60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalı Daxili İşlər naziri Vilayət Eyvazova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova, 60 saylı Salyan-Neftçala seçki dairəsinin sədri Fuad Muradova, Kütləvi İnformasiya Vasitələrinə müraciət edib.
Boyukmillet.com xəbər verir ki, müraciətdə deyilir:
Mən 6 fevral 2020-ci ildə 60 saylı Salyan-Neftçala seçki dairəsinin seçiciləri ilə Qarabağlı kəndində yerləşən “Asif” şadlıq sarayında görüşü başa çatdırıb, bayıra çıxarkən deputatlığa namizəd Kamil Musavinin müxtəlif bölgələrdən gətirdiyi sərxoş və nəşəli insanlar aqressiv şəkildə Kamil Musavi ilə birlikdə üstümə hücum etdilər. Söyüş və təhqiramiz davranışlarla mənə və tərəfdarlarıma fiziki təzyiq göstərdilər. Minik maşınıma əllərindəki küt alətlərlə zərbələr vurmağa başladılar.
Xüsusi olaraq qeyd etmək istəyirəm ki, deputatlığa namizəd Kamil Musavinin hərəkətləri ölkəmizdə gedən demokratik proseslərə, ciddi dövləti əhəmiyyət kəsb edən parlament seçkilərinə qarşı sifarişli təxribatdır.
Əvvəlcədən təşkil olunan bu təxribat şəxsiyyətimi alçaltmaq və mənə fiziki xəsarət yetirmək məqsədi daşımış və ictimai təhlükəsizlik xarakteri almış, deputatlığa digər namizəd Kamil Musavi tərəfindən hüquqlarım kobud şəkildə pozulmuşdur. Pozulmuş hüquqlarıma, məruz qaldığım mənəvi və fiziki hücumlara, şəxsiyyətimin təhqir olunmasına hüquqi qiymət verilməsini Sizdən xahiş edirəm.