Cümə , 29 Mart 2024
Drone Cameras

Donda “əriyən” Naxiçevan və ya ermənilərin Naxçıvan “sevgisi” haradan başlayır?

13 il bundan əvvəl – 2007-ci ilin dekabr ayında erməni yeparxiyası tərəfindən Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Novo-Naxiçevanskaya Armyanskaya Tserkov” kilsə binasının tikilməsi barədə mətbuatda məlumat yayılır. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Moskva şəhərinin ozamankı meri Yuri Lujkova məktub göndərir. Məktubda “Yeni Naxçıvan” adı ilə kilsə binası tikintisinin dini missiyadan çox siyasi motivlərə xidmət etdiyi diqqətə çəkilərək bu vəziyyətin xalqlarımız arasında tarixən formalaşmış dostluğa xələl gətirəcəyi bildirilir. Ali Məclisin Sədri tərəfindən məktubla bərabər rus yazıçısı R.İ.İvanovun “Bəyazitin müdafiəsi: həqiqətlər və yalanlar”, “Əlahəzrətin general yavəri” və general Cəmşid Naxçıvanskiyə həsr olunmuş “Sovet İttifaqı adından” kitabları, rus dilində Naxçıvan Muxtar Respublikasına həsr olunmuş “İrs” jurnalı da Moskvaya göndərilir. Bundan əlavə, muxtar respublikanın elm və ictimaiyyət nümayəndələri, Naxçıvandakı rus icması tərəfindən də 422 teleqram, 204 faks göndərilməklə kilsə binasının tikintisinə etiraz edilir…

İki ay sonra Naxçıvandan edilən bu etirazlara Moskvadan cavab gəlir. 2008-ci il fevralın 12-də Moskva merinin müavini Valeri Vinoqradov tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə rəsmi məktub göndərilir. Məktubda ermənilərin Rusiya paytaxtında “Novo-Naxiçevanskaya” adlı kilsə tikmələrinə bəraət qazandırılmağa çalışılır, vəziyyətdən çıxış yolu kimi həmin tikilinin adının Azərbaycanın Naxçıvan Muxtar Respublikasının adı ilə əlaqəli olmadığı əsas gətirilir. 

Daha sonra məktubda Erməni Apostol Kilsəsinin Novo-Naxiçevan­skaya və Rusiya yeparxiyasının 1836-cı ildə imperator I Nikolayın fərmanı ilə təsis olunduğu, 14 noyabr 1779-cu il tarixdə imperatriçə II Yekaterinanın fərmanı ilə Krım ermənilərinə Don çayının sağ sahilində torpaq sahəsi bəxş edildiyi bildirilir. Mer müavini qeyd edir ki, 1780-ci ildə ermənilər tərəfindən bu ərazidə indiki Rostov-Don şəhərinin tərkib hissəsi olan Novıy Naxiçevan şəhərinin əsası qoyulub və Erməni Apostol Kilsəsinin Rusiya yeparxiyasına da bu ad verilib (Qeyd edək ki, həmin məktublar “Şərq qapısı” qəzetinin 20 fevral 2008-ci il tarixli nömrəsində dərc olunub).

Təbii ki, burada əsas məsələ tikili yox, kilsənin “Yeni Naxçıvan” adlandırılması idi. Maraqlıdır, ermənilərin bu Naxçıvan “sevgisi” haradan qaynaqlanır? Azərbaycana qarşı əsassız torpaq iddialarının (hətta Dağlıq Qarabağdan da əvvəl) kökündə niyə məhz Naxçıvan dayanır? Niyə bu mənfur millət iki əsrdən çoxdur ki, Naxçıvana sahiblənməyi öz axmaq ideyalarının başında görür və bu istiqamətdə daim təbliğat aparır? Niyələr çoxdur, ancaq veriləcək cavablar ondan da çoxdur. Qoy oxucularımız da bilsinlər ki, üzdəniraq qonşularımızın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvana qarşı əsassız iddiaları indi də səngiməyib, əksinə, bu gün də Rusiyada yaşayan xalqları özlərinin bu yalanlarına inandırmağa çalışırlar. Elə biz də bu yazıda vaxtilə Krım yarımadasından Don sahillərinə köçürülərək yaşadıqları yeri “Nor-Naxiçevan” (nor – erməni dilində yeni deməkdir) adlandıran, sonradan isə Rostov-Don şəhərinə birləşdirilən, indi isə, sadəcə, ermənilərin düşüncəsində “Naxiçevan-na Donu” kimi xatırlanan bölgədən bəhs edəcək, yalan üzərində qurulmuş erməni təbliğatının bugünkü mənzərəsindən bəzi məqamlara toxunacağıq.
Tarixi mənbələrə nəzər salsaq, görərik ki, 1787-1791-ci illərdə rus-türk müharibəsi başa çatdıqdan sonra 1799-cu ildə Rusiya imperatriçəsi II Yekaterinanın verdiyi fərmana görə ermənilər Krım yarımadasından köçürülərək “Şimali Qafqazın qapısı” hesab edilən Rostov qalasının ətrafına yerləşdirilir. Don çayının sahilinə köçürülən ermənilər yerləşdikləri yerə “Yeni Naxçıvan” adı verirlər. 1838-ci ildən sonra isə bu ərazini “Naxiçevan-na Donu” adlandırırlar. 1928-ci ildə isə bu kiçik qəsəbə Rostov-Don şəhərinin bir hissəsinə çevrilməklə Proletarnı rayonu adlandırılır və hazırkı adı da belədir.
ABŞ-da yaşayan və milliyətcə gürcü olan, “Unudulmuş genosid”, “Erməni təbliğatının ikiüzlülüyü və yalanı” kitablarının müəllifi Feliks Sersvadze 2005-ci ildə Nyu-Yorkda nəşr olunmuş “Ermənistan və Dağlıq Qarabağ. Miflərin formalaşdırılması” kitabında yazır ki, 1799-cu ildə erməni arxiyepiskopu İosif Donda erməni muxtariyyəti təşkil etmək qərarına gəlir. Bu məqsədlə o, həmin əraziyə Türkiyə və Krımdan köçürülmüş on minlərlə erməni gətirdi və hətta gələcək muxtariyyətin paytaxtı kimi – Don üzərindəki Naxçıvan adlı şəhər də saldı. Rusiya hakimiyyətindən əla güzəştlər aldı: erməni əmlakının Krımdan dövlət hesabına daşınması, iribuynuzlu mal-qaranın saxlanması üçün bir neçə min desyatin torpaq, 10 il ərzində vergilərdən sərbəst olmaq, erməni gənclərinin rus ordusunda xidmətdən azad edilməsi. Bundan başqa, hər ev sahibinə 30-40 desyatin torpaq, ev tikmək üçün pulsuz inşaat materialları ayrılırdı. Toxum, mal-qara və iş alətləri 10 illiyinə verilirdi… Rusiya hakimiyyət dairələri erməni icması üçün böyük güzəştlərə gedir, hətta şəhər salmağa icazə verirdilər, lakin muxtariyyət yaratmağa qətiyyətlə icazə vermədilər. Yuxarıda adıçəkilən Don üzərindəki Naxçıvan şəhəri sonradan Rostov-Don şəhərinin tərkibində “əridi” və itdi. Amma Donda yaşamaları ermənilərə özlərini “Don kazakları” adlandırmaları üçün bəhanə verdi…
Maraqlıdır, ermənilər niyə yerləşdikləri bu yeri “Yeni Naxçıvan” adlandırmalı idilər?
Hamımıza məlumdur ki, qədimdən də qədim olan Naxçıvan Nuh Peyğəmbərin quruya ilk ayaq basdığı torpaqdır. Yəni bəşər sivilizasiyasının ikinci yaranışı bu müqəddəs yerdən başlayır. Ermənilər də hər kəsə özlərini qədim sivilizasiyanın bir hissəsi olduqlarını sübut etmək üçün Nuhun övladlarının soyundan gəldiklərini sırımağa çalışırlar. Erməni alimləri Nuhun Vətəni olan Naxçıvanı “Naxiçevan” formasına salmaqla sözü iki hissəyə ayırır və “Nax” hissəsini “birinci”, “ilkin”, “icevan” hissəsini isə “çıxış yeri”, “dayanacaq” kimi izah edirlər. Halbuki ermənicə “ilkin” ifadəsinin qarşılığı “himnakan”, “çıxış yeri”, “dayandığı yer” ifadəsinin qarşılığı isə “vayrejk”dir. Ancaq indiyə kimi heç kim Naxçıvanın adına heç bir mənbədə “Himnakan vayrejk” kimi rast gəlməyib. Türk dillərində, xüsusən Azərbaycan türkcəsində bu ifadə çox sadə və asan “Nuh çıxan yer” kimi izah olunur.
Burada bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, yalan və iftiralar üzərində təbliğat aparan ermənilər əllərində olan bütün imkanlardan istifadə edirlər. Məsələn, bu gün hər hansı birimiz “Naxçıvan” sözünə internetdə rus dilində axtarış versək, ilk olaraq qarşımıza rusdilli Vikipediya çıxacaq. Bu Vikipediyaya nəzər salsaq, görərik ki, erməni tarixçiləri Naxçıvanla bağlı nə qədər uydurma, saxta məlumatları rusdilli oxuculara təqdim edirlər. Belə oxucuların kütləsi isə nə az, nə çox – yüz milyonlarla ölçülür. Təəssüflər olsun ki, bu gün tarixçilərimiz tərəfindən geniş auditoriyaya malik bu cür virtual ensiklopediyalarda rusdilli oxucular üçün hələ də Naxçıvanla bağlı sanballı məqalələr yerləşdirilməyib. Nəzərə alaq ki, son onilliklərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birbaşa tapşırığı, rəhbərliyi və tövsiyələri ilə muxtar respublikanın qədim tarixi və zəngin mədəniyyəti ilə bağlı çoxlu elmi kitablar nəşr olunub. Ancaq unutmayaq ki, ölkədən kənarda hər kəs Naxçıvanla bağlı məlumat almaq istəyəndə, ilk növbədə, internetə müraciət edir. Bu zaman isə qarşılarına erməni tarixçilərinin uydurduğu azərbaycanlıların “zorla zəbt etdikləri” “qədim erməni torpağı Naxiçevan”la bağlı məlumatlar da çıxır. Bir sözlə, Naxçıvan ermənilərin bütün yalan iddialarının başında gələn bir regiondur və bu üzdəniraq millət nə vaxtsa buraya da sahiblənəcəkləri ilə bağlı xülyalarına inanır. Uzağa getməyək, 2013-cü ildə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordu yaradılanda bundan əməlli-başlı qorxuya düşən ermənilər hər gün müxtəlif bəyanatlar verirdilər. “Naxiçevan”ın milli-siyasi təşəbbüsləri” adlı provokasiya xarakterli bir bəyanatda deyilirdi: “Naxiçevan erməni etnosunun əsas formalaşmış ocaqlarından biri olub. 1921-ci ildə ora zorla Azərbaycana birləşdirilib. Lakin biz əminik ki, işğal altında olan bu yer gec, ya tez, öz tarixi sahibinin nəzarətinə keçəcək”. Belə sərsəm nümunələrin sayını yenə də artıra bilərik. Bilinən odur ki, mənfur qonşularımız Naxçıvana əsassız iddialarını bu gün də gizlətmirlər və Şimali Qafqazın paytaxt şəhəri sayılan Rostov-Don şəhərinin tərkibində itib-batmış “Naxiçevan” da bu gün mövcudluğunu müxtəlif informasiya portallarında, qəzetlərdə, bu uydurma kiçik “şəhər”in yerləşdiyi Proletarnı rayonundakı müxtəlif heykəl, abidə və lövhələrdə tarixi Azərbaycan torpağını “məzlum xalq”a məxsus bir məkan kimi yaşadır və təbliğ edirlər. Bu haqda isə növbəti yazımızda…

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …