Şikayətçilər: “Fərhad Nağıyev saxta sənədlərlə Badamdarı ələ keçirir”
Əvvəllər hərbi prokurorluq orqanlarında çalışmış və işdə yol verdiyi nöqsanlara görə, oradan uzaqlaşdırılmış Nağıyev Fərhad Məzahim oğlu barədə redaksiyamıza sensasiya doğuracaq məlumatlar daxil olub. Hazırda rəsmən biznes fəaliyyəti ilə məşğul olan, paytaxt Bakının ən bahalı ərazilərindən sayılan Badamdar qəsəbəsində çoxmərtəbəli bir neçə mülkə sahib olan Fərhad Nağıyev rəsmi sənədləri saxtalaşdıraraq vətəndaşların torpaq və tikililərini ələ keçirməkdə ittiham olunur. Bu barədə dəfələlərlə kütləvi informasiya vasitələrində yazılar dərc olunub, həmçinin vətəndaşların şikayəti əsasında polis orqanları tərəfindən araşdırmalar aparılıb və çoxsayda məhkəmə prosesi keçirilib. Lakin son nəticədə Fərhad Nağıyev sudan quru çıxmağı bacarıb.
Diqqətli oxucularımız xatırlayırlar ki, AzNews.az ötən həftə Fərhad Nağıyevlə bağlı vətəndaş şikayətləri əsasında məqalə yayımlamışdı. https://www.aznews.az/news/society/238646.html?fbclid=IwAR3kskEmW98zdeUSkv0kl-Kif7pWyJylGibu7dTeCV29KAQSY4It0ULyHRY linkə daxil olaraq məqaləni bir daha oxuya bilərsiniz.
Həmin şikayət məktublarına istinad edərək mövzunu davam etdiririk:
Badamdar qəsəbə sakini Nağıyev Fərhad Məzahim oğlu (əvvəllər hərbi prokurorluqda işləyib və bəd əməllərinə görə oradan qovulub) 2000-ci ildə xüsusi dəstə yaradaraq bu günə kimi dövlətin və vətəndaşların torpaq sahələrini saxta sənədlərlə zəbt edərək satmaqla məşğuldur. Bu pullar hesabına Nağıyev Fərhad Məzahim oğlu Badamdarda 3-4 mərtəbədən ibarət bir neçə obyektin sahibidir.
F.Nağıyev Badamdar qəsəbəsində hər hansı bir şəxs torpaq alıb iş görməyə başladıqda əlində İcra Hakimiyyətinin köhnədən olan, yəni, 20 il öncəyə aid bir sərəncam gətirir. Əlbir olduğu şəxslər vasitəsi ilə Bakı Arxiv İdarəsində qeydiyyata salınan həmin sərəncamı və 6-7 il sonra tərtib edilmiş arxiv kökü olmayan torpağın plan-çizgisini təqdim edərək bildirir ki, torpaq sahəsi ilə bağlı məhkəmənin qərarı var. Həmin qərarla Əmək Komitəsi tərəfindən verilmiş sənədlər ləğv olunub. O, torpağı ələ keçirib burada yeni bir obyekt tikdirir və ya baha qiymətə satıb gəlir əldə edir. Bu dəstəyə Badamdar qəsəbəsinin sabiq nümayəndəsi Həsən Qasımzadə, həmin nümayəndəliyin Elçin adlı mühəndisi, alqı-satqı işləri ilə məşğul olan Həsənov Mehman Əliağa oğlu və digərləri daxildirlər. Onların əlində sərəncam blankları, 2005-ci ildə ləğv edilmiş qeydiyyat ştampı və möhür nümunələri vardır. Bu günə kimi bu mütəşəkkil dəstə onlarla vətəndaşın hasar içərisində olan torpaq sahələrini xəbərləri olmadan özəlləşdirib və satıb. Torpaq sahibləri xəbərdar olduqdan sonra dəfələrlə hüquq mühafizə orqanlarına müraciət etmələrinə baxmayaraq, onların güclü himayədarlarının səyləri nəticəsində ədaləti bərpa etmək mümkün olmayıb. Əgər hüquq mühafizə orqanlarında və məhkəmələrdəki son 10 ildəki şikayətlərə nəzər salınsa, bu iki şəxs haqqında çox sayda faktlar olması, müxtəlif bəhanələrlə məsuliyyətdən yayınmaları bəlli olar”.
Şikayət məktubunda başqa adlar da çəkilir:
“Məcburi köçkün Quliyeva Ələmzar Məhəmməd qızına 200 manat verilib və ondan etibarnamə alınıb. Digər sənədlər isə onun adına saxtalaşdırılıb. Məhkəmə ekspertizası tərəfindən ştampın, möhürün və imzanın onun adına olan sənəddə saxta olduğu haqda rəy verməsinə baxmayaraq , Ali Məhkəmə hakimləri birinci və apeliyasiya məhkəmələrinin qərarlarını ləğv edərək torpağın gerçək sahibi Həsənova Saranın iddiasını rədd ediblər.
Badamdar qəsəbəsi 3-cü massivdə çoxsaylı ailə tərkibi olan və maddi cəhətdən çox imkansız olan Lalayev Şirvanın 600 kv.m torpaq sahəsi vardı. Həmin torpaq sahəsində ailəsi üçün ev tikmişdi. Lalayev öz sənədlərini Fərhada verərək xahiş etmişdi ki, ona çıxarış almaqda köməklik etsin. Fərhad bir müddətdən sonra sənədləri qaytararaq ona işin düzəlmədiyini bildirib. O, sonradan Eyyubov Kazım adlı bir nəfərə 200 manat verərək ondan və yoldaşından baş etibarnamə alaraq, həmin torpaq sahəsinə məhkəmə qərarı ilə çıxarış alıb və həmin sənədləri L. Şirvana göstərərək torpaq sahəsinin üstündə tikilmiş yaşayış evini söküb oranı tərk etməsini tələb edib. Lalayev məhkəməyə müraciət etməsinə baxmayaraq, həmişəki kimi qərar Fərhadın xeyrinə olub.
Təsəvvür edin ki, 24 sentyabr 2004-cü ildə torpaq sahəsinin yerləşmə çizgi arayışı təsdiq edilib. Həmin arayışı guya Səbail Rayon İH-nin başçısının müavini Bəxtiyar Tağıyev imzalayıb. Lakin o, bu vəzifəyə 2006-cı ildə təyin edilib. Bu barədə əmrin sürətləri məhkəmə sənədlərində olmasına baxmayaraq, hakim həmin sənədlə əlaqədar heç bir araşdırma aparmayıb və bilərəkdən qeyri-qanuni məhkəmə qərarı qəbul edib. Əli hər yerdən üzülmüş Lalayev 54 min borc pul toplayıb Fərhada verərək canını qurtarıb. Hal-hazırda imkanı olmadığından aldığı borcları qaytara bilmir. Fərhad məhkəmə qərarı ilə Həsənova Saranın torpaq sahəsinin iki sotunu zəbt etməklə kifayətlənməyərək qalan 4 sota da məcburi köçkün olan Əlimərdanova Nazilə Fərhad qızının adına tam saxta sənəd tərtib edərək Bakı Ərazi İdarəsinə təqdim edib. Həmin sənədin doğruluğunun yoxlanılması barədə müvafiq orqanlara müraciətlər də cavabsız qalıb. Fərhad məsuliyyət daşımayacağına əmin olduğundan bələdiyyə tərəfindən verilmiş və çıxarışı olan torpaq sahəsini də məhkəmə qərarı ilə mənimsəməyə çalışır. Nağıyevə etibarnamə vermiş Mahmudova Aygün (Fərhadın dayısı oğlunun yoldaşı) Bakı şəhərində yaşamayıb və Cəlilabad rayonunun sakinidir. Ona Səbail rayon İHB-nın sərəncamı ilə torpaq sahəsi verilə bilməzdi. Torpaq sahəsinin bələdiyyəyə aid olması barədə ekspert rəyi də var. Biz Fərhadın sənədlərinin saxta olduğunu dəfələrlə hakimə bildirərək ondan həmin sərəncamı və cizgi arayışını məhkəmə ekspertizasına göndərilməsi barədə vəsadət verməyimizə baxmayaraq, qanuni tələbimizə əməl olunmadı.
Eyni vəziyyət Cəbrayıl rayon köçkünü ı olan əməkdar müəllim, məktəb direktoru İmanov Ramiz Əyyub oğlu ilə də yaşanıb. 1 sentyabr 2005-ci ildə Səbail rayon bələdiyyəsinin 114 saylı qərarı ilə ona verilmiş 600 kv.m. torpaq sahəsini hasara alaraq abadlaşdırmış və hər il bələdiyyəyə torpaq vergisi vermişdir. Fərhad onların xəbəri olmadan saxta sənədlərlə onun torpaq sahəsini Rüstəmov Mehman Camal oğlunun adına çıxarış alıb və Əliyev Səfura Qurban qızına satıb. Mehman Rüstəmov bildirib ki, o, heç vaxt Səbail RİH-ə torpaq almaq məqsədi ilə müraciət etməyib. O, sadəcə Fərhada baş etibarnamə verib. Bu işlə bağlı Səbail polis idarəsinə müaricət edilib. İşə baxan həmin idarəinin istintaq şöbəsinin müstəntiqi Orxan Əkbərov heç bir ciddi araşdırma aparmadan, saxta sənədlərin yoxlanılması məqsədi ilə həmin sənədlərin məhkəmə ekspertizasına göndərilməsi barədə iddiaçının tələblərinə məhəl qoymayaraq cinayət işinin başlanmasına imkan verməyib.
Bundan başqa, Fərhad Nağıyev Əli adlı iş adamına 340 min manata torpaq sahəsi satıb və onlar həmin yerdə bünövrə qazaraq bina tikmək istəyiblər. Fərhad həmin yerə başqa saxta sənəd hazırlayaraq onlardan əlavə pul almağa çalışdığından həmin məsələ ilə polisə müraciət edilib.
Şikayətçilərin araşdırmalarına görə, təkcə 2015-2018-ci illərdə Fərhad Nağıyev ayrı-ayrı vətəndaşlardan 50-dən çox baş etibarnamə alıb:
“Etibarnamələrin sürətləri bizdə var. Həmin etibarnamələri və bizdə olan digər sənəd və sübutları istintaq orqanlarına təqdim edə bilərik. Onlar 2000-2014-cü illərdə vətəndaşlardan daha çox etibarnamələr götürüblər. Həmin etibarnamələr arxivdən tələb olunub götürülərsə, onların sayı yüzdən çox ola bilər”.Paylaş