“Vergi və gömrük orqanlarında aparılmış islahatlar nəticəsində xəzinəyə plandan əlavə 1 milyard manat vəsait daxil edilib. Bu, öz növbəsində imkan verdi ki, biz çox geniş sosial paketi əhaliyə təqdim edək və bunu etdik. Hesab edirəm ki, həm müasir Azərbaycanın tarixində, həm də MDB məkanında bu dərəcədə böyük sosial paket bu günə qədər reallaşmayıb”.
Boyukmillet.com-un məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.
Ölkə başçısı əmindir ki, bu il də gömrük sahəsində aparılan islahatlar davam etdiriləcək və bu, “bizə imkan verəcək ki, biz yenə də plandan əlavə vəsait toplayaq və büdcəmizə daxil edək”.
Büdcə proqnozu tam icra edilib
Həqiqətən də, gömrük orqanlarında həyata keçirilən islahatlar ötən il ərzində də uğurla davam etdirilib. Həyata keçirilən islahatların əsas prioriteti isə şəffaflığın artırılması istiqamətində olub. Məhz bunun nəticəsində büdcə proqnozunun icrası tam yerinə yetirilib. Büdcəyə proqnozlaşdırılandan artıq vəsaitin toplanmasına nail olunması mümkün olub.
Belə ki, təkcə otən ilin dekabr ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 402,284 mln manat məbləğində vergi və rüsum daxil olub. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 221,301 mln manat və yaxud 2,2 dəfə çoxdur.
Hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının məbləği ötən ilin analoji ayı ilə müqayisədə 54,95 mln manat və yaxud 2 dəfə artaraq 110,654 mln manat olub. Həmçinin ƏDV üzrə daxilolmaların məbləği 151,987 mln manat və yaxud 2,3 dəfə artaraq 268,996 mln manat, aksizlər üzrə daxilolmaların məbləği 14,15 mln manat və yaxud 4,95 dəfə artaraq 18,78 mln manat, yol vergisi üzrə daxilolmaların məbləği isə 215 min manat və yaxud 5,9% artaraq 3,855 mln manat təşkil edib.
2019-cu il ərzində isə DGK-nın xətti ilə büdcə daxilolmaları 4 408,6 mln manat təşkil edib. Bu, 2018-ci illə müqayisədə 974,563 mln manat və yaxud 28,4% çoxdur. Ötən il ərzində gömrük rüsumları üzrə daxilolmalar 226,328 mln manat və yaxud 25,6% artaraq 1 109,479 mln manat təşkil edib.
Bundan başqa, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 663,298 mln manat və yaxud 28,3% artaraq 3 004,082 mln manat, aksizlər üzrə daxilolmalar 79,668 mln manat və yaxud 47% artaraq 249,633 mln manat, yol vergisi üzrə daxilolmalar isə 5,27 mln manat və yaxud 13,1% artaraq 45,432 mln manat olub.
Demək olar ki, risklərin analizi, uçot sisteminin yenidən qurulması, vergi orqanları ilə birlikdə təşkil edilən maliyyə nəzarətinin gücləndirilməsi hesabına kölgə iqtisadiyyatının aradan qaldırılması, gömrük əməliyyatlarında şəffaflığın təmin olunması həyata keçirilən islahatların nəticəsidir.
Bu ilin büdcə proqnozu keçən il yerinə yetirilib
2019-cu ildə DGK-nın büdcə proqnozu 3 mlrd 702 mln manat təşkil etsə də, gömrük xidməti orqanlarının əməkdaşları büdcəyə faktiki olaraq 4 mlrd 408,6 mln manatdan çox vəsait toplayıblar. Bu isə büdcə proqnozununun icrasından 706 mln manat və ya 19,07% çoxdur.
2018-ci ildə isə Komitənin büdcə proqnozu 2 mlrd 430 mln manat təşkil edib. Bu qədər proqnoza qarşı dövlət büdcəsinə 3 mlrd 434 mln manat vəsait toplanıb ki, bu da proqnozdan 1 mırd 4 mln manat və ya 41,3% çoxdur.
Daha əvvəlki illərin büdcə proqnozlarına və bu proqnozların icrasına nəzər yetirdikdə görəcəyik ki, 2017-ci ildə DGK-nın büdcə proqnozu 2 mlrd 250 mln manat səviyyəsində olub. Bu proqnoza qarşı 2017-ci ildə faktiki olaraq gömrükçülər tərəfindən 2 mlrd 609 milyon manatın büdcəyə toplanmasına nail olunub. Bu da büdcə proqnozunun icrasından 350 mln manat və ya 16% çoxdur.
2016-cı ildə isə DGK-nın büdcə proqnozu 1 mlrd 810 mln manat olub. Bu həcmdə proqnoza qarşı, 2016-cı ildə faktiki olaraq 2 mlrd 292 milyon manat toplanıb dövlət büdcəsinə keçirilib. Bu da proqnozdan 482 mln manat və ya 26,6% çoxdur.
Ötən ildə, yəni 2019-cu ildə Komitə tərəfindən toplanan və dövlət büdcəsinə keçirilən vəsaiti daha əvvəlki illərin büdcə plan proqnozu ilə müqayisə etsək isə açıq-aydın görəcəyik ki, bu rəqəm 2018-ci ilin göstəriciləri ilə müqayisədə 1 mlrd 978 mln manat və ya 80,4% çoxdur. 2017-ci ilin büdcə proqnozu ilə müqayisədə isə 2 mlrd 158 mln manat və ya 95,9% çoxdur. 2016-cı ilin büdcə proqnozu ilə müqayisədə isə ötən il toplanan və dövlət büdcəsinə keçirilən vəsaitin həcmi 2 mlrd 598 mln manat və ya 2,4 dəfə çoxdur. Bir sözlə, DGK-nın son iki-üç ildə büdcəyə ödənişlərini verilən proqnozdan 2-2,5 mlrd manatdan çox artıra bilib.
2020-ci ildə isə DGK-nın büdcə proqnozunun 4 mlrd manat olacağı nəzərdə tutulub. Ancaq artıq indidən yuxarıda sadalanan rəqəmlərdən və Komitənin fəaliyyətinin daha da şəffaflaşdırılması baxımından həyata keçiriləcək növbəti islahatlardan demək olar ki, DGK bu ilin büdcə proqnozunu da asanlıqla yerinə yetirə biləcək. İlk əvvəl ona görə ki, Komitə artıq 2020-ci ilin büdcə proqnozundan 408,6 mln manat və 10,2% artıq vəsaiti 2019-cu ildə yerinə yetirərək büdcəyə keçirilməsinə nail olub. Komitədə tərəfindən risklərin analizi, uçot sisteminin yenidən qurulması, vergi orqanları ilə birlikdə təşkil edilən maliyyə nəzarətinin daha da gücləndirilməsi hesabına bu ilin büdcə proqnozunun icrasını 5 mlrd manata yaxın və ya bu rəqəmdən bir qədər də artıq yerinə yetirmək mümkün olacağı ümidi yaranır.
İlkin zəruri ehtiyac məhsulları idxalda ƏDV və rüsumlardan azad edilməlidir
Son dövrlər DGK-nın fəaliyyətində şəffaflıq gözəçarpacaq dərəcədə artıb. Amma bununla belə ekspertlər bu sahədə islahatların davam etdirilməsini vurğulayırlar.
Ekspertlər deyir ki, gömrük xidmətində şəffaflığın artırılması üçün dünya təcrübəsinə əsas önəm verilməlidir və ən azından malların vergidən azad edilməsi baxımından qardaş Türkiyənin təcrübəsindən bəhrələnmək mümkündür. Belə ki, Türkiyədə belə bir təcrübə var ki, ilkin zəruri ehtiyac məhsulları ölkəyə idxal edilən zaman əlavə dəyər vergisindən (ƏDV) və gömrük rüsumlarından azad edilirlər.
Mütəxəssislərin fikrincə, ilk növbədə ölkədə müəyyən səbəblərdən istehsalı mümkün olmayan və istehsalının mümkünlüyü yaxın üfüqdə belə görünməyən məhsullara, yəni bunun üçün ilkin bazası, texnoloji imkanları və xam malı olmayan məhsullarının siyahısı tərtib edilməlidir. Onlar deyir ki, ölkəyə idxal edilən məhsulların siyahısı çeşidlənməlidir və ən zəruri ehtiyaclar, insanın yaşayışı üçün zəruri olan məhsullar gömrük rüsumlarından azad edilməlidir. Bura ilk növbədə dərmanlar daxil edilməlidir. Bu, ölkədə dərmanların qiymətinin aşağı düşməsinə də səbəb olacaq və eyni zamanda əhalinin həssas təbəqəsinə aid olan böyük bir qisminin sosial rifahına və yaşayışına müsbət təsirini göstərmiş olar.
Həmçinin, ekspertlər düşünür ki, kitabların da ƏDV-dən azad edilməsi ölkədə kitabın qiymətini aşağı salar və əhalinin maariflənməsinə, kitaba marağının artmasına dəstək olacaq.
Onlar düşünür ki, bu gün ölkədə istehsal imkanları mümkün olmayan və o, mallara ki, onların idxalına məhkumuq, bu cür malların gömrük rüsumunun və ƏDV-nin azaldılması və ya tam azad edilməsi lazımdır.
Sağlamlığa təhlükəli olan məhsullara daha yüksək vergi və rüsum tətbiq edilməlidir
Ekspertlər həmçinin düşünür ki, bu gün dünyada yaşıl iqtisadiyyatın yanaşması sürətlə artır. Dünya elektromobillərin və hibrid avtomobillərin tətbiqinə böyük pullar ayırır. Hətta Avropa İttifaqı bu il hər bir elektromobil alana 6 min dollar vəsait ödəyəcək. Bunun üçün bizim hökumət də öz növbəsində elektromobillərin və hibrid avtomobillərin ölkəyə idxalında idxal rüsumundan azad edilməlidir. Bu maşınlar ölkəyə sıfır fazilə daxil olmalıdırlar.
Ekspertlər deyir ki, bu gün hökumət yerli istehsalın təşkili üçün lazım olan bir çox xammal məhsullarını rüsumlardan və ƏDV-dən azad edib. Ancaq bəzi məhsullar var ki, onlar hələ də rüsum və ƏDV-dən azad edilməyiblər. Onların fikrincə, bu siyahıya yarımfabrikatlar daxil edilməlidir. Toxuculuq sənayesində istifadə edilən yarımfabrikatlar var ki, onlar vergi və rüsumdan azad edilməyib. Bunlar azad edilsə, ölkədə keyfiyyətli və rəqabətyönümlü məhsul istehsal etməsinə imkan yaradılar.
Ekspertlər deyir ki, Dövlət Gömrük Komitəsi şəffaflığı daha da artırmalıdır. Bunun üçün bir neçə addımlar atılmalıdır. Bunlardan biri və ilk növbədə Komitənin hesabatlarını şəffaflaşdırmasıdır. Onlar hesab edir ki, ölkədə tutulan gömrük rüsumlarının heç olmasa dördrəqəmli əmtəə kodları üzrə alınan vergi rüsumu açıqlanmalıdır. İctimaiyyət hökumətin nədən vergi alıb-almadığını bilməlidir. Bu, həmçinin hansısa mal qruplarına hər hansı inhisarçı qruplara aid olan malların vergidən yayındığını və ya daha güzəştli şərtlərlə qeyri-rəsmi şəkildə idxal edib-etməməsini göz yumub- yummadığını aşkar etməyə imkan verəcək. Bu da şəffaflığı artıran amillərdən biridir.
Ekspertlər hökumət tərəfindən idxalın vergidən azad olunmasını çox düzgün addım hesab edirlər. Ancaq onlar deyir ki, hökumət idxal olunan ən vacib məhsullar üzrə reyestri açıq etməlidir. Bu da insanlarda idxal barəsində reallığı görməyi asanlaşdıracaq. İnsanlar hansı məhsulun hansı şirkət tərəfindən ölkəyə gətirildiyi barədə məlumatlı olacaq.
Onların fikrincə, ekoloji təmiz məhsullar vergidən azad edilməli, ekoloji baxımından sağlamlığa təhlükə törədən məhsullara isə əksinə, daha yüksək vergi və rüsum tətbiq etmək lazımdır. Bu balans mütləq şəkildə yaradılmalıdır. Onlar bu il və gələcək üçün Komitənin fəaliyyətinin daha da şəffaflaşdırılması istiqamətində bütün bu nüansları da nəzərə alacaqlarına inanırlar.
Yazı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi birgə müsabiqəyə təqdim etmək üçün yazılıb.