Cümə , 22 Noyabr 2024
Drone Cameras

Fuad Muradovun diaspora uğursuzluğu: gənc kadrın qocaman əməlləri…

Xaricdə yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 1993-cü ildə yaradılmışdı. Komitənin əsas vəzifəsi xarici ölkələrdə yaşayan azərbaycanlıların vətənlə əlaqəsini yaratmaq, onların vasitəsilə Azərbaycanı tanıtmaq, torpaqların işğalı ilə bağlı məlumatları beynəlxalq ictimaiyyətə çatdırmaq idi.

Asiya.az xəbər verir ki, həmin dövrə qədər Odlar Yurdu, Vətən kimi cəmiyyətlər bu funksiyanı həyata keçirirdilər. Lakin Azərbaycan müstəqillik əldə etdikdən sonra hakimiyyət belə qərara gəldi ki, bu işlə dövlət səviyyəsində məşğul olunmalıdır.

Biz 1993-cü ildən 2018-ci ilə qədər bu komitənin nələr etdiyini və ya nələr olduğunu təftiş etmək fikrində deyilik. Məqsədimiz adıçəkilən komitə ləğv edildikdən sonra 2018-ci ildə onun bazasında yaradılmış Diaspora Komitəsi və onun sədri Fuad Muradovun gördüyü fəaliyyətə toxunmaqdır.

Hansı ölkədə belə komitə var?

Öncə onu deyək ki, Diaspora Komitəsinin yaradılması müasir modern dövlət quruluşu baxımından səhv addımdır. Soruşula bilər ki, niyə? Məlumdur ki, istər qloballaşma, istər müharibə və istərsə də təbii yollarla dünyanın müxtəlif millətləri bir-birlərinə inteqrasiya edib, bir ölkədən başqa ölkəyə köçüblər. Məsələn, Qərbi Avropa xalqlarının milyonlarla nümayəndəsi 1-ci və ikinci dünya müharibələri zamanı Amerika və Avstraliya qitəsinə köç ediblər. Şərqi Avropa xalqlarından böyük kütlələr 2-ci dünya müharibəsi və ondan sonrakı kommunist repressiyaları zamanı Qərbi Avropaya, Amerika və Avstraliya qitələrinə daşınıblar. Lakin bu gün bu ölkələrin heç birində Diaspora Komitəsi deyilən bir qurum yoxdu. Nə Ukrayna yüz minlərlə ukraynalının yaşadığı Kanadayla, nə İrlandiya milyonlarla irlandiyalının yaşadığı Amerika Birləşmiş Dövlətlərilə, nə də Almaniya on minlərlə almanın yaşadığı Argentinayla əlaqə üçün belə komitə yaradıb. Bunun üçün Xarici İşlər Nazirliyi var və həmin qurumun xəttilə işlər görülür. Azərbaycanda isə yaxınının məhz orta məktəb birgəliyi üçün öncə millət vəkili olan Fuad Muradova bir diplomat obrazı alındırmaq üçün belə bir komitəni yaradıblar. Bəlkə kimsə təkzib etməyə çalışa bilər, lakin bu real faktdır. Və o da faktdır ki, Diaspora Komitəsi rəhbərliyi başqa ölkələrə gedən zaman onunla görüşə biləcək tərəfmüqabil dövlət rəsmisi yoxdur. Qeyd etdiyimiz kimi, başqa ölkələrdə belə bir qurum mövcud deyil.

Dəstək fondu, yoxsa?…

Bu gün demək olar ki, diasporada münasibətlər çox pis səviyyədədir. Müxtəlif ölkələrdə yaradılmış onlarla diaspora təşkilatlarının rəhbərləri komitəyə bir-birlərindən danos daşımaqla məşğuldurlar. Deyilənə görə, kim daha yaxşı danos daşıyırsa, Diaspora Komitəsi ona daha çox pul ayırır. Təbii ki, pullar elə-belə ayrılmır. Bununla bağlı cumhuriyyet.az xaricdə yaşayan soydaşımızın ölkə mediasında dərc olunan məkumatına istinadən bildirir ki, komitədən 10 min ayrılanda mütləq 5 mini “şapka” olaraq geri verilməlidir. Əks halda heç bir qrant ayrılmır. Bəli, qrant. Azərbaycan Diaspora Komitəsi belə bir qurum da yaradıb.Qurum 6 iyun 2018-ci ildə Diaspora Komitəsinin tərkibində qurulub (https://diaspora.foundation/aboutus ). Biz Azərbaycan Diasporuna Dəstək Fondunun 2 il ərzində ayırdığı qrantlar haqqında məlumat bölməsinə baxdıq və heç bir məlumat tapa bilmədik. Aydın oldu ki, şəffaflıq yoxdur ki, bu barədə ictimaiyyətə məlumat verilmir. Həmçinin cumhuriyyet.az olaraq bildirək ki, saytda eyni zamanda Azərbaycan Cümhuriyyətinin qurucuları barədə heç bir informasiya yerləşdirilməyib. M.Ə.Rəsulzadəyə düşmən münasibət ortadadır. Amma heç olmasa, Fətəli Xan Xoyski, Nəsib Bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və digərləri haqqında informasiya yerləşdirərdilər. Bu da onu göstərir ki, bu adamları ancaq pul maraqlandırır. Sevda Dadaşova, Emin Mirzoyev, İradə Əliyeva və digərləri arasında münasibətlər düşmənçilik səviyyəsindədir. An məsələsidir ki, bu adamlardan biri digərinə zərər yetirsin. Sevinc Nəzərli ilə Rahim Sadıqbəylinin xristian Avropasında ilk Azərbaycan teatrı yaratmaq davasında isə komitə gah ona, gah buna ümid verir. Rahim Sadıqbəyliyə deyirlər sənə çox pul ayıracaqdıq Sevinc Nəzərli mane oldu. Sevinc Nəzərliyə deyirlər sənin teatrına Fuad müəllim tapşırmışdı pul ayıraq Rahim qoymadı. Ona görə Fuad müəllim deyir gərək bir az da fikirləşək.

İspaniyada puş olan ümidlər

Fuad Muradovun diaspora uğursuzluğu: gənc kadrın qocaman əməlləri…

Bəzi xəbərlərə görə, İspaniyada uzun müddətdir ki, diaspora fəalı Vahid İmanov ona fonddan ayrılacaq 10 min avronu gözləsə də, puldan bir xəbər çıxmır.. Birdə orda Şamo Eyvazov adlı idmançı var. On ildən çoxdur ki, İspaniyanın Kantabriya vilayətinin Torrelaveqa şəhərində yaşayır. Qarabağ idman klubu yaradıb. Diaspora Komitəsi də söz verib ki, ona maddi yardım edəcək. Lakin bu günə qədər heç bir maddi yardım göndərilməyib. Eyni zamanda aldığımız məlumata görə, Diaspora Komitəsi koronavirus karantininə görə, İspaniyada yaşayan tələbələrə yardım göstərmək barədə qərar qəbul edib. Bu yardım çərçivəsində tələbələrin hər birinə ən azı 100 avro kömək göstəriləcəyi söz verilsə də, bu məbləğ 79 avrodan da aşağı olub. Bəzi tələbələrə isə ümumiyyətlə, yardım çatmayıb və onlar bununla bağlı müxtəlif ünvanlara şikayətlər ünvanlayıblar.

Çox mərtəbəli struktur

Bütün bunlar Diasporanın çox mərtəbəli sturukturlarının gözü önündə baş verib. Ona görə çox mərtəbəli yazırıq ki, məsələn, Nəzarət Komitəsi də Avropaya nəzarət edir, üstəgəl Səhlət Abbasova da Avropa üzrə nümayəndədir. Hər ölkə üzrə ayrıca nümayəndələr mövcuddur. Bundan əlavə koordinatorlar var. Onlara da nəzarət edirlər. Anlaşılmır ki, bu çox mərtəbəli sturukturla bu adamlar konkret olaraq nə etmək istəyirlər. Əgər, bu şəxslərin işləri sadəcə, video konfranslar və görüntü naminə görüşlər keçirməkdirsə, bunun üçün dövlətin bu qədər vəasitini dağıtmağa ehtiyac yoxdur. Zatən xaricdə yaşayan azərbaycanlı qadınlar tez-tez bir araya gəlir və onların paylaşdığı yemək şəkillərindən gözəl bir reklam düzəltmək olar. Eyni zamanda qrant layihələri adıyla karantin zamanı onlayn müsabiqələr keçirib kimlərəsə görüm-baxım etməkdənsə, real addımlar atmaq lazımdır.

Məktəb, ya dil kursu?

Yoxsa müxtəlif ölkələrdə dərnəklərdə açılmış dil kurslarını Azərbaycan məktəbləri kimi Azərbaycan ictimaiyyətinə təqdim edib, ancaq ölkədəkiləri aldatmaq olar. Xaricdə yaşayan şəxslər bilirlər ki, Avropada bir məktəb – yəni, təhsil müəssisəsi yaradıb və qeydiyyatdan keçirmək çox çətin prosesdir. Eyni zamanda xaricdən gələn müəllim bir sıra testlərdən keçməlidir. Bunların heç biri olunmur və sadəcə, dərnəklərdə açılan kurslar Azərbaycan məktəbləri kimi ictimaiyyətə təqdim olunur. Biz bu kursları açanların əməklərini yerə vurmaq istəmirik. Amma onlar özləri də bilir ki, kursların əksəriyyətində ancaq uşaqlara Azərbaycan dili diletant səviyyədə öyrədilir. Çünki dərs deyənlərin çoxu pedaqoq deyillər. Olmazmı ki, bu kursları olduğu kimi təqdim edib onların daha da təkmişlləşməsi üçün işlər görülsün? Xaricdə yaşayan azərbaycanlılar yaşadıqları əraziyə uyğun olaraq test edilsin, işə götürülüb hətta əmək haqqı verilsin? Azərbaycan tarixi, dili, ədəbiyyatı normal olaraq tədris olunsun? Uğurlara bitirənlər yaşadıqları ölkənin dili və Azərbaycan dilindən imtahan verib tərcüməçi diplomlarıyla təmin olunsunlar ki, bu da onların gələcəkdə iş tapmaqlarına kömək etsin?

Heydər Əliyev sevgisi də sünidir

Eyni zamanda qeyd etdiyimiz kimi, Diaspora Komitəsi açıq Məhəmməd Əmin Rəsulzadə düşmənçiliyi aparır. Onun və silahdaşlarının adını çəkmək ümumiyyətlə yasaqdı. Amma Sumqayıt əsilli ermənilərə qapılar açıqdı. Erməni kimi status almış və müsahibələrində azərbaycanlıların əlindən Avropaya pənah gətirdiyini deyənlər başda əyləşdirilir. Bu adamların Heydər Əliyev sevgisi də yalandır. Çünki onlar heç onunla bağlı da düz-əməlli tədbir keçirmədilər. Bu il deyə bilərdilər ki, karantin idi. Amma İsveçdə heç bir karantin yox idi və buna baxmayaraq, heç Heydər Əliyevi yada salmadılar.

Ukrayna fiaskosu

Diasporanın Ukraynada durumu isə daha ağırdır. Bir ürəkdə 3 məhəbbət saxlayan Hikmət Cavadov keçmiş səfir Azər Xudiyevin Azərbaycana dönüşünü bayram etdi. Dövlətçilikdən danışan Cavadov dövlətin diplomatına qarşı açıq kampaniya aparmaqdan, onun səfirlikdən geri çağrılmasını bayram etməkdən çəkinmədi. İndi isə məlum olur ki, ona bu cəsarəti verən Diaspora Komitəsinin sədri Fuad Muradov imiş.

Fuad Muradovdan isə Ukrayna Qarapapaq Türkləri Dərnəyinin rəhbəri Daşqın Gülməmmədov davamlı olaraq öz facebook səhifəsində yazır. O və rəhbəri olduğu qurum Hesablama Palatasının sədri Vüqar Gülməmmədova, Prezident Administrasiyasının rəhbəri Samir Nağıyevə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Nazim Rəvəbova müraciət edərək Fuad Muradovun diaspora üçün ayrılan pulları mənimsədiyiyini iddia edir və bunun üçün tədbir görülməsini xahiş edir.

Bir sözlə, Diaspora Komitəsi özlərinin dediyi kimi Azərbaycan həqiqətlərinin dünyada təbliğatından başqa hər işlə məşğul olurlar. Növbəti yazıda digər ölkələrdəki diaspora təşkilatlarının durumundan söhbət açacağıq. (cumhuriyyet.az)
İstinad olunan mənbə bu linkdir

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …