Yanacağın qiymətinin artması kənd təsərrüfatında da artıma səbəb olub
Tarif Şurasının qərarı ilə iyulun 1-dən “Aİ-92” markalı benzin 10 qəpik, dizel 20 qəpik bahalaşıb. Fermerlər deyirlər ki, bahalaşma biçin dövrünə təsadüf etdiyindən xərcləri bir az daha artıb. Amma əhali mal və məhsullarda qiymət artımını ən geci payızda hiss edəcək. Havaların qeyri-sabit keçməsi onsuz da bu mövsümdə kənd təsərrüfatının bütün sahələrinə zərər vurub, pambığın, meyvə-tərəvəzin məhsuldarlığı azalıb.
Sabirabadlı fermer Səməd Abbasov Meydan TV-yə bildirib ki, kombayn sürücüləri qərarla bağlı məlumat yayılan kimi qiymətləri artırıblar.
“Gübrə, dərmanlar, gündəlik işçi pulu və digər xərclər artmışdı. Dizeli bahalaşdırmaqla fermerlərin lap belini qırdılar. Kombayn sürücülərini də qınamaq olmur, onların da xərci artıb”, – fermer deyib. Bildirib ki, indiyədək bir hektar sahəni 50-55 manata biçdirib. İndi isə qiymət hektarda ən azı 10 manat artıb.
Fermer deyib ki, kəndlərdə əksər kiçik fermerlər kredit hesabına məhsul əkirlər:
“Məhsul yığılandan sonra maklerlər işə başlayır, məhsulu onların təklif etdiyi qiymətə satmaq məcburiyyətindəyik. Çünki yol xərci də artıb, fermer öz məhsulunu bazara çıxara bilmir. Fermerin problemi çoxdur, kənardan baxana əkin-biçin asan gəlir. Dərman, gübrə, yanacaqla bağlı güzəşti edib, kiçik və orta fermerləri ayaq üstə saxlamaq əvəzinə məhv edirlər”.
Fermer deyir ki, dizelin bahalaşması təkcə biçində deyil, şumlamadan tutmuş daşınmaya qədər hər şeyə təsir edir.
“Benzin və dizel bahalaşandan sonra artan xərcləri biz hiss etsək də, alıcılar bundan sonra daha kəskin müşahidə edəcəklər. İstənilən məhsulda qiymət məcbur qaldırılacaq. Çünki artan xərcləri hələ tam hesablamamışıq, hava da imkan vermir ki, məhsuldarlıq yüksək olsun, heç olmasa, bolluğa görə nisbətən ucuzluq olsun. Hər gələn il fermerə, nə də güclə dolanan ailələrə yaxşı heç nə vəd etmir. Qazanan yalnız iri şirkətlərdir”, – S.Abbasov bildirib.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Meydan TV-yə bildirib ki, dizel yanacağının bahalaşmasından sonra kənd təsərrüfatı istehsalçılarının xərci 60 milyon manat artacaq. Belə ki, kənd təsərrüfatı istehsalçıları il ərzində 300 min ton dizel yanacağından istifadə edirlər. Bu, Dövlət Statistika Komitəsinin rəsmi məlumatıdır.
“Güman edirəm ki, rəsmi məlumatdakı göstəricidən daha artıq yanacaqdan istifadə olunur. Amma hətta rəsmi rəqəmləri götürsək belə, 20 qəpik artımla 60 milyon manat artım deməkdir”,- ekspert deyib.
Bildirib ki, bundan əlavə, rəsmi məlumatlara görə, daşınma üçün təxminən 5700 ton benzindən istifadə edilir. Burada bütün xərclər nəzərə alınmayıb:
“Fermerlər sahələrdə istehsal proseslərini izləmək üçün öz şəxsi avtomobillərindən də istifadə edirlər. Bunu da nəzərə alsaq, benzindən istifadə daha çoxdur. Ümumilikdə, bir ildə yalnız benzin və dizel yanacaq xərci 70 milyon manat artacaq. Bu, ona gətirib çıxaracaq ki, bütün mal və məhsulun maya dəyəri artacaq”.
Vahid Məhərrəmli qeyd edib ki, kəndlilər istehsal etdikləri məhsulun satış qiymətini artırmağa çalışacaqlar. Buna nəzarət etmək isə mümkün olmayacaq:
“Bəzi məhsulların istehsalında yanacaqdan daha çox istifadə edilir. 2021-ci ildə benzin və dizelin qiyməti artmışdı, nəticədə istehsal xərcləri də artmışdı. Yəni 10 faizdən 60 faizə qədər artım olmuşdu. Məsələn, çəltiyin maya dəyəri 10 faiz, kartofun maya dəyəri 60 faiz artmışdı. Həmin ili yeyinti məhsullarının qiymətində də ciddi artım baş vermişdi”.
Dövlət Statistika Komitəsi ötən il ərzaq inflyasiyasını 19.5 faiz hesablayıb. Ekspert söyləyib ki, 2021-ci ildə dizelin bahalaşması növbəti illərdə də kənd təsərrüfatı məhsullarının maya qiymətlərinə təsir edib. Buna görə də təkcə bu il deyil, gələcək illərdə də kənd təsərrüfatında istehsal edilən mal və məhsulların maya dəyərinin artmasının şahidi olacağıq. Bu da məhsulların satış qiymətlərinin artmasında müşahidə ediləcək.