Məlum olduğu kimi, jurnalistlər: Sənan Həsənoğlu və İlqar Atabəyli 1 il 5 aydır ki, həbsdədirlər. Hər iki jurnalist Azərbaycandakı tanınmış media quruluşlarında çalışıblar.
Onlara verilən rəsmi ittiham Goranboy rayonundakı dövlət məmurlarından hədə-qorxu ilə rüşvət almaqla bağlıdır. Jurnalistlərlə bağlı iş hazırda məhkəmə mərhələsindədir. Bir neçə aydır ki, Gəncə Ağır Cinayətlər Məhkəməsi bu işlə bağlı məhkəmə istintaqı aparır.
Jurnalistlərin ailəsindən verilən məlumata görə, iş üzrə şikayətçi olanların hamısı barışıq ərizəsi yazıb, yalnız şəkildə gördüyünüz Goranboy Rayon İcra Hakimiyyəti Başçısının müavini Mirvari Ağamalıyevadan başqa.
Axtarış sistemlərində xanım müavinin yalnız bu fotosu qarşıma çıxdığı üçün, belə şəkil paylaşdım. Qeyd edim ki, həbsdə olan hər iki jurnalistin ailə vəziyyəti acınacaqlıdır. Hər iki ailənin yeganə qazanc gətirəni həbsdəki jurnalistlər olub, himayələrində azyaşlı uşaqları var.
İşin gedişatı göstərir ki, Mirvari Ağamalıyeva da etdiyi şikayətlə bağlı barışıq ərizəsi versə, jurnalistlərlə bağlı həbsli olmayan alternativ cəza növü seçilə bilər.
Jurnalist Sənan Həsənoğlunun ailəsi, doğmaları bir neçə dəfə Mirvari xanımın yanına gedib, baş verən hadisə ilə bağlı üzrhaqlıq ediblər. Xanım müavin onları hətta öz evində qəbul edib və birmənalı olaraq söz verib ki, barışıq ərizəsi yazacaq, amma gedib məhkəmə prosesində jurnalistlərə ən ağır cəzanın verilməsini tələb edib.
Təbiidir ki, şikayətçi olub-olmamaq Mirvari xanımın şəxsi işidir. Heç kim onu hansısa addım atmağa məcbur edə bilməz. Ancaq acınacaqlı bir həyat şəraitində olan iki jurnalistə qarşı onun nümayiş etdirdiyi bu “prinsipiallığın” səbəbi başa düşülən deyil.
Bunun üçün mütləq jurnalistlərin ailələrinə yalan danışıb, onları sevindirib, sonra ümidlərini puç etmək lazımdır? Mirvari xanım həm də dövləti təmsil edir. Onun söz verib, sonra əməl etməməsi həm də çalışdığı qurumun reputasiyasını zədələmiş olur.
Bu jurnalistlər hətta Mirvari xanıma qarşı hər-hansı səhvə yol versələr belə, 1 il 5 aylıq həbsdə qaldıqları müddət onlara özləri üçün lazımi nəticələri çıxarmağa tam bəs edir.
Mirvari xanım rayonda humanitar sahəni kurasiya edirsə, təbiətən də humanist olması lazımdır. Bir çox jurnalistlərin adından ondan xahiş edirik ki, hazırda həbsdə olan jurnalustlərlə bağlı humanist addım atsın!
Məhəmmədəli Qəribli