Cümə , 22 Noyabr 2024
Drone Cameras

Fond sədri: “”Avtobuslardakı sıxlıq QHT-lərdə yoxdur”

Fond sədri: “”Avtobuslardakı sıxlıq QHT-lərdə yoxdur”

Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yüksək yoluxma dinamikası var. Bu səbəbdən virusun geniş yayılmasının qarşısının alınması üzrə müvafiq tədbirlər həyata keçirilir, bir çox ölkələrdə sərt karantin qaydaları tətbiq edilir. Azərbaycanda da virusun yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunub. Karantin qadağasının tətbiq edildiyi sahələrdən biri də Qeyri-Hökümət Təşkilatlarıdır (QHT). 

Karantin qadağalarının bu sektora tətbiqi ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevin fikirlərini öyrəndik. QHT rəhbəri deyir ki, qadağalar onların işinə çox ciddi şəkildə mane olur: “QHT ofislərində daimi olaraq 2-3 nəfər çalışır. Ofislərdə yığıncaqlar olanda bütün üzvlər toplaşır. Bu, ildə bir neçə dəfə tədbirlər zamanı baş verir. Qalan zamanlarda isə ofislərdə sıxlıq olmur. Belə olan halda, QHT sektorunun qadağalar altına düşməsi anlaşılmır. Bu ilin martında xüsusi karantin rejimi tətbiq ediləndən sonra QHT-lər çox çətin duruma düşdülər. Layihələrin icrası iflic oldu. O zaman hökumət platforması üzərindən müraciət ünvanladıq. QHT-lərlə bağlı müvafiq kodun icazələr siyahısına daxil edilməsinin zəruri olduğunu qeyd etdik. Həmin zaman pandemiya ilə bağlı durum bir qədər yaxşılaşdığı üçün müraciətimizə baxılması o qədər də əhəmiyyətli olmadı. Amma bu ilin dekabrından xüsusi karantin rejimi yenidən tətbiq edildi. QHT-lər yenidən çox çətin vəziyyətlə qarşılaşdılar”.

QHT rəhbəri deyir ki, özəl sektor, KİV, vəkillər sərbəstdirlər: “Amma vətəndaş cəmiyyətinə bu sərbəstlik verilmir. Hökumətdə müəyyən şəxslər vətəndaş cəmiyyətinin önəmi ilə bağlı məsələlərdə yetərli bilgiyə malik deyillər. Biz hökumətə yeni müraciət hazırlayırıq. QHT-lər koronavirus pandemiyasının qarşısının alınmasında əsas alətlərdən biridir. Maarifçilik işi ilə QHT-lər məşğul olurlar. KİV də vətəndaş cəmiyyətinin seqmentlərindən biridir. Siyasi partiyalara qadağa yoxdur, amma QHT-lərə qadağa var. Məhdudlaşdırmanın bu səviyyədə olması o qədər də əsaslı deyil. Baxın, Bakı Nəqliyyat Agentliyi çox gərgin iş rejimində işləyir. Eyni zamanda orada vəziyyətə baxın. Gün ərzində 2 milyondan artıq sərnişin daşıyırlar. Orada olan basabas başqa heç bir sektorda yoxdur. Ara məsafənin gözlənməsi, sadəcə, mümkün deyil. Bu, Bakı Nəqliyyat Agentliyinin yaratdığı durum deyil. Agentlik yüksək səviyyədə işini görür, dezinfeksiya işləri aparır. Belə bir halda vətəndaş cəmiyyətinə qadağanın tətbiqi anlaşılmır. Vətəndaş cəmiyyəti maksimum toplantı keçirə bilər və bu zaman ara məsafənin qorunması çox asandır. Çünki həmin toplantıda basabas, kütləvilik yoxdur. Müharibənin nəticələrinin aradan qaldırılması ilə bağlı proseslərə vətəndaş cəmiyyətinin üzvləri cəlb oluna bilər. Yaralıların ailələrinə dəstək proqramlarında, psixoloji yardımla bağlı ailələrə dəstək verilə bilər”.

Əliməmməd Nuriyev sual edir ki, niyə bunlar yoxdur? Vətəndaş cəmiyyəti konsepti hökumətin fəaliyyətində yer almır?

“Azərbaycan Respublikasının Prezidenti bütün çıxışlarında ictimai nəzarətin gücləndirilməsini, vətəndaş cəmiyyətinin bunda rolunu xüsusilə vurğulayır. Qərarların qəbulu prosesində vətəndaşların iştirakının təmin edilməsinin zəruriliyini deyir. Amma hökumətin işində QHT-lər varmı? Operativ Qərargahda QHT nümayəndəsi varmı? Belə boşluqlar var və öz istədikləri kimi qərarlar qəbul edirlər. Amma başqa məlumat mənbələrinin diversifikasiyasına ehtiyac var. Qərarlar o zaman yaxşı hesab edilir ki, qəbulunda maraqlı müxtəlif qrupların nümayəndələri iştirak etsinlər. Sadəcə, belə praktika yoxdur. Bu gün TƏBİB-in hərəkətləri ilə bağlı ictimai monitorinqə ehtiyac var. TƏBİB-in həyata keçirdiyi satınalmalar, testlərin həyata keçirilməsi məsələsi necə aparılıb? Niyə testlərin qiyməti Azərbaycanda olduqca bahadır? Azərbaycanda vaksinasiya aparılacaq. Həmin vaksinasiya ilə bağlı maarifləndirmə varmı? Əlbəttə ki, mütəxəssislərin iştirakı ilə bütün maraqlı tərəflərlə birgə ictimai müzakirə həyata keçirilməlidir. TƏBİB  sədrinin iştirakı ilə Açıq Cəmiyyət Platforması geniş müzakirələr həyata keçirə bilər. Operativ Qərargahla QHT-lərin görüşü təşkil oluna bilər. QHT-lərin fəaliyyətinin bu şəkildə qadağan edilməsi anlaşılmazdır və tez bir zamanda aradan qaldırılmasına ehtiyac var”.

Deputat, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun ilk azərbaycanlı həmsədri Vüqar Bayramov “Yeni Müsavat”a bildirib ki, sərtləşdirilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına yenidən baxılması xahişi ilə baş nazir Əli Əsədova müraciət ünvanlayıb: “Belə  ki, əvvəlki aylarda pandemiyaya qarşı mübarizədə də qeyri-hökumət təşkilatları ictimai nəzarətin gücləndirilməsi ilə bağlı layihələr icra ediblər. Bununla belə, karantin dövründə kütləvi informasiya vasitələrinin fəaliyyətinin davam etdirilməsi məqsədəuyğun hesab olunsa da, qeyri-hökumət təşkilatlarının fəaliyyətinə sərt karantin müddətində icazə verilməyib. Maarifləndirmə, ictimai nəzarət, vətəndaşlar arasında təbliğatın aparılmasında iştirak edən qeyri-hökumət təşkilatlarının pandemiyanın təsirlərinin minimumlaşdırılmasında fəaliyyətinin əhəmiyyətini nəzərə alaraq qeyr-hökumət təşkilatlarının (ictimai təşkilatların)  Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısına əlavə olunması məqsədəuyğun olardı”.

Vüqar Bayramov ümid edir ki, QHT-lər sərt karantin müddətində fəaliyyətlərini davam etdirmək imkanı əldə edəcəklər.

E.MƏMMƏDƏLİYEV,

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …