Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Gürcüstana buraxılmayan Azərbaycan vətəndaşlarının sayı kütləvi həddə çatıb… üçüncü ölkəyik…

Samir Adıgözəlli: “Düz 3 ildir Gürcüstana getməyimə məhdudiyyət qoyulub”

Image result for samir adıgözəlli

Gürcüstana buraxılmayan şəxslərdən biri də İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəllidir.Onun sözlərinə görə, düz 3 ildir onun Gürcüstana girişinə məhdudiyyət qoyulub: “Düz üç il bundan əvvəl biz Beynəlxalq Diaspor Mərkəzinin heyəti olaraq mən, İsmayıl Ağayev və Namiq İsayev Gürcüstana gedirdik. Gürcüstanda BDM təmsilçiliyi tərəfindən yalançı “erməni soyqırımı” ilə bağlı bir aksiya təşkil olunmuşdu. Tiflis meriyasından buna icazə də alınmışdı. Ancaq Gürcüstan tərəfi heç bir səbəb göstərmədən bizi geri qaytardı. Bu illər ərzində biz dəfələrlə Gürcüstanın keçmiş prezidentinə, baş nazirinə və dövlət qurumlarına rəhbərlik edən şəxslərə müraciət etdik. Gürcüstanın Azərbaycandakı səfirliyində olduq. Bununla bağlı heç bir səbəb göstərmədilər. Hansı ki, biz heç vaxt Gürcüstanın daxili işinə qarışmamışıq. Əksinə, beynəlxalq tədbirlərdə Gürcüstanı dəstəkləmişik və bu ölkənin separatizmdən əziyyət çəkdiyini bəyan etmişik. Mənim müşahidələrimə görə, belə vəziyyətin arxasında hökumətdə çalışan erməni əsilli məmurlar dayanır. Onlar fəal adamları bir bəhanə ilə ölkəyə buraxmırlar. Gürcüstan hakimiyyəti, gürcü ziyalılar bunu bilməlidirlər. Problemin kökündə bu amil dayanır”.

Bu ilin yanvar-mart aylarında 493 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı hesabatda bildirilib. Belə ki, yanvar ayında qonşu ölkəyə 124, fevral ayında 141, mart ayında isə 228 Azərbaycan vətəndaşının daxil olmasına icazə verilməyib. Azərbaycan Gürcüstana buraxılmayan əcnəbi vətəndaşların sayına görə üçüncü yeri tutub.

Hesabat dövründə Gürcüstana buraxılmayan əcnəbi vətəndaşların ümumi sayı 6400-ə yaxın olub. Onların arasında birinci yeri İran (3000 nəfərə yaxın), ikinci yeri isə Hindistan vətəndaşları (1 200 nəfərə yaxın) tutub.

Azərbaycan Gürcüstanla qonşu olmaqla yanaşı, iki dövlət arasında çox yaxın münasibətlər mövcuddur. Gürcüstanda yarım milyondan çox soydaşımız yaşayır. Azərbaycan Gürcüstanın iqtisadi inkişafında mühüm rol oynayır. Azərbaycanın bir sıra enerji və nəqliyyat xətləri oradan keçir və Gürcüstan tranzit ölkə olaraq bundan milyonlar qazanır. Bundan başqa, Azərbaycan daha münasib şərtlərlə qonşu ölkəyə qaz ixrac edir. Belə olan halda, bir sıra Azərbaycan vətəndaşlarının Gürcüstana buraxılmaması təəccüb doğurur. Onu da qeyd edək ki, bir sıra tanınmış şəxslər də Gürcüstana buraxılmırlar.

O baxımdan bütün bunların səbəbi nədir? Bir rüb ərzində 500 nəfərə yaxın Azərbaycan vətəndaşının Gürcüstana buraxılmamasının arxasında nə dayanır?Kamran Ramazanlı: “Hakimiyyət strukturlarında çalışan erməni əsilli məmurlar belə vəziyyət yaradır”

Məsələyə aydınlıq gətirən Gürcüstan əsilli ziyalı Kamran Ramazanlı bunu Gürcüstan hakimiyyətində çalışan erməni əsilli şəxslərin fəaliyyəti ilə əlaqələndirdi: “Əvvəla iki ölkə arasında təkcə dövlətlər səviyyəsində deyil, QHT və ziyalılar səviyyəsində də münasibətlər var. Azərbaycan tərəfdən bu münasibətlərin inkişafı üçün bütün zəruri addımlar atılır. Təəssüf ki, Gürcüstanın müəyyən siyasi elitasında bu məsələlərə adekvat cavab yoxdur. Bu da ondan qaynaqlanır ki, Azərbaycan-Gürcüstan münasibətlərini yüksək səviyyədə inkişaf etdirən, bizim oradakı soydaşlarımızın problemlərini olduğu kimi çatdıran ictimai xadimlər ora buraxılmır. Kim fəal şəkildə bu problemləri gündəmə gətirir, həmin şəxs Gürcüstana buraxılmır. Gürcüstanda əhalinin sayına görə ermənilər üçüncü millətdir. Məsələ ondadır ki, çoxsaylı erməni əsilli Gürcüstan vətəndaşı ölkə hakimiyyətində təmsil olunur. Onlar Nazirlər Kabinetindən tutmuş, müxtəlif güc strukturlarında təmsil olunurlar. Gürcü soyadı qəbul etmiş ermənilər çoxluq təşkil edir. Məhz həmin məmurlar Azərbaycanın milli maraqlarının gürcü ictimaiyyətinə çatdırılmasının qarşısını almaq üçün belə vəziyyət yaradırlar. Yəni hakimiyyət strukturlarında çalışan erməni əsilli məmurlar belə vəziyyət yaradırlar. Bu səbəbdən 500 nəfərədək Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb”.

Vidadi ORDAHALLI

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir