“Heydər Əliyev öz övladı kimi əlimizdən tutub “Təki sən səslə məni, Küçələrə su səpmişəm” kimi mahnılarımızı bizimlə birgə oxuyub. Həmişə hal-əhvalımızı soruşub, maraqlanıb. Ata kimi qayğı göstərib”.
Boyukmillet.com xəbər verir ki, Bu fikirləri “Report”a müsahibəsində Azərbaycan Respublikasının xalq artisti, xanəndə Gülyaz Məmmədova deyib. Xalq artistindən “Heydər Əliyev ili” çərçivəsində götürdüyümüz müsahibəni təqdim edirik:
– Gülyaz xanım, uzun müddətdir sənətdəsiniz. Bundan əvvəlki dövrü necə xatırlayırsınız? Çünki o dönəmlər efirə çıxmaq və ifaçı kimi tanınmağın heç də asan olmadığı deyilirdi.
– Ümummilli lider Heydər Əliyevlə əlaqədar demək olar ki, bir çox sənət adamlarının həmin dövrə aid xatirələri var. Uşaqlıqdan onu sadəcə televiziyalardan görüb tanıyırdıq. Lakin Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başladıqdan sonra istedadlı uşaqların Bakıya gətirilməsində böyük rol oynadı. Qərar vermişdi ki, musiqi istedadı olan uşaqların Bakıya gətirilib, burada musiqi məktəblərində təhsil almasına köməklik göstərilsin. O zaman Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı – red.) konsertlər keçirilir, həmin konsertlər sayəsində ən istedadlı uşaqlar üzə çıxarılır və inkişafı üçün şərait yaradılırdı. Bütün bunların da Heydər Əliyevin tapşırıqları əsasında baş verdiyini hər birimiz bilirdik.
– Heydər Əliyevin incəsənətə xüsusi diqqət ayırdığını bilirik. Siz bu barədə nə deyə bilərsiniz?
– Heydər Əliyev incəsənətin dostu idi. Mən incəsənət ailəsinin üzvü olduğum üçün bunu rahatlıqla deyə bilirəm. Hər dəfə konsert proqramlarında kürsüdən çıxışını dinləyərkən onun incəsənətə nə qədər yaxın olduğunu hər birimiz hiss edirdik. Onun bizlərlə rəftarı, hazırcavablığı hər dəfə bizi heyran qoyurdu. Konsertlərə gələndə səhnədə kimlərin çıxış edəcəyi, hətta hansı əsərləri səsləndirəcəyi barədə dəqiq məlumatlı olardı.
1997-ci ildə Gülyanaqla mən Azərbaycan Televiziyasında qonaq olduğumuz zaman “Heyratı” muğamını səsləndirdik. Bu çıxışımızdan qısa müddət sonra bizə dövlət tədbirində çıxış etmək üçün dəvət gəldi. Xeyli təəccübləndik, lakin bunun necə baş verdiyini heç birimiz başa düşməmişdik. Məsələni maraqlanıb öyrəndik ki, cənab Prezident bizim televiziyada səsləndirdiyimiz muğamı eşidib və bəyənib. Deyib ki, o “Heyratı” muğamını səsləndirən bacıları da tədbirə dəvət edin. Bu hadisə Heydər Əliyevin incəsənətə diqqətinin sadəcə kiçik bir nümunəsidir. Heç bir zaman yeni gördüyü sima, istedad onun diqqətindən yayına bilməzdi. Elə ondan sonra tez-tez dövlət tədbirlərində iştirak edirdik.
– Deməli, tanınmağınızda ulu öndər Heydər Əliyevin rolu olub…
– Bəli, bizim hər ikimizin tanınmağımızda onun çox böyük rolu var. Heydər Əliyev bizi “Heyratı” muğamını oxuyan zaman kəşf etməsindən sonra dövlət tədbirlərinə cəlb olunmağımız məhz onun adı ilə bağlıdır. Heydər Əliyev öz övladı kimi əlimizdən tutub “Təki sən səslə məni, Küçələrə su səpmişəm” kimi mahnılarımızı bizimlə birgə oxuyub. Həmişə hal-əhvalımızı soruşub, maraqlanıb. Ata kimi qayğı göstərib.
– Bildiyimiz qədər ulu öndər mütəmadi olaraq konsert proqramlarınızda iştirak edirdi. Onunla bağlı xatirələrinizi də eşitmək istərdik.
– Bir dəfə konsertlərin birinə hazırlıq zamanı müəllimimiz Gülyanağa Zeynəb Xanlarovanın “Bəri bax” mahnısını onun kimi ifa etməyi öyrətdi və mahnının sonunda “Şəddi-şahnaz” muğamını oxutdurdu. Gülyanaq Gülüstan Sarayında həmin mahnını yüksək səviyyədə səsləndirdi. Mahnı ilə yanaşı çox maraqlı səhnə geyimi və səhnə şousu da hazırlanmışdı. Konsertdə ulu öndər Heydər Əliyevlə yanaşı bir çox xarici qonaqlar, eyni zamanda Pakistan Prezidenti də iştirak edirdi. Gülyanağın çıxışından sonra ulu öndərin şəxsi tərcüməçisi bizə yaxınlaşdı və bildirdi ki, cənab Prezident Gülyanaq xanımı çağırır. Gülyanağı iki prezidentin yanında əyləşdirdilər və ona səhnə çıxışını çox bəyəndiklərini dedilər. Gənc bir tələbə qızcığaz üçün bu, əvəzolunmaz hədiyyə idi. Gülyanaqla xatirələrimizlə bağlı hərdən söhbət edirik və həmin həyəcanını bu gün də hiss etdiyini deyir.
– Ulu öndərin sizin qolbağınızı tapması da maraqlı hadisədir. Həmin qolbaq indi haradadır?
– Rəşid Behbudovun yubileyi idi. Xaricdən də saysız-hesabsız sənət adamları qonaq gəlmişdi. Biz Rəşid Behbudovun ifa etdiyi xalq mahnılarını səsləndirirdik. Heydər Əliyev də Rəşid Behbudov barədə geniş çıxış etdi və onun haqqında çox maraqlı söhbət açdı. Adəti üzrə konsert proqramından sonra səhnə arxasında sənətçilərlə görüş keçirdi, səmimi söhbət mühiti yaranmışdı. Birdən yaxınlaşıb yerə əyildi. Bir qədər təəccüblənib arxaya çəkildik. Ulu öndər yerdən qolbağı götürüb havada yellədi ki, bu kimindir? Bu zaman qolbağın mənim olduğunu dedim. Xeyli zarafat elədi, şəkillərimiz də çəkildi. Həmin qolbağı bu gün də saxlayıram və elə məhz bu müsahibə ilə əlaqədar yanımda gətirmişəm. Mənim üçün mənəvi dəyəri çox böyükdür.
– Ən çox hansı mahnıları sevirdi, sizdən hansı mahnıları səsləndirməyinizi xahiş edirdi?
– Daha çox “Küçələrə su səpmişəm”, “Ala gözlüm”, “Təki sən səslə məni” kimi əsərlərimizi şəxsən özünün də dəfələrlə səsləndirdiyini görmüşük. Lakin mahnıları seçməzdi, hər birini sevirdi, zövq alaraq dinləyirdi. İncəsənət vurğunu idi.
– “Bacılar” adını da ilk dəfə sizə ulu öndər verib. Sizə qədər sənət aləmində iki bacı ifaçısı olmamışdı?
– Əslində, olmuşdu, sadəcə səbəbi bir qədər fərqlidir. Hər dəfə Gülyaz hansı, Gülyanaq hansıdır deyə sual verərdi. Nədənsə bizi seçə bilmirdi. Bəzən Gülyanaz-Gülyanaq bacıları da deyirdi. Axırda bir gün dedi ki, hər dəfə adlarınızı qarışdırıram, ona görə bundan sonra sizi bacılar deyə çağıracam. Həqiqətən də ondan sonra bizi müsahibələrimizdə, səhnəyə dəvət edəndə hər kəs bacılar deyə müraciət etdi.