Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Həbsdə olan sabiq deputat məhkəmədə qardaşına “şərəfsiz” dedi…

Sabiq deputat Rəfael Cəbrayılov yenidən hakim qarşısına çıxarılıb. Onun cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilir. Sonuncu prosesdə Rəfael Cəbrayılov deyib ki, iş üzrə zərərçəkən kimi tanınan adamlar əslində ona sələmlə pul vermişdilər.

Sabiq deputat zərərçəkənlərin ifadələrinə etiraz edib, onların yalan danışdığını bildirib. Zərərçəkmiş qismində Yusif Orucov, Şəhanə Məmmədova, Sənan Ağamirov, Məlahət Qurbanova ifadə veriblər.

Yusif Orucov bildirib ki, sabiq deputata 2015-ci ilin martında 100 min dollar pul verib. Bu pulun 15 mini geri qaytarılıb.

Rəfael Cəbrayılov isə bildirib ki, Yusif Orucov bu pulu ona aylıq 2,5 faizlə sələmə vermişdi. 15 min dollar da sələm olaraq ona ödənib. Ana məbləğin nə vaxt qaytarılması isə əvvəldən müəyyənləşdirilməyib.
Zərərçəkmiş Şəfanə Məmmədova bildirib ki, Rəfael Cəbrayılova 50 min dollar verib: “Demişdi ki, binanın liftini qoymaq üçün pul lazımdı. Sonra binanın mansard hissəsini satıb, üstündə 10 min də artıq qaytaracaqdı”.

Zərərçəkmiş Sənan Ağamirov isə bildirib ki, 30 min bir, 15 min də bir olmaqla, ümumilikdə sabiq deputata 45 min dollar verib. Bu pulun 12 min dollarını geri ala bilməyib: “Məndən borc istəmişdi. Hissə-hissə qaytardı, qalanı qaldı”.

Təqsirləndirilən keçmiş deputat onun dediklərinə etiraz edib: “Sənin pulunu artıqlamasıyla qaytarmışam”.

Lombard sahibi, “Məlahət” MMC-nin rəhbəri Məlahət Qurbanova ifadəsində bildirib ki, keçmiş deputata 420 min manat və 80 min dollar pul verib: “Bu, ümumilikdə 561 min manat eləyir. Bir müddət faizlərini ödədi, sonra dayandı. Dedi ki, verməyəcəm. Şikayət edəcəyimi eşidəndə, borcu qaytaracağına söz verdi. 561 min manatın əvəzində 180 min manatlıq borc müqaviləsi bağladıq. Borcun 169 min manatını qaytardı. Əvəzində ümumi sahəsi 450 kvadrat metr olan üç qeyri-yaşayış sahəsi və dörd mənzil vermişdi. Amma mənzilləri əldə edə bilmədim. Çünki o mənzillər başqasına da satılmışdı”.

Rəfael Cəbrayılov bildirib ki, mənzillərin sənədlərini ona vermişdi. Əgər həmin əmlaklar sonradan kiməsə satılıbsa, bu məsələnin ona aidiyyəti yoxdur: “Verdiyim əmlaklar borcumu artıqlamasıyla ödəyir”.

Qeyd edək ki, ötən proseslərdə Rafael Cəbrayılov bəzi epizodlar üzrə qardaşı Elşən Cəbrayılovu ittiham edib. Hətta sabiq deputat qardaşını “şərəfsiz” adlandırıb. Rafael Cəbrayılov istintaqdakı ifadəsində də göstərib ki, bina tikintisinə və mənzillərin satışına qardaşı Elşən Cəbrayılov nəzarət edib.
Sabiq deputat ifadəsində qeyd edib ki, 2000-ci ildə prokurorluq orqanında işlədiyi üçün kommersiya fəaliyyəti ilə məşğul ola bilməyib. Ona görə də qardaşı Elşən Cəbrayılovun adına “Dərhal” MMC təsis edib. MMC Bakıda bina tikintisi ilə məşğul olub. İlk iş olaraq da “Şərq Bazarı”nın yanında bina inşa ediblər.

Daha sonra Yasamal rayonu ərazisində bina tikiblər. 2007-ci ildə deputat olduğunu deyən Rafael Cəbrayılov söyləyib ki, həmin ildən Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” layihəsi kimi 12 çoxmərtəbəli bina tikməyə başlayıblar.

R.Cəbrayılov söyləyib ki, binaların sayı sonradan 23-ə çatdırılıb. Layihə üçün pullar “Azəriqazbank”dan götürülüb və tam ödənilib.

Qeyd edək ki, bu adıçəkilən bank sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın dostu olan keçmiş deputat Çingiz Əsədullayevindir.

Rafael Cəbrayılov ifadəsində göstərib ki, tikintiyə və satışa qardaşı Elşən Cəbrayılov nəzarət edib.
Yaranan borclardan danışan R.Cəbrayılov deyib ki, binaların inşası üçün dostlarından dəfələrlə borc pul alıb. Bəzən isə faizə də pul götürüb.

Məlumata görə, cinayət işində ümumilikdə 11 nəfər zərərçəkmiş var. Sabiq deputatın həmin şəxslərə ümumilikdə 2 milyon 571 min manat borcu yaranıb.

Zərərçəkənlər arasında “Şərur-İnşaat” tikinti şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov da var. İ.Axundov bildirib ki, keçmiş deputat ondan 200 min manat pul alıb. İş adamının sözlərinə görə, Rəfael Cəbrayılov ona deyib ki, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla şərikli inşaat biznesi ilə məşğul olur.

İş üzrə zərərçəkənlərdən Məlahət Qurbanova Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovla mülk davası, jurnalistlərlə məhkəmə çəkişmələri ilə medianın gündəmində olub.
Başqa bir zərərçəkmiş – həkim stomatoloq Sülhiyyə Məmmədovadır. O, “Dərhal” MMC-nin inşa etdiyi 5 mərtəbəli binalardan birindən 150 min manat dəyərində qeyri-yaşayış sahəsi almaq istəyib. Bu məqsədlə deputata və qardaşlarına pul versə də nə əmlak ala bilib, nə də pulunu geri qaytara bilib. Bu səbəbdən də Rəfael Cəbrayılovdan şikayətçi olub.

Qeyd edək ki, Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

Günahı sübuta yetirilərsə, onu 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.

Check Also

İmran Əliyev səhhətindəki problemlərə görə aclığı dayandırıb

“Aclıq sağlıq durumunu daha da pisləşdirib” Həbsdə olan ictimai fəallardan “meclis.info” saytının rəhbəri, 7 aydır …