Cümə axşamı , 5 Fevral 2026
Drone Cameras

Fransa parlamenti Azərbaycandan erməni məhbusların azad edilməsini tələb edir

Fransa parlamenti fevralın 3-də Azərbaycan hökumətindən erməni məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib.

Qətnamə 183 deputat tərəfindən lehinə səs verilməklə yekdilliklə qəbul olunub.

Qətnaməni təqdim edən deputat Loran Vokye çıxışında bildirib ki, Fransa Ukraynadakı müharibədə və digər beynəlxalq məsələlərdə fəal olduğu halda, Ermənistan üçün heç bir reaksiya verməmək “ifadə olunmaz bir haqsızlıq” olardı:

“Fransızlar bilirmi ki, erməni məhbuslar hələ də insan haqlarının qorunacağına dair heç bir zəmanət olmadan Azərbaycan həbsxanalarında saxlanılır? Fransanın borcu, diplomatik borcu başqaları susanda reaksiya verməkdir. Ermənistanın bizə ehtiyacı var, ermənilər bizim səsimizi gözləyirlər”.

Deputat həmçinin iddia edib ki, Türkiyə və Azərbaycan liderləri Ermənistanı xəritədən silməyə çalışır və XX əsrin ilk soyqırımını yaşamış xalq bu gün yenidən eyni təhlükələrlə üz-üzədir.

Qətnamədə Qarabağdan köçmüş erməni əhalinin təhlükəsiz şəkildə geri qayıtmasının təmin olunması tələb edilir. 

Fransa parlamenti əvvəllər də oxşar məzmunlu qətnamələr qəbul edib.

Azərbaycan Prezidenti İlham Əliyev isə bu qətnamələrə görə Fransa parlamentini tənqid edərək onu ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edib. Ötən ilin oktyabrında isə o, Kopenhagendə Fransa Prezidenti Emmanuel Makronla  görüşdən sonra ölkələr arasında yaranmış anlaşılmazlıqların “keçmişdə qaldığını” qeyd etmişdi.

Hazırda Azərbaycanda 19 erməni məhbusun saxlanıldığı bildirilir. Aralarında Qarabağdakı keçmiş separatçı rejimin liderləri də olan məhbuslar 20-dən çox maddə üzrə, o cümlədən soyqırımı və terrorizm ittihamları ilə mühakimə olunurlar. Bu yaxınlarda isə Azərbaycan barələrində hökm çıxarılmış 4 erməni məhbusu – Xaçaturyan Vaqif Çerkezi, Sujyan Gevorq Rubenoviç, Davtyan David Tiqrani və Eulcekciyan Vigen Abraham Ermənistana təhvil verib. Bu barədə rəsmi açıqlama olmasa da, deputatlar bunu humanizm prinsipi ilə izah ediblər.

Azərbaycanla Ermənistan arasında 30 ildən çox Qarabağ münaqişəsi ilə bağlı gərginlik və müəyyən illərdə hərbi toqquşmalar olub. 2023-cü ildə Azərbaycan tam ərazi bütövlüyünü bərpa etsə də, iki ölkə arasında sülh danışıqları uzun illər nəticəsiz qalıb. Nəhayət, ötən il avqustun 8-də tərəflər ABŞ-nin vasitəçiliyi ilə sülh sazişini paraflayıblar. ABŞ Prezidentinin iştirakı ilə tərəflər görüşün nəticələri haqda bəyannamə də imzalayıblar. Bəyannaməyə əsasən, Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz əlaqə yaranacaq. Paraflanan mətində tərəflər bir-birlərinin ərazi bütövlüyünü tanıyır, habelə qarşılıqlı iddiaların geri çəkiləcəyi vurğulanır.

Check Also

Ərinin videosuna görə işdən çıxarılan Gülbahar Eyvazovanın qızı da işdən çıxarıldı

Həyat yoldaşı Habil Eyvazovun sərxoş halda “TikTok”da canlı yayım açaraq qeyri-etik ifadələr səsləndirməsinə görə ölkə …