Şurasının iclası keçirilib. AMİP Mərkəzi Şura sədri Aydın Əliyevin sədrliyi ilə keçirilən iclasda AMİP-in növbəti Xİ Qurultayının çağırılması ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra qurultayın çağırılması ilə bağlı qərar qəbul olunub, qurultayın keçiriləcəyi tarixi və yeri müəyyənləşdirmək AMİP Siyasi Şurasına həvalə edilib.
Eyni zamanda AMİP-in 27 dekabrda keçiriləcək bələdiyyə seçkilərində iştirakı ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Müzakirələrin nəticəsi olaraq ölkədə seçki mühitini dəyərləndirərək bələdiyyə seçkilərində iştirak etməklə bağlı yekin qərarın verilməsi Siyasi Şuraya həvalə edilib.
Mərkəzi Şuranın iclasında AMİP-in qurucusu və fəxri lideri Etibar Məmmədov iştirak etməyib. Səbəbinə gəlincə, Etibar Məmmədovun Mərkəzi Şuranın üzvü olmamağı kimi göstərilir.
Onu da qeyd edək ki, son zamanlar Etibar Məmmədovun yenidən aktiv siyasətə, AMİP rəhbərliyinə qayıdacağı barədə tez-tez xəbərlər yayılır.
Deyilənlər nə dərəcədə əsaslıdır? Etibar Məmmədovun aktiv siyasətə və partiyanın rəhbərliyinə qayıdışının qurultayda baş verməsi mümkündürmü?
AMİP-in sədr əvəzi Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Etibar Məmmədov AMİP-in fəxri lideridir və bu kifayət qədər yüksək statusdur: “Etibar bəyin aktiv siyasi fəaliyyətlə məşğul olmasına gəldikdə isə, bu yalnız özünün şəxsi iradəsi və qərarına bağlı məsələdir.
Mərkəzi Şura AMİP-in növbəti XI Qurultayının çağırılması barədə də qərar qəbul edib və qurultayın tarixi, eləcə də keçiriləcəyi məkanla bağlı qərarın qəbul edilməsi ilə əlaqədar partiyanın Siyasi Şurasına əlavə səlahiyyət verilib. Qurultayda AMİP sədrliyinə namizədliklə bağlı isə onu deyə bilərəm ki, partiyada artıq uzun müddətdir ki, yazılmamış qayda mövcuddur. Namizədlər bərabər təbliğat imkanları malik olsunlar deyə, partiya sədrliyinə namizədliyin elan olunması yalnız qurultayın keçiriləcəyi tarix müəyyən olunduqdan sonra verilir. O səbəbdən də özümün də namizədliyimi irəli sürəcəyimlə bağlı sualı açıq saxlayıram”.
Bəs, AMİP üzvləri Etibar Məmmədovun dönüşünü istəyirlərmi?
Arzuxan Əlizadə bildirdi ki, bu istək mütəmadi olaraq səsləndirilir, amma dəyərləndirmə yalnız Etibar Məmmədovun öz qərarına bağlıdır.
E.Məmmədovun özü isə bir müddət öncə AzadlıqRadiosuna verdiyi müsahibədə aktiv siyasətə qayıdacağı barədə suala belə cavab vermişdi: “Mənim aktiv siyasətdən çəkilməyimin əsas səbəbi yeni və gənc siyasətçilərin üzə çıxması, yeni siyasi güc mərkəzlərinin yaranmasına imkan verməklə bağlı olub. Lakin təəssüf ki, hələ də buna nail olunulmayıb. Nə yeni güclər meydana çıxıb, nə də cəmiyyət buna hazır olduğunu göstərib. Mən siyasətdən kənarda deyiləm. Müşahidə də edirəm, fikirlərimi də bildirirəm, lazım olanda məsləhətlərimi də, təkliflərimi də verirəm. Üzərimə vəzifə qoyulacağı, hər hansı bir iş təklif olunacağı, fikirlərimə ehtiyac yaranacağı, hər hansı bir məsuliyyətin altına girməklə bağlı təkliflər olacağı halda mən həmişə hazıram. Və heç vaxt da bu cür məsuliyyətin altına girməkdən imtina etməmişəm. Bu günə qədər dövlət üçün, millət üçün üzərimə vəzifə qoyulduqda da mən bundan qaçmamışam və məndən tələb olunan hər şeyi etmişəm. Üzərimə qoyulan istənilən vəzifə isə uğurla nəticələnib”.
Cavabdan da göründüyü kimi, Etibar Məmmədov ehtiyac yaranacağı halda məsuliyyətin altına girəcəyini və bundan boyun qaçırmayacağını açıq şəkildə ifadə edib.
Mətbuat və sosial şəbəkələri izlədikdə görürük ki, artıq ayrı-ayrı siyasi partiya və ictimai fəallar E.Məmmədovun aktiv siyasətə qayıtması ilə bağlı çağırışlar edirlər. Bu kimi çağırışlar fonunda son bir neçə həftə ərzində AMİP-ə üzvlük üçün müraciət edənlərin sayında da çoxdan müşahidə edilməyən aktivlik olduğu ilə bağlı məlumatlar gəlməkdədir. Bu fakt AMİP funksionerləri tərəfindən də təsdiq olunur.