Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Həbsdə olan jurnalistin evini su basıb

Bakıya yağan yağışlar nəticəsində “Meydan TV işi” üzrə hazırda həbsdə olan jurnalist Fatimə Mövlamlının Binəqədi rayonu, 1-ci mədəndəki ailəsinin yaşadığı evi su basıb.

Bu barədə jurnalistin ailəsi sosial mediada paylaşım edib.

Ailə bildirir ki, rəsmi qurumlara müraciət etsələr də, hələlik maraqlanan olmayıb. 

“Bura saxta ittihamlarla, qaçaqmalçılıq ittihamı ilə şərlələnən Fatimə Mövlamlının evidir. Dünəndən bəri aidiyyatı qurumlara zəng edirik, heç bir tədbir görülmür. Qaçaqmalçının evi belə olmur. Onsuz da uçulmuş vəziyyətdə yaşayırdıq, indi isə bura ümumiyyətlə ev demək olmaz”, – deyə ailə qeyd edib.

Ailə bildirib ki, yaranmış vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə və digər aidiyyatı qurumlara müraciət etsələr də, hələlik heç bir cavab verilməyib. 

“Fövqaladə Hallar Nazirliyinə dünəndən zəng edirəm. İmkan olan kimi gələcəyik deyir. İmkan nəyə deyilir bilmədim amma”.

Fatimə Mövlamlı 2025-ci il fevralın 28-də  Meydan TV ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə istintaq başa çatıb və bu iş üzrə ittihamlar ağırlaşdırılıb.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Check Also

İrandan Azərbaycana 51 kq-dan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 51 kiloqramdan artıq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətindən  verilən məlumata …