Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən genişmiqyaslı antikorrupsiya əməliyyatı nəticəsində hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib.
Report”un Gürcüstan bürosunun məlumatına görə, bununla bağlı DTX-də keçirilən brifinqdə bildirilib ki, yeddi ayrı cinayət işi üzrə aşkar edilmiş korrupsiya faktları ilə əlaqədar ümumilikdə 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
İstintaqla müəyyən olunub ki, bir qrup həkim çağırışçıları hərbi xidmətdən yayınmağa təşviq edib və bunun üçün saxta tibbi arayışlar verib. Qanunsuz sxemdə bir sıra dövlət qulluqçularının da iştirakı aşkarlanıb.
Araşdırma zamanı məlum olub ki, təqsirləndirilən şəxslər vətəndaşlardan hərbi xidmətdən azad olunma vədi ilə 10 min lari tələb edib, ilkin olaraq isə 5 min lari alıblar. Vəd olunan “xidmət” isə göstərilməyib.
Bundan əlavə, Kareli bələdiyyəsinin meri, Hərbi Qeydiyyat və Çağırış Xidmətinin sabiq rəisi və “Bermux” MMC-nin rəhbərinin də xidməti səlahiyyətlərindən sui-istifadə edərək saxta sənədlər tərtib etdiyi, çağırışçıları qeyri-hərbi işlərə yönəltdiyi müəyyən edilib.
Faktlarla bağlı istintaq bir neçə maddə üzrə aparılır. Saxlanılan şəxsləri 3 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.
Boyukmillet.com Biz yanmasaq vətən yanar
