Yaxın dönəmdə Saakaşvilinin həbsi ilə bağlı dəyişiklikləri də görəcəyik
Gürcüstanın paytaxtı Tbilisidə “Evə, Avropaya” şüarı altında etiraz aksiyaları başlayıb. Aksiya təşkilatçıları deyiblər ki, iyunun 24-də Baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin yaradılması ilə bağlı irəli sürdükləri ultimatumun vaxtı başa çatıb. Mitinqə Gürcüstanın müxtəlif regionlarından iştirakçılar və bir sıra ali məktəblərin tələbələri də qatılıb. Aksiyanı aparıcı müxalifət partiyalarının nümayəndələri də dəstəkləyiblər.
Məlumat üçün bildirək ki, qonşu ölkədə kütləvi aksiyalar Gürcüstanın Avropa İttifaqına üzvlüyə namizəd statusu almamasından sonra keçirilməyə başlanılıb. Təşkilatçılar hesab edirlər ki, statusun verilməsi üçün Avropa Komissiyasının təqdim etdiyi 12 şərtin yerinə yetirilməsini milli razılıq hökuməti təmin edə bilər.
Qonşu ölkədə baş verən olayları “Şərq”ə dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli deyib ki, Gürcüstanda Avropaya inteqrasiya ilə bağlı müxalifətlə hökumət arasında fikir ayrılığı Avropa Birliyinin qərarından sonra kəskin hal alıb. Partiya rəsmisi bildirib ki, müxalifət Baş nazir İrakli Qaribaşvilinin istefasını, Avropa Birliyinin 12 şərtini yerinə yetirmək üçün xalqın etimadına malik “texniki hökumət”in yaradılmasını tələb edir:
“Ancaq bu tələblər yerinə yetirilmədiyi üçün küçə etirazları başlayır. Əslində Gürcüstan özünü çoxdan “Avropa dövləti” hesab edir. Baxmayaraq ki, onun coğrafi məsafəsi və Cənubi Qafqaz regionunda Rusiya, Azərbaycan, Ermənistan və Türkiyə ilə sərhəddə yerləşməsi kontinental mənsubiyyətlə bağlı suallar yaradır. Qonşu ölkənin qarışması sözsüz ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Rəsmi Tbilisi ilk gündən bu müharibədə neytral mövqe tutub ki, bu da Qərbi qane etmir. Rusiyaya qarşı tətbiq edilən sanksiyalar faktiki olaraq təsirsizdir. Bu da Avropanı narazı salır. Neft və qaz satışından daxil olan vəsaitlər günbəgün artır. Rusiya da Ukraynada geri çəkilənə oxşamır. Gürcüstan hakimiyyəti bunları nəzərə alaraq, Rusiya ilə münasibətləri gərginləşdirməyə getmir. Bu durum Qərbə xoş gəlmədiyindən Gürcüstana qarşı ögey münasibət sərgiləyir.
Vəziyyətdən yararlanmağa çalışan gürcü müxalifəti isə xalqı küçələrə çıxarır”.
S.Əsədliyə görə, Gürcüstan müxalifəti əmindir ki, ölkənin Avropa yolunda irəliləməsində ən böyük maneə “Gürcü Arzusu” Partiyasının qurucusu, milyarder Bidzina İvanişvilidir:
“Fikrimcə, proseslər hökumətin güzəştə getməsi ilə yekunlaşacaq. Yaxın dönəmdə eks prezident Mixail Saakaşvilinin həbsdə saxlanmasından tutmuş, Ukrayna müharibəsinə münasibətə qədər bir çox məsələlərdə dəyişikliyin şahidi olacağıq”.