Cümə axşamı , 21 Noyabr 2024
Drone Cameras

Gəncənin icra başçısı Argentinanın Azərbaycandakı səfiri ilə görüşüb

Boyukmillet.com-a verilən məlumata görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella ilə görüşüb. Görüşdə ikitərəfli əməkdaşıqdan danışılıb, gələcəkdə qurula biləcək kənd təsərrüfatı, sənaye, mədəni və iqtisadi əlaqələr haqqında geniş müzakirələr aparılıb.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncənin ölkənin ikinci ən böyük sənaye şəhəri olduğunu qonağın diqqətinə çatdırıb. O bildirib ki, Azərbaycanda yeganə aqrar universitet məhz Nizami yurdunda yerləşir. Şəhər rəhbəri bununla yanaşı Gəncədə daha 2 universitet və 3 kollecin fəaliyyət göstərdiyini qeyd edib.

Rəsmi qonağa Gəncənin sənaye potensialı haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, burada Gəncə Avtomobil Zavodu, “AzərAlüminium” ASC, “Gəncə Şərab – 2” kimi iri sənaye müəssisələri fəaliyyət göstərir. Həmçinin qeyd edilib ki, Gəncə Avropa Yenidənqurma və İnkişaf Bankının Yaşıl Şəhərlər proqramına qoşulub.

Bundan başqa qonağa Gəncənin mədəniyyət ocaqlarından olan Gəncə Dövlət Filarmoniyası və tikintisi davam edən Gəncə Dövlət Dram Teatrı haqqında da məlumat verilib. Niyazi Bayramov Gəncədə İdman Sarayının tikildiyini də qonağın diqqətinə çatdırıb.

Rəsmi qonağa Gəncədə bir əsrlik tarixə malik olan “Gəncənin Səsi” və “Novosti Gyandji” qazetlərinin fəaliyyətindən də danışılıb.

Argentinanın Azərbaycandakı səfiri Serxio Osvaldo Perez Qunella səmimi qəbula görə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova minnətdarlığını bildirib. Səfir qeyd edib ki, əsas məqsədi iki ölkə arasında mövcud olan əlaqələrin daha da genişləndirilməsidir. “Mən hər zaman demişəm ki, ölkə yalnız paytaxtdan ibarət deyil. Mövcud əlaqələr regionlar arasında da inkişaf etdirilməlidir. Gəncəyə səfər etməyimin əsas səbəblərindən biri də də məhz budur. Mən çox istərdim ki, Gəncə ilə Argentinanın hər hansı bir şəhəri arasında qardaşlıq əlaqələri qurulsun”, – deyə səfir qeyd edib.

O, əsasən kənd təssərüfatı sahəsində əməkdaşlıqda maraqlı olduqlarını, bu məqsədlə Azərbaycan Dövlət Aqrar Universitetində bir sıra görüşlərin keçiriləcəyini bildirib. Bu istiqamətdə gələcəkdə tələbə və müəllim mübadiləsinin aparılmasının mümkünlüyündən danışıb.

Serxio Osvaldo Perez Qunella qurula biləcək mədəni əlaqələrdən də söz açıb. O, bildirib ki, Argentinanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Bakıda Beynəlxalq Tanqo Festivalı keçirilib. O, buna bənzər tədbirlərin Gəncədə də reallaşdırıla biləcəyinə diqqət çəkib.

Səfir Gəncə ilə Argentinanın bir sıra şəhərləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına, ölkələrarası münasibətlərin daha da inkişaf etməsinə çalışacağını bildirib.

Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim olunub, şəkil çəkdirilib.

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …