Bazar , 24 Noyabr 2024
Drone Cameras

Gəl boyuna qurban, ay vətən oğlu… – Esmira ISMAYILOVA

Sosial şəbəkələrdə Aprel hadisələri, qəhrəmanları ilə bağlı paylaşımlar, şərhlər, yazılar kifayət qədərdir.İllərdir aprelin biri aldatnma günü, zarafat günü kimi yaddaşımıza yazılsa da, dünən  əyləncəli  1 aprel ab-havasından əsər-əlamət yox idi.Bəli, iki gündür ki, bütün sosial şəbəkə istifadəçiləri 3 il öncə baş vermiş Aprel hadisələrini xatırlayır, statuslar,şəhidlərin şəkillərini, videolarını paylaşır.Bu , çox yaxşıdır,  bu, o deməkdir ki, qanımızda 3 il öncə baş qaldırmış yüksək vətənpərvərlik ruhu hələ tam öləziməyib, qələbəyə olan inamımız bizləri tərk etməyib,şəhidlərin ruhu xatirimizdə yaşayır.

3 il zaman üçün  nədir ki?Bir an.Həmin vaxt baş verənlər,xalqımızda Qarabağı qaytarmağa olan böyük coşqu və inam hissi hələ tamlığı ilə yaddaşımızdadır.2016-cı ilin aprel  günlərində kişili qadınlı, qocalı-cavanlı hamımızın ruhuna mübarizlik ruhu hakim idi.Qələbə bizə çox  əlçatan görünürdü, yaxın sayırdıq torpaqlarımızın işğaldan qurtarılacağı günü.Bu inamı bizə canını, qanını vətənə fəda edən igid əsgərlərimiz, zabitlərimiz aşılamışdı…Əminəm ki, onlar da elə  qələbəyə əminliklə döyüşə atılmışdılar.Amma təəssüf ki,  qələbə gününü görmək onlara qismət olmadı və biz özümüz də hələ ki,  bu günün həsrəti ilə günü aya, ayı ilə , dualarımızı ümüdə calayırıq.Amma…Dua eləməklə donuz darıdan çıxmır…

2016-cı ilin 1-5 aprel arasında təkcə Cənub bölgəsi 17 şəhid verdi.Onların arasında əsgəri də vardı, zabiti də, xüsusi təyinatlısı da.Həmin vaxt fəaliyyət göstərən ANS-in Cənub bölgə müxbiri kimi 17 şəhidin dəfn mərasimində iştirakımı indi də göz yaşları içində xatırlayıram.Bir gündə 3-4 şəhidin dəfn mərasimini çəkib xəbərlərə ötürürdük.Gözümüzün yaşı da qurumuşdu.Jurnalist fəaliyyətimə göz yaşı ilə yazıldı həmin günlər.Aman –zaman tək övladını itirən ana, hələ toy maşınının təkərləri yoldan silinməmiş bəy, yeni doğulan körpəsinin üzünü görməmiş ata…Aprel şəhidlərinin hamısını bu gün qəlb ağrısı ilə xatırlayıram.Amma…Pəncəli Teymurov yaddaşımdan bir an da olsa silinmir-toyunda özünə şəhidlik arzulayan Astaralı şəhidimizi deyirəm.

… Yağışlı bir gündə ucqar dağ kəndi olan Əzərüdə çıxmaq olduqca çətin idi.Oğul itirən ananın iztirablarını görmək, hələ gəlinlik xınası əlindən getməmiş gəlinin gözlərindən axan səssiz göz yaşlarını izləmək ondan da çətin idi.Göz yaşlarımızı saxlaya bilmirdik.Qadınların məclisində olduğum zaman qohumların birinin ağıda dediyi söz diqqətimi cəlb etdi-sən özün öz ölümünü arzuladın, ay Pəncəli.Bu sözün arxasında nə dayandığını öyrənmək marağı ilə apardığım kiçik araşdırma şəhid eloğlumuzun necə böyük insan, həqiqi vətənpərvər olduğunu ortaya çıxartdı.Sən demə, öz toyunda çıxışı zamanı Pəncəli Teymurovun özünə arzusu şəhidlik zirvəsinə yüksəlmək olub: ” Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil.Amma mən sidq ürəklə deyirəm.Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan,qanımdan keçməyə hazıram.Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum,tabutum Azərbaycan Respublikasının üçrəngli,ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.

Arzusu çin oldu Pəncəli Teymurovun, amma məqsədi hələ ki, çin olmayıb.Torpaqlarımız nə qədər ki, azad deyil,erməni tapdağındadır, şəhidlərimizin ruhu haray qoparacaq,vətən oğullarını qisasa çağıracaq.Vətən oğlu demişkən, Pəncəli Teymurovun toy kasetində bir məqamı xatırlayıram.Təzəbəy müğənni Manaf Ağayevdən təkrar-təkrar “Vətən oğlu” mahnısını ifa etməyi xahiş edir, bu havaya qol götürüb oynayır… və sonda da elə bu mahnının ifası zamanı mikrofonu əlinə götürərək özünə şəhidlik xeyir duası verir…Bu vətənpərvərliyin sözlə izahı yox…

Elə özümüzü  qalib saymağımızın da.Bu gün özümüzü qalib saya birərikmi?Bu sualın cavabı açıq qalır məncə.Nə qədər ki, torpaqlarımız işğaldan tam azad olunmayıb, özümüzü qalib saymağa haqqımız yox.Amma bu qələbənin qazanılması üçün can qurban verən Aprel şəhidlərimizi anmaq onların haqqıdır, onlar bu haqqı qanları ilə qazanıblar. Bu haqqı batırmayaq.Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …