Boyukmillet.com APA-ya istinadən xəbər verir ki, Zakir Qaralov bu gün Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində qeyd edib ki, hesabat dövründə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyri-aşkar şəraitdə törədilmiş bir sıra xüsusilə ağır cinayət hadisələrinin, o cümlədən qəsdən adam öldürmə cinayətlərinin cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq keyfiyyətli istintaq edilməsi, cinayət törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələri, eyni zamanda böyük ictimai rezonansa səbəb olmuş bəzi cinayət hadisələri üzrə başlanmış cinayət işlərindən 26 şəxs barəsində 18 iş üzrə yüksək peşəkarlıqla istintaqının yekunlaşdırılaraq məhkəmələrə göndərilib: “Belə ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı 250 epizod üzrə aparılmış kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 2005-2015-ci illər ərzində nazirliyin əməkdaşlarından ibarət yaradılmış mütəşəkkil dəstənin üzvlərindən Akif Çovdarov, Sübahir Qurbanov və qeyrilərinin, cəmi 19 şəxs barəsində 7 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib”.

Baş prokuror bildirib ki, vurulmuş 41 milyon 512 min manat məbləğində ziyanın ödətdirilməsinin təmin olunması məqsədi ilə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 56 milyon manat dəyərində əmlak üzərinə məhkəmənin qərarı ilə həbs qoyulub.

Hazırda cinayət işinin digər epizodları, o cümlədən barələrində axtarış elan olunmuş şəxslərin cinayət əməlləri barədə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Z. Qaralov həmçinin qeyd edib ki, mütəşəkkil dəstə tərkibində Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə və ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsində təqsirləndirilən bir neçə dövlətin vətəndaşlığını daşıyan Aleksandr Lapşinin barəsində olan cinayət işi üzrə istintaq yekunlaşaraq aidiyyəti üzrə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmiş və məhkəmə tərəfindən müvafiq ittiham hökmü çıxarılıb.